Accessibility links

Fransa və Hindistan Ukraynadakı hərbi əməliyyatların dərhal dayandırılmasına çağırıb


Hindistan və Fransa çərşənbə günü Ukraynada "hərbi əməliyyatların dərhal dayandırılması"na çağırıb. Baş nazir Narendra Modi yenə Rusiyanı qonşusuna hərbi müdaxilə etdiyinə görə qınamayıb.

Hərbi avadanlıqlarının böyük bir hissəsini Rusiyadan idxal edən Hindistan uzun müddətdir Qərblə Moskva arasında diplomatik incə xətt üzərində yeriyir və xüsusilə Rusiyanı pisləməkdən və ya Ukraynadakı hərəkətlərinə görə Birləşmiş Millətlər Təşkilatında Rusiyanın əleyhinə səs verməkdən imtina edib.

"Fransa və Hindistan Ukraynada davam edən humanitar böhran və münaqişə ilə bağlı dərin narahatlığını ifadə ediblər" – deyə, Modi və Fransa prezidenti Emmanuel Makron Parisdə danışıqlar və işgüzar şam yeməyi üçün görüşdükdən sonra birgə bəyanatda bildiriblər.

"Hər iki ölkə birmənalı olaraq Ukraynada dinc əhalinin öldürülməsi faktını pisləyib və hər iki tərəfin dialoq və diplomatiyanı təşviq etmək üçün bir araya gəlməsi və insanların iztirablarına dərhal son qoymaq üçün hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb."

Ancaq yalnız Fransa "Rusiya qüvvələrinin Ukraynaya qarşı qanunsuz və əsassız təcavüzünü" pisləyib.

İki ölkə bildirib ki, onlar münaqişənin qlobal ərzaq böhranını intensivləşdirəcəyinə dair riskə "əlaqələndirilmiş və çoxtərəfli şəkildə cavab verəcəklər." Ukrayna və Rusiya dünyanın ən əsas buğda istehsalçıları arasındadır.

Görüşdən öncə Makronun ofisi onun "müharibənin, Avropa İttifaqından kənarda, o cümlədən Asiyada beynəlxaq nizama təsirlərini vurğulayacağını" bildirib.

Rəsmilər əlavə edib ki, Fransa "hindlilərə öz tədarüklərini diversifikasiya edərək" Rusiyanın silah və enerjisindən uzaqlaşmasına yardım etmək istəyir.

Onlar deyib ki, məqsəd hindliləri çıxış yolsuz buraxmaq deyil, həll yolları irəli sürməkdir.

Avropada səfərdə olan Modi bazar ertəsi Berlində Almaniya kansleri Olaf Şoltsla görüşdən sonra deyib ki, "bu müharibədə qalib olmayacaq və hər kəs məğlub olacaq."

Yelisey sarayı deyib ki, Makronun Modi ilə son dərəcə isti münasibəti var. Modi 2017-ci ildən bəri Fransaya üç dəfə səfər edib, Fransa lideri isə 2018-ci ildə Hindistanı ziyarət edib.

Modimüdafiə texnologiyaları və təmiz enerjityə keçid sahələrində əməkdaşlığı gücləndirmək üçün Makronu yenidən Hindistanı ziyarət etməyə çağırıb.

XS
SM
MD
LG