Accessibility links

Ərdoğan Fransa mallarının boykotuna çağırıb


Türkiyə lideri Rəcəp Tayyib Ərdoğan müsəlmanların küfr hesab etdiyi Məhəmməd Peyğəmbərin Fransada nümayiş etdirilən karikaturalarına görə bazar ertəsi vətəndaşlarını Fransız malları almamağa çağırıb.

Bazar ertəsi Banqladeşdə etirazçılar Fransa prezidenti Emmanuel Makronun karikaturası və “Makron sülhün düşmənidir” sözləri yazılmış şüarlar qaldırıb. Pakistan isə etirazını bildirmək üçün Fransanın İslamabaddakı səfirini çağırıb.

Makronla münasibətləri gərgin olan Ərdoğan Fransanın gündəminin İslam əleyhinə olduğunu deyib. "Vətəndaşlarımı Fransa brendlərinə yardım etməməyə və ya satın almamağa çağırıram" - deyə, Ərdoğan bildirib.

Fransa avtomobilləri Türkiyədə ən çox satılan avtomobillər arasındadır və Fransa-Türkiyə arasındakı ikitərəfli ticarət keçən il ümumilikdə təxminən 15 milyard dollar dəyərində olub. Türkiyə prezidenti bundan əvvəl də bənzər boykot çağırışları etmişdi, belə ki, 2018-ci ildə ABŞ-ın elektron mallarının alınmamasına çağırmışdı.

Bazar ertəsi Ərdoğan başqa yerlərin də çağırdığı boykota qatılıb. Küveyt şəhərində bir supermarket mənsub olduğu kooperativ şurasının Fransa mallarının satışını dayandırması ilə L’Oreal kosmetikası və dəriyə qulluq məhsullarının piştaxtaları bu gün boş olub.

Səudiyyə Ərəbistanındakı Fransa supermarketləri şəbəkəsi olan Carrefour-un sosial mediada boykot çağırışlarına baxmayaraq, Reuters xəbər agentliyi bazar ertəsi paytaxtdakı iki mağazanın normal şəraitdə işlədiyini bildirib.

Bundan əvvəl də Ərdoğan Makronun ruhi sağlamlığını şübhə altına aldığı üçün Paris Ankaradakı səfirini geri çağırmışdı.

“Makron adlı bu şəxsin müsəlmanlar və İslamla problemi nədir? Makronun psixoloji müalicəyə ehtiyacı var” - deyə, Ərdoğan şənbə günü etdiyi çıxışında bildirib.

Pakistanın baş naziri İmran Xan “küfr” karikaturalarının nəşrini müdafiə edən Fransa prezidentini “İslama hücum etməkdə” günahlandırıb.

"Təəssüf ki, prezident Makron İslamı və Peyğəmbərimizi hədəf alan küfrlü karikaturaları təşviq etməklə həm öz vətəndaşlarını, həm də bütün müsəlmanları bilərəkdən provokasiya etməyi seçdi" - deyə, Xan tvitier yazılarından birində bildirib.

XS
SM
MD
LG