Fransada hökumətə qarşı etirazlara tələbələr də qoşulub. Müxtəlif universitetlərdə təhsil alan tələblər dekabrın 5-də hökumətin təhsildə apardığı islahatlara etiraz olaraq küçələrə axışıblar.
Hökumətin qəbul etdiyi islahatlara yanacaq qiymətlərinin qaldırılmasından başqa həm də ali təhsil müəssisələrinə qəbul zamanı tələbələr arasında ilkin seçim edilməsi və təhsil haqqının artırılması daxildir.
Tələbələr buna etiraz olaraq dekabrın 5-də Tuluza ətrafındakı məktəblərdən birini yandırıblar.
Yanğınsöndürənlər alovu dərhal söndürsələr də binaya xeyli ziyan dəydiyini deyirlər.
Bundan sonra etirazçılar şəhərin küçələrinə axışıb, zibil qablarını yandırıb, mağaza vitrinlərini sındırıb və hökumət əleyhinə şüarlar səsləndiriblər.
Polis nümayişi dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Tələbə etirazları demək olar ki, bütün Fransaya yayılıb.
Bu aksiyalarda Paris, Marsel, Nitsa, Lion, Orlean, Versal və digər şəhərlərdə təhsil alan tələbələr iştirak edib.
Hökumətin bir neçə sahədə, o cümlədən yanacaq qiymətlərinin artırılması, təhsil sistemində dəyişikliklərə dair islahatlar paketi bir neçə həftədir ölkə boyu "sarı gödəkcəlilər" adı almış etirazlara səbəb olub.
Artıq kütləvi aksiyalara görə Fransa hakimiyyəti yanacağın qiymətinin artırılması barədə qərarının icrasını 6 aylığa dayandırmaq qərarına gəlib.
Elektrik enerjisinin bahalaşmayacağını və avtomobillətə texniki baxışın sərtləşdirilməyəcəyini vəd edilib.