Accessibility links

Bloq: Florida paradoksu


Florida deyəndə bir çoxlarının təsəvvürünə tropik cənnət, kurort zonası gəlir. Birləşmiş Ştatların özündə çoxları üçün cənub ştatının dümağ qumlu çimərlikləri, Mayami, Disneyland istirahət sözü ilə sanki sinonim təşkil edir. Kollecdə oxuyarkən ilk yaz tətilimizdə üz tutacağımız məkan heç kəsdə şübhə doğurmurdu – Florida!

Lakin bu günlərdə qüdrətli İrma qasırğası ştat ərazisinə doğru hərəkət etdikcə, çoxları “Gəzməyə Florida, yaşamağa başqa ştat yaxşı” kəlamının idrakını xatırlamağa başladı. Əslində isə, Maykl Qrunvaldın Politico qəzetində yazdığına görə, Florida ştatının nadinc reputasiyası onun ABŞ tərəfindən ilhaq edilməsinin ən ilk illərinə təsadüf edir.

“İyrənc”, “xarabazar”, “iblis xislətli”, “Allahın unutduğu yer” – bunlar 1830-cu illərdə ştata ilk qədəm qoyan ağdərli amerikalıların Florida haqda yazdığı məktublarda gözə dəyən kəlmələrdir.

South Beach Miami-nin 1928-ci ildə görüntüsü. 20-ci əsrin ortalarınadək Florida əhalisi çox seyrək idi.
South Beach Miami-nin 1928-ci ildə görüntüsü. 20-ci əsrin ortalarınadək Florida əhalisi çox seyrək idi.

“Florida iki adamın üstündə vuruşduğu ən səfalətli yerdir,” bir ordu cərrahı yazırdı. “Bura dünyanın bütün xəstəlikləri ilə dolu bir çöllü-biyabandır.” Cərrah həmin məkanı “qızmar temperaturlu və bütün cizgiləri insanda hiddət doğuran bataqlıq” kimi təsvir edirdi.

Floridada ABŞ qüvvələrinə komandanlıq etmiş gələcək prezident Zachary Taylor deyərdi ki, o, Floridanın bir kvadrat kilometrini Miçiqan yaxud Ohayo ştatlarının bir qarışına dəyişməz. Taylorun rəhbərliyi altında xidmət edən ABŞ əsgərləri ümumiyyətlə hökumətlərinin burada nə gördüyünü anlamır və hesab edirdilər ki, ərazini yerli hinduların öhdəsinə buraxmaq daha ağıllı seçim olardı.

1900-cü illərədək Floridada olduqca az adam yaşayırdı. ABŞ-ın öz əhalisi bir tərəfə, hətta ölkəyə axışan mühacirlər də bu ştata üz tutmağa heç bir əsas görmürdülər. Bu günlər Floridanın tacı sayılan Mayami şəhəri haqda təşəkkül tapdığı 1896-cı ildən az sonra gəlmiş müsafirin qənaəti təqribən belə olmuşdu: “Əgər mən cəhənnəm və Mayamiyə sahib olsaydım, Mayamani kirayəyə verib, cəhənnəmdə yaşayardım.”

Ştatın təbii bataqlıq relyefi onu yaşam üçün əlverişsiz etsə də, ABŞ mühəndislərinin nəhəng səyləri sayəsində Florida əhali baxımdan ölkənin üçüncü ən iri ştatına çevrilib.
Ştatın təbii bataqlıq relyefi onu yaşam üçün əlverişsiz etsə də, ABŞ mühəndislərinin nəhəng səyləri sayəsində Florida əhali baxımdan ölkənin üçüncü ən iri ştatına çevrilib.

XX əsrin əvvəllərində Florida haqda təsəvvürlər dəyişməyə başladı. Qrunvaldın yazdığına görə, amerikialılar dərk etməyə başladılar ki, əgər cənubi Floridanın bataqlıq sularını qurutmağa nail olsalar, bu ərazidə böyük potensial var. Uzaqgörən qubernator Napoleon Brouard anlayırdı ki, əgər Floridada kənd təsərrüfatı inkişaf etirmrək mümkün olsa onda bu ştat öz subtropik və tropik iqliminə görə Amerikanın qışda meyvə-tərəvəz zənbilinə çevrilə bilər.

Bu arada Standard Oil şirkətinin baronu Henry Flagler Amerikanın şərq sahili boyunca şimaldan Floridaya dəmiryol inşasına start verdi. Məqsəd Palm Beach, Fort Lauderdale, Mayami şəhərlərini turist zonalarına çevirmək idi.

1920-ci illərin korporativ səyləri nəticəsində Floridaya axın elə bir tikinti bumu yaratdı ki, ştatın əmlak bazarı “holland azarına” düçar oldu. Deyilənə görə, yaxşı gündə istedadlı makler bir günün içərisində evi alıb üçqat qiymətinə sata bilərdi.

Florida ştatında alliqatorlar tez-tez özəl evlərin həyətlərindən, hovuzlarından tapılır.
Florida ştatında alliqatorlar tez-tez özəl evlərin həyətlərindən, hovuzlarından tapılır.

1926-cı ildə Miami Herald qəzeti öz oxuclarına qasırğalardan narahat olmamağı tövsiyə etdikdən bir neçə həftə sonra 4-cü kateqoriyalı qasırğa Mayamini yerlə-yeksan edərək 400 adamın həyatına son qoydu. İki il sonra eyni gücdə başqa bir qasırğa Okiçi Gölünü daşırdaraq 2,500 adamın ölümünə bais oldu. Bu, ABŞ tarixində ikinci ən ölümcül təbii fəlakət idi. Sanki təbiət amerikalılara Florida haqda ilkin təssüratlarını xatırlatmağa və bu tərəflərin yaşamalı yer olmadığına inandırmağa çalışırdı.

Konqres qarşısında ifadə verən ştatın baş prokuroru Florida ilə Amerikanın yerdə qalan hissəsi arasında divar tikilməsini eyham vururdu ki, qoy insanlar öz təhlükəsizlikləri naminə burada məskunlaşmasınlar.

ABŞ-ın dünyada ən iri ucuz portağal ixracatçısı olmasında Florida ştatının önəmli rolu var.
ABŞ-ın dünyada ən iri ucuz portağal ixracatçısı olmasında Florida ştatının önəmli rolu var.

“Heç kəs divar çəkmədi. Ancaq Amerika nəhayət ki, bataqlığı qurutmağı özünə qət etdi,” Qrunvald yazır. “Millətin ana təbiətə qarşı müharibəsində şok əsgərləri sayılan Ordu Mühəndisləri Korpusu dünyanın ən mürəkkəb su idarəçilik sistemi quraraq Florida sahilləri boyunca 3,000 kilometr uzunluğunda bəndlər və kanallar inşa etdilər.” Bəzi hallarda mühəndislər mühərrikləri atom sualtı qayıqlarından çıxararaq buradakı nəhəng layihələrdə istifadə edirdilər.

Məqsəd Cənubi Floridanı qurutmaq, kənd təsərrüfatı və yaşam üçün normal əraziyə çevirmək idisə, buna nail olundu. Bir vaxtlar heç nəyə yararsız iri bataqlıq ərazilər şəkər çuğunduru tarlaları, ucsuz-bucaqsız portağal fermaları ilə əvəzləndi. İkinci Dünya Müharibəsindən öncə əhalisinin sayına görə 27-ci yerdə qərar tutan ştat, Amerikanın üçüncü ən çox əhalisi olan ştatına çevrildi.

“Amma Ana Təbiət bərk qəzəblidir,” Qrunvald yazır. Müəllifin sözlərinə görə, əsas problem su problemidir. Bataqlıqların qurudulması nəticəsində ştatın təbii balansı pozulmuş və ərazidə periodik quraqlıqlar istər ekoloji, istərsə də iqtisadi müstəvidə problemlər yaratmağa başlamışdır.

Floridanın günəşli çimərlikləri hər il bu ştata milyonlarla turist cəlb edir.
Floridanın günəşli çimərlikləri hər il bu ştata milyonlarla turist cəlb edir.

“Fundamental problem budur ki, Cənubi Florida süni sivilizasiyadır – elə bir sivilizasiya ki, kondisionerlərlə, təkmilləşmiş mühəndis əməliyyatları ilə sakinləri təbii landşaftın effektlərindən təcrid edib,” Qrunvald yazır. “Biz həyətimizdə alliqator görəndə heyvanlara nəzarət bürosuna zəng edib onlardan imdad diləyirik, halbuki alliqator bizim ərazimizə yox, biz onun ərazisinə soxulmuşuq.”

Güman etmək olmaz ki, İrma və ya hər hansı bir başqa təbii fəlakət yaxın vaxtlarda Florida sakinlərini bu ərazini təbiətə təslim etməyə inandıracaq. Floridada təbii baryerlərə qarşı quraşdırılmış mühafizə bəndləri ola bilsin dünyanın yaxud Amerikanın bir çox başqa guşələrində olduğundan daha ifrat formalar alsın. Amma müəyyən mənada Florida bir vaxtlar bütöv ərazisinin çollü biyabanlıq kimi təsvir edildiyi Amerikanın bir rəmzidir. Təbiətə qarşı çarpışma, onun bəşər yaşamına uyğunlaşdırılması uğrunda cərəyan edən mücadilədə əsas vasitə yüksək texnologiya və yeni ixtiralardır ki, bu da Amerika təcrübəsinin ən bariz bir xüsusiyyəti kimi səciyyələndirilə bilər.

XS
SM
MD
LG