Accessibility links

Fransa Ukraynanın Rusiya tərəfindən işğal olunmuş regionlarındakı səsvermənin nəticələrini tanımır


Fransa bazar ertəsi bildirib ki, Rusiya prezidenti Vladimir Putinin yenidən seçilməsi repressiyalar fonunda baş verib və Putinin yenidən seçilməsinə dinc şəkildə etiraz edən çox sayda rusiyalını alqışlayıb. Bu barədə Fransanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.

Xarici İşlər Nazirliyinin bəyanatında eləcə də Parisin Ukraynanın Rusiya tərəfindən müvəqqəti işğal olunmuş bölgələrində keçirilən "qondarma seçkilərin beynəlxalq hüququn və Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin yenidən pozulması" demək olduğu bildirilib.

"Fransa bu qondarma seçkiləri, onun nəticələrini tanımır və heç vaxt tanımayacaq və Ukraynanın suverenliyinə, müstəqilliyinə, birliyinə və ərazi bütövlüyünə sadiqliyini bir daha təsdiqləyir", bəyanatda deyilib.

Fransa həmçinin Rusiyanın "Gürcüstan və Moldova hökumətlərinin razılığı olmadan separatçı Abxaziya, Cənubi Osetiya və Dnestryanı regionlarda seçki məntəqələri təşkil etməsini" pisləyib.

Prezident Vladimir Putin bazar günü Rusiyada keçirilən seçkilərdə "rekord" qələbə qazanaraq, hakimiyyətini möhkəmlədib. Onun sözlərinə görə, bu qələbə Moskvanın Qərbə qarşı çıxmaqda və öz qoşunlarını Ukraynaya göndərməkdə haqlı olduğunu göstərib.

Forum

XS
SM
MD
LG