Accessibility links

Foreign Policy ‘Gəncə keçidi’nin Qərb üçün əhəmiyyətindən yazır


“Asiya və Avropa arasında enerji və ticarətin quru ilə axını üçün yalnız üç yol var: İran, Rusiya və Azərbaycan ərazisi. Qərbin Rusiya və Tehranla bərbad münasibətləri nəzərə alınarsa, yüz milyardlarla dollarlıq ticarətə yalnız bir real marşrut qalır: Xəzərin sahilində yerləşən balaca Azərbaycan”.

Foreign Policy dərgisinin saytındakı məqalə elə belə də adlanır: “Azərbaycan Qərbə niyə lazımdır?”

Məqalədə deyilir ki, hələ bura Ermənistanın Azərbaycanın beşdə birini işğal etməsi faktoru da əlavə olunarsa, ticarət üçün qalan “nəfəsliyin” eninin yüzcə kilometrlik bir keçid olduğu anlaşılar.

BÜTÜN XƏTLƏR BURADAN KEÇİR

Müəlliflər - Heritage Fondunun Douglas and Sarah Allison Xarici Siyasət Mərkəzinin direktoru Lük Koffi (Luke Coffey) və Vaşinqtondakı Xəzər Siyasəti Mərkəzinin başçısı Əfqan Niftiyev (Efgan Nifti​) yazırlar ki, buranı Azərbaycanın ikinci böyük şəhəri Gəncənin yaxınlığında olduğuna görə “Gəncə keçidi” də adlandırırlar. Onlar əlavə edirlər ki, Rusiya Azərbaycanın müharibə şəraitində olduğu Ermənistan üzərində Dağlıq Qarabağ münaqişəsini yenidən alovlandıra biləcək qədər təsirə malikdir. Bu isə öz növbəsində həmin bu “keçidi” təhlükə altında qoya bilər.

Şimali Axını layihəsinin inşası
Şimali Axını layihəsinin inşası

Məqalədə deyilir ki, Vaşinqton Avropanın Rusiya neft və qazından asılılığının azalmasını istəyir. Bu özəlliklə indi, Rusiyanın Almaniyaya “Şimal Axını – 2” kəmər layihəsini reallaşdırmaq istədiyi bir vaxtda xüsusilə əhəmiyyətlidir. Avropanın qaza ehtiyacının 40 faizini Rusiya ödəyir. Başqa sözlə, Avropa Rusiyadan ildə 200 milyard kubmetr qaz idxal edir.

“Rusiya özünün enerji ehtiyatlarından təcavüz silahlı kimi istifadə edir və buna görə də Azərbaycan, Qazaxıstan və Türkmənistandan alınan hər kubmetr qaz Avropanı Rusiyadan daha az asılı edir, müəlliflər yazır.

Məqalədə xatırladılır ki, Rusiya və İrandan yan keçərək Avropaya gələn kəmərlərin üçü də “Gəncə keçidindən” keçir.

Reallaşdırılmaqda olan həyati əhəmiyyətli Cənub Qaz Dəhlizi də Gəncə keçidindən keçməlidir. Bu enerji dəhlizi hazırda 100 faiz Rusiya kəmərlərindən asılı olan cənub-şərqi Avropa üçün hədiyyə olardı.

Məqalədə deyilir ki, Gəncə keçidindən təkcə neft və qaz yox, həm də Qərbi Avropanı Xəzər regionuna birləşdirən optik lifli kabellər keçir. Avropanın ən uzun avtomobil magistralı - E60 da Gəncədən keçir. Bu magistral Fransanın Atlantik sahilindəki Brest şəhərini Qırğızıstanın Çin sərhədindəki İrkestam şəhəri ilə birləşdirir. Avropanı Cənubi Qafqazla birləşdirəcək Bakı-Tbilisi-Qars dəmiryolu da Gəncədən keçməlidir. Bütün bunlar potensial baxımdan həyati əhəmiyyətli kanallardır.

Əfqanıstana göndərilən Azərbaycan hərbçiləri
Əfqanıstana göndərilən Azərbaycan hərbçiləri

Məqalədə bu da qeyd olunur ki, Əfqanıstanda aparılan hərbi kampaniya da Gəncə keçidinin əhəmiyyətini üzə çıxarıb. Əfqanıstan müharibəsinin qızğın vaxtında ABŞ-ın qeyri-döyüş təchizatının üçdə biri ya quru, ya da hava ilə Gəncə üzərindən olub.

KEÇİD GENİŞLƏNDİRİLSƏ...

Müəlliflər yazırlar ki, Gəncə keçidinin genişləndirilməsi Vaşinqtonun Moskvadan və İslamabaddan asılılığını ləğv edərdi. Bu isə o deməkdir ki, Moskva Qərbin Gəncə keçidindən istifadəsini çətinləşdirməkdən ötrü əlindən gələni edə bilər. Moskva bilir ki, Dağlıq Qarabağ münaqişəsinin alovlanması və hər hansı böyük zorakılığın törəməsi bu dəhlizdən keçən kəmərlərin həyatiliyini təhlükə altında qoyacaq.

Məqalədə Qərbin Ermənistan üzərində çox məhdud təsirə malik olduğu qeyd edilir. Bu ölkədə xalq etirazları Serj Sarkisyanı devirsə də, hakimiyyətə müxalifətçi Nikol Paşinyan gəlsə də, Ermənistan iqtisadiyyatı və onun təhlükəsizlik aparatı Rusiyanın nəzarətində qalacaq. Üstəlik, müəlliflərin fikrincə, Ermənistandakı son hadisələr Gürcüstandakı və ya Ukraynadakı kimi heç də rəngli inqilab deyildi.

“Moskvanın Yerevanla bağlarının möhkəmliyi Birləşmiş Ştatları və Avropa Birliyini Bakı ilə münasibətlərə öncəlik verməyə sövq edir, yazan müəlliflər bunu da qeyd edirlər ki, Ermənistan Qərb üçün tamamilə faydasızdır, Azərbaycan “özünün bütün qüsurları ilə” daha mühümdür.

Buna görə də ABŞ-ın 2017-ci il üçün Milli Təhlükəsizlik Strategiyası adlı sənədinin birinci səhifəsində deyilir ki, Gəncə keçidinə çıxışı saxlamaq “prinsipial realizmin” əsasında durur. Azərbaycan həm Rusiya, həm də İranla həmsərhəd olan yeganə dövlətdir.

“Məhz buna görə də Tehran, Moskva və Vaşinqton arasında balans saxlamaq Azərbaycan liderləri üçün zaman-zaman çox çətin olub, məqalədə vurğulanır.

İNSAN HAQLARI

Bu da qeyd olunur ki, ABŞ-Ermənistan münasibətlərindən fərqli olaraq, ABŞ-Azərbaycan münasibətləri 1990-cı illərdən bəri inkişaf edib. Azərbaycan hətta bu yaxınlarda Əfqanıstandakı hərbi kontingentinin sayını artırıb. Əfqanıstanda hazırda 120 Azərbaycan hərbçisi var. Bu bəzi NATO üzvlərinin töhfəsindən çoxdur. İspaniya Əfqanıstana səkkiz, Hollandiya 100, Norveç isə 54 hərbçi göndərib.

Azərbaycan prezidenti İlham Əliyev ABŞ-dan nümayəndə heyəti ilə görüşdə, arxiv fotosu
Azərbaycan prezidenti İlham Əliyev ABŞ-dan nümayəndə heyəti ilə görüşdə, arxiv fotosu

Müəlliflər yazırlar ki, Azərbaycanda insan haqları ilə bağlı problemlər Vaşinqton-Bakı münasibətlərinə mənfi təsir göstərir. Onların fikrincə, buna baxmayaraq, Vaşinqton Bakıdan insan haqlarının yaxşılaşdırlmasını tələb etməklə yanaşı, ABŞ-ın regiondakı daha geniş maraqlarını da unutmamalıdır.

Qeyd edək ki, bir sıra beynəlxalq hüquq müdafiə təşkilatları Birləşmiş Ştatlar, eləcə də digər Qərb ölkələri liderlərini Azərbaycan hakimiyyəti ilə daha kəskin davranmağa, iqtisadi əməkdaşlıqdan ötrü insan haqlarının təminatını şərt qoymağa çağırırlar. Azərbaycanın hakimiyyət təmsilçiləri isə bu tənqidləri rədd edir, ölkədə bütün təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildirirlər.

Məqalədə deyilir ki, Birləşmiş Ştatlar bütün dünyada beynəlxalq ticarət yollarının işləkliyini təmin edən ən böyük qlobal qüvvədir. Bu ticarət yollarının rəvan işləməsi təkcə qlobal iqtisadiyyata yox, həm də ABŞ-ın öz iqtisadiyyatına töhfədir: “Məhz buna görə də ABŞ-ın geosiyasi prioritetlərinin siyahısında Gəncə keçidi ən yüksək yerlərdən birində saxlanmalıdır”.

Sonda müəlliflər qeyd edirlər ki, Gəncənin ticarət və kommersiya mənbəyi kimi tarixi bir vaxtlar Avrasiyanı birləşdirən tarixi İpək yolu dövrünə gedib çıxır. Onların fikrincə, “Rusiyanın dirçəldiyi, İranın cəsarətləndiyi və Çinin öz təsirini genişləndirdiyi bir vaxtda istənilən böyük strategiya Gəncə keçidini nəzərə almaya bilməz”.

əlliflər barədə:

Luke Coffey Heritage Fondunun Douglas and Sarah Allison Xarici Siyasət Mərkəzinin direktorudur. Heritage fonduna qoşulmazdan əvvəl o, Britaniya müdafiə naziri Liam Fox-un xüsusi müşaviri olub. O, habelə hakim Mühafizəkarlar Partiyasına müşavirlik edib. Coffey 2005-ci ildə ABŞ ordusunun sıralarında Əfqanıstanda xidmət edib və Bürünc Ulduz Medalı ilə təltif olunub.

Efgan Nifti (Əfqan Niftiyev) Vaşinqtondakı Xəzər Siyasəti Mərkəzinin direktorudur. Bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində Diplomatik Akademiyanın qurulmasında iştirak edib. 2013-2015-ci illərdə Xəzər Strateji İnstitutunda strategiya eksperti kimi çalışıb.

AzadlıqRadiosu

XS
SM
MD
LG