Accessibility links

Fransanın xarici işlər naziri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ABŞ Dövlət katibi və Azərbaycan xarici işlər naziri ilə müzakirə aparıb


 Entoni Blinken və Jan İv Le Drian
Entoni Blinken və Jan İv Le Drian

Mayın 16-da ABŞ dövlət katibi Antoni Blinken və Fransanın xarici işlər naziri Jan İv Le Drian telefon danışığı zamanı İsrail, Qəzza, İordan çağının qərb sahili məsələləri yanaşı "Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli siyasi nizamlanmasının vacibliyinə toxunaraq ATƏT-in Minsk Qrupu çərçivəsində iki ölkənin əməkdaşlıq məsələsini müzakirə edib."

Bu barədə Dövlət Departamentinin mətbuat katibi Ned Praysın məlumatında deyilir.

Bundan öncə, mayın 16-da Fransa tərəfinin təşəbbüsü ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Fransa xarici işlər naziri Jan İv Le Drian arasında telefon danışığı olub.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin məlumatına görə, nazirlər Azərbaycan-Ermənistan sərhədində baş verən son gərginliklə bağlı məsələləri müzakirə edib.

Ceyhun Bayramov və Jan İv Le Drian
Ceyhun Bayramov və Jan İv Le Drian

Nazir Ceyhun Bayramov uzun müddətdən sonra Ermənistan ilə sərhədlərin gücləndirilməsi tədbirlərinin həyata keçirildiyi, bu xüsusda Azərbaycan sərhəd qüvvələrinin ölkəmizə aid mövqelərdə yerləşdiyi, tərəflər arasında mövcud olan fikir ayrılığı və yaranmış gərginliyin aradan qaldırılması üçün Azərbaycanın nümayiş etdirdiyi konstruktiv yanaşma, o cümlədən Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin dərhal bölgəyə ezam edildiyi və qarşı tərəflə danışıqların aparılması ilə bağlı qarşı tərəfə məlumat verib.

Nazir Ceyhun Bayramov sərhəd gərginliyi məsələsinin şişirdilməsi və siyasiləşdirilməsinin yolverilməz olduğunu və bu kimi məsələlərin danışıqlar yolu ilə həllinin vacibliyini qeyd edib.

Nazirlər həmçinin münaqişə sonrası məsələlər ətrafında ümumi fikir mübadiləsi aparıblar.

Rusiya xarici işlər naziri Sergey Lavrov mayın 17-də Moskvada keçirdiyi mətbuat konfranda Azərbaycan-Ermənistan sərhədindəki durumla bağlı deyib ki, “bu qədər sakit şəkildə həll edilən bir məsələdə emosiyaları qızışdırmaq üçün bir səbəb görmür.”

“Moskva sərhədlərin demarkasiyası işlərində Yerevana və Bakıya kömək etməyə hazırdır. Bir dəfə də olsun, atəş açılmayıb, orada heç bir toqquşma baş verməyib. Tərəflər oturub sakit şəkildə bu vəziyyətin necə həll ediləcəyi barədə razılığa gəlməyə başlayıblar. Biz yardım göstərmişik, razılaşma əldə olunub,” o qeyd edib.

Ermənistan Baş nazirinin vəzifəsini icra edən Nikol Paşinyan mayın 13-də hökumətin iclasında Azərbaycanın silahlı qüvvələrinin sərhədi keçərək, bir neçə kilometr məsafədə Ermənistan ərazisinə daxil olduğunu deyib.

Paşinyanın bildirdiyinə görə, ərazidə hərbi eskalasiya, atışma, yaxud qarşıdurma baş verməyib, Azərbaycan əsgərlərinin ərazidən çıxarılması üçün iş aparılır.

Azərbaycan Xarici İşlər Nazirliyi də mayın 13-də Ermənistanla sərhəddə vəziyyətlə bağlı bəyanatla çıxış edib.

“10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanata əsasən işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonlarının Ermənistan ilə həmsərhəd bölgələrində çətin dağ relyefi quruluşuna və iqlim şəraitinə malik olan məntəqələrdə hava şəraitinin yaxşılaşması ilə Azərbaycan sərhəd qüvvələri ölkəmizə aid mövqelərdə yerləşdirilir. Bu proses adi rejimdə və sistematik qaydada icra edilir,” bəyanatda qeyd edilir.

Hər iki tərəfin qarşılıqlı bəyanatlarına baxmayaraq, sərhəddə baş verən gərginlik ABŞ Dövlət Departamentinin, ATƏT sədrinin, Rusiya və Fransa rəhbərlərinin diqqətini cəlb edib.

Mayın 14-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə Dövlət katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker arasında telefon danışığı baş tutub.

XS
SM
MD
LG