Accessibility links

Fransanın keçmiş prezidenti Sarkozi həbs cəzasına məhkum edilib


Fransa məhkəməsi keçmiş prezident Nikola Sarkozini 2012-ci ildəki seçkilər zamanı seçki kampaniyasını qanunsuz maliyyələşdirməkdə təqsirli bilərək, bir il həbs cəzasına məhkum edib.

Prokurorlar rəqibi Fransua Ollandın qələbə əldə etdiyi seçkilər ərəfəsində Sarkozinin Fransa qanunlarına görə icazə verilən məbləğdən təxminən iki dəfə çox xərclədiyini bildirib.

2007-2012-ci illərdə Fransaya rəhbərlik edən Sarkozi ona qarşı irəli sürülən ittihamı rədd edib. Vəkili məhkəmənin qərarından apellyasiya şikayəti verəcəyini deyib.

Məhkəmə Sarkozinin elektron qolbaq taxaraq, cəzasını evdə çəkə biləcəyini bildirib.

Sarkozi mart ayında da başqa bir məhkəmədə korrupsiya ittihamı ilə günahkar bilinmiş və şərti olaraq üç il həbs cəzasına məhkum edilmişdi. O, bu hökmə qarşı apellyasiya şikayəti vermişdi.

O zaman maliyyə prokurorları Paris məhkəməsini Sarkozinin 2007-ci ildəki seçki kampaniyasının maliyyəsi ilə bağlı istintaqla əlaqəli məxfi məlumatlar müqabilində hakimə rüşvət verməyə və nüfuzlu şəxslərə təzyiq göstərməyə çalışdığına inandıra bilmişdi.

Məhkəməyə sədrlik edən hakim Kristin Mi "O, statusundan və əlaqələrindən istifadə edib" demişdi.

2007-2012-ci illərdə prezident olan Sarkozi müasir Fransada korrupsiya ilə ittiham edilən ikinci dövlət başçısıdır.

XS
SM
MD
LG