Bazar günü üç nəfər qanqsterin Floridanın Mayami şəhərində konsert zalının önündə toplaşan izdihama atəş açaraq iki nəfəri öldürüb, 20 nəfəri yaralayıb.
Silahlı hücum Mayami Qardens yaxınlığında bilyard salonunda baş verib.
Həmin zaman salonda “daha öncə planlaşdırılan tədbir keçirilirdi və bir neçə müştəri bayırda dayanmışdı,” Mayami-Deyd Polis İdarəsi açıqlamasında bildirib.
“Nissan Pathfinder SUV hadisə yerinə yaxınlaşıb, üç şəxs maşından çıxıb və izdihama atəş açmağa başlayıb,” açıqlamada qeyd olunub.
Daha sonra həmin üç nəfər maşına minərək, hadisə yerindən qaçıb.
Təcili tibbi yardım gəldiyində iki nəfərin öldüyünü müəyən edib.
Azı 20 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti kritikdir.
Polis idarəsinin sədri Alfredo “Freddi” Ramirez III “hədəfli və qorxaq silahlı zorakılığı” qınayıb.
“Bunlar heç bir fərq qoymadan izdihama atəşaçan soyuq qanlı qatillərdir və biz onları məsuliyyətə cəlb edəcəyik,” o deyib.
Birləşmiş Ştatların uzun və ağrılı ölümcül sihal zorakılığı tarixçəsi mövcuddur. ABŞ-da hər gün silah zorakılığı baş verir, bundan əlavə isə məktəblər, iş yerləri və alış-veriş mərkəzlərinin hədəf alındığı kütləvi qırğınlar da baş verir.
Son illərdə ölkədə qətllərin, xüsusilə də silahlı qətllərin sayı artıb.
Son aylarda baş verən kütləvi silahlı hücumlar İndianapolis şəhərində FedEx təsisində, Kaliforniyada ofis binasında, Koloradoda marketdə və Antlantada bir neçə spa mərkəzində baş verib.
Prezident Co Bayden ötən ay ABŞ-da silah zorakılığını “epidemiya” və “beynəlxalq xəcalət” adlandırıb.
Silah Zorakılığı Arxivinin məlumatına görə, ötən il Birləşmiş Ştatlarda intihar daxil olmaqla silahdan 43 000 insan ölüb.