1960-70-ci illərdə futurist kosmik üslubda geyimləri ilə podyumlarda stili büsbütün dəyişən məşhur fransız moda dizayneri Pyer Karden 98 yaşında vəfat edib. Bu barədə Fransanın İncəsənət Akademiyası bildirib.
Christian Dior kimi yüksək moda evlərində çalışan Karden sonradan öz brendini quraraq, moda sahəsində işlərini lisenziyalaşdıran ilk modelyerlərdən biri olub. O öz adını demək olar ki, bütün malların üzərinə marka kimi vurub.
Karden həndəsi və şara bənzər geyim dizayınları ilə moda dünyasında dəyişikliklər gətirən dizayner hesab edilir. O həmçinin1950-ci illərin sonlarında bahalı moda kolleksiyalarının geniş kütlələr üçün univermaqlarda satışa çıxaran ilk dizaynerlərdən biri olub.
Biznesdə bu addımlar heyranlıqla qarşılansa da, o dövrdə moda dünyasında ona qarşı istehzalı münasibətə də səbəb olub.
Artıq kolleksiyalarını moda podiumlarında təqdim etməsə də, Karden tez-tez tədbirlər və yığıncaqlara qatılaraq, moda sənayesində aktiv qalıb və gənc dizaynerləri öz himayəsi altına alıb.
O daha əvvəl Jan Pol Qaultier kimi tanınmış dizaynerlərin mentoru olmuşdu.