Accessibility links

Floridada binanın çökməsi nəticəsində ölənlərin sayı 16-ya çatıb


Xilasetmə işçiləri Floridanın Sörfsayd (Surfside) ərazisindəki yaşayış binasının bir hissəsinin çökməsi nəticəsində artıq 16 nəfərin öldüyünü təsdiq ediblər.

Mayami-Deyd mahalının meri Daniella Levin Kava çərşənbə axşamı müxbirlərə bildirib ki, axtarış komandaları “irəliləyiş əldə etməkdə davam edir,” amma 140-dan çox insan hələ də itkin hesab olunur.

136 mənzilli Champlain Towers South binasının 12 mərtəbəsinin demək olar yarısı ötən cümə axşamı çöküb. Xilasedicilər o zamandan bəri kranlardan, infraqırmızı skannerlərdən və itlərdən istifadə edərək dağıntılar altında axtarış aparırlar.

Levin Kava deyib ki, xilasetmə komandaları “özlərini təhlükəyə ataraq cəsur və çox çox çətin işi” davam etdirirlər.

“Onlar təxminən altı gündür dayanmadan işləyirlər,” o deyib.

ABŞ Prezidenti Co Bayden və birinci ledi Cill Bayden cümə axşamı Sörfsayda getməyi planlaşdırır.

Ağ Evin mətbuat katibi Cen Psaki müxbirlərə bildirib ki, Baydenlər “saatbaşı yorulmadan işləyənlərə” təşəkkür etmək və sevdikləri barədə xəbər almağı gözləmək kimi çətin prosesi yaşayan ailələrlə görüşmək istəyirlər. Psaki deyib ki, prezident, həmçinin onlarda lazımi resursların olduğundan əmin olmaq üçün ştat və yerli rəsmilərlə görüşəcək.

Levin Kava çərşənbə axşamı yaydığı bəyanatda prezidentin gözlənilən ziyarətini və federal və ştat agentliklərinin Florida tarixindəki “ən böyük, qasırğa ilə əlaqəli olmayan fövqəladə əməliyyata” yardım etmək səylərini alqışlayıb.

Mayami-Deydin Fövqəladə Vəziyyətin İdarəsinin direktoru Çarlz Kiril çərşənbə axşamı müxbirlərə deyib ki, dağıntılarda 50-dən çox idarə, o cümlədən 900-dən çox insan iş aparır.

XS
SM
MD
LG