Accessibility links

NATO-nun keçmiş rəhbəri Ukraynanı daha yaxşı silahlandırmaq çağırışlarına qoşulub


NATO-nun keçmiş baş katibi Anders Rasmussen
NATO-nun keçmiş baş katibi Anders Rasmussen

NATO-nun keçmiş baş katibi Anders Rasmussen ABŞ və onun avropalı müttəfiqlərinin qış aylarında Rusiyanın enerji və digər infrastruktur sistemlərinə raket hücumlarının qarşısını almağa yardım etmək üçün Ukraynanı daha təkmilləşmiş silah sistemləri ilə təchiz etməyə çağıranlara qoşulub.

Rasmussen Amerikanın Səsinə bu yaxınlarda verdiyi müsahibəsində "Mən başa düşə bilmirəm ki, nəyə görə biz itirilmiş torpaqlarını geri almaq üçün əllərindən gələni etməyə hazır olan ukraynalılara silah tədarükünə məhdudiyyətlər qoymuşuq. Mən hazırda amerikalıları silah tədarükünə bütün məhdudiyyətləri qaldırmağa çağırmaq üçün Vaşinqtondayam" deyib.

"Biz raketlərin məsafəsinə məhdudiyyət qoymuşuq. 120 kilometr mənzilli raketlərlə 300 kilometr mənzilli raketlər arasında dəqiq fərq var və biz ukraynalılara lazım olan bütün vasitələri çatdırmalıyıq. Onların mübarizə etmək iradəsi var və onlara döyüşmək üçün vasitələr vermək bizim borcumuzdur" - deyə, o bildirib.

Rasmussen ABŞ və müttəfiqlərini Ukraynanın təkmilləşmiş silah sistemləri ilə bağlı müraciətlərinə daha qəti cavab verməyə çağıran tək insan deyil. ABŞ-ın 16 senatorundan ibarət ikipartiyalı qrup keçən ayın sonunda Bayden administrasiyasını Ukraynanın MQ-1C "Boz Qartal" kimi tanınan pilotsuz uçuş aparatları sistemi ilə bağlı müraciətini "yenidən diqqətlə nəzərdən keçirməyə" çağırıb.

Senatorların noyabrın 22-də müdafiə naziri Lloyd Ostinə ünvanlanmış məktubunda deyilib ki, “Artıq təmin edilmiş uzunmənzilli silahlarla yanaşı, MQ-1C Ukraynaya Rusiya qüvvələrini torpaqlarından çıxarmaq və işğal olunmuş əraziləri geri qaytarmaq üçün əlavə imkan verə bilər”.

Bu barədə ilk məlumatı "The Wall Street Journal" verib. Məktubu imzalayanlar arasında Ukraynanın ən sadiq tərəfdarlarından biri, Respublikaçı senator Coni Ernstin də olduğunu bildirib.

Sənədi həmçinin Senatın Silahlı Qüvvələr Komitəsinin səlahiyyət müddəti başa çatan üzvü, Respublikaçı Ceyms İnhof və Respublikaçı Lindsi Qrem, Demokratlardan Tim Keyn, Co Mançin və Mark Kelli imzalayıb.

Bu yaxınlarda Amerikanın Səsinin gürcü xidmətinə müsahibə verən Respublikaçı senator Cim Riç bir müddətdir ABŞ-ın Ukraynaya dəstəyini "artırmaq" istədiyini deyib.

"Ukraynalılar bir əli bağlı döyüşürlər. Onların qonşuluğunda bir ölkə var ki, onları işğal edib və vəhşilikləri törədir. Bundan əlavə, son həftələr [ruslar] [Ukraynanın] istilik, elektrik və digər infrastrukturunu tamamilə məhv etmək üçün əllərindən gələni edir" - deyə, Riç bildirib.

XS
SM
MD
LG