Accessibility links

Fransa XİN: Ümid edirik ki, Mehman Hüseynov tezliklə azadlığa buraxılacaq


“Fransa Xarici İşlər Nazirliyi bloger Mehman Hüseynovun işini diqqətlə izləyir və onun tezliklə azad olunacağına ümid edir”. Bu barədə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bu gün, yanvarın 8-də Parisdə brifinqdə bildirib.

"Biz bu jurnalistin və hüquq müdafiəçisinin ətrafında yaranmış vəziyyətdən narahatıq. Biz vəziyyəti, xüsusilə onun saxlanma şəraitini diqqətlə izləyirik. Ümid edirik ki, Mehman Hüseynova qarşı yeni cinayət ittihamı onun üzərindən götürüləcək və o, tezliklə azadlığa buraxılacaq", Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.

Mehman Hüseynov
Mehman Hüseynov

Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı Cəzaçəkmə Müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger ittihamın yalan və böhtan olduğunu bildirib. O, dekabrın 26-dan etiraz olaraq quru aclığa başladığını bəyan edib. Hazırda bloger su içsə də qida qəbulundan imtina etməkdə davam edir. Blogerin aclıq aksiyasına ictimaiyyət dəstək verməkdədir. İndi ondan çox insan Hüsenyova dəstək məqsədi ilə aclıq edir.

Blogerə qarşı yeni cinayət işinin qaldırılması beynəlxalq ictimaiyyət tərəfindən də tənqidlərlə qarşılanıb. ABŞ Senatoru Marko Rubio, Sərhədsiz Reportyorlar Təşkilatı, PEN Amerika, AŞPA-nin Azərbaycan üzrə məruzəçiləri, Avropa Şurasının insan hüquqları üzrə komissarı və digərləri bəyanatlarla çıxış edib.

Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.

Bloger həbsinin sosial şəbəkələrdə yaydığı ifşaedici videolarla bağlı olduğunu bildirib.

Mehman Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksək vəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. Videolar geniş ictimai müzakirələrə yol açıb. Onun Facebook səhifəsinin 350 minə yaxın izləyicisi var.

Bununla yanaşı, rəsmi Bakı bütün fundamental azadlıqların tam təmin edildiyini, fikrinə, siyasi əqidəsinə görə insanların həbs edilmədiyini bildirir.

Beynəlxalq təşklatlar isə Azərbaycanda 10 jurnalist və blogerin həbsdə olduğunu bəyan edir.

Amnesty İnternational ölkədə ondan çox insanı vicdan məhbusu elan edib.

Şərhlərə bax (1)

Bu forum qapanıb
XS
SM
MD
LG