Accessibility links

Nəvəsi HƏMAS-ın azad etdiyi israilli nənəsinin xəstə qəzzalılara yardım edən sülh fəalı olduğunu deyir


Yoşeved Lifşitzin nəvəsinin Reuters agentliyinə bildirdiyinə görə, bazar ertəsi HƏMAS militantları tərəfindən azad edilən israilli nənəsi həyat yoldaşı ilə birlikdə Qəzzada xəstə fələstinlilərin xəstəxanalara çatdırılmasına yardım edən sülhməramlı fəallar olub.

Fələstin militantlarının oktyabrın 7-də İsraildə 1400 nəfəri qətlə yetirdiyi silahlı basqın zamanı girov götürdükləri 200 nəfərin arasında olan 85 yaşlı Lifşits və 79 yaşlı Nurit Kuperin sağlamlıq problemlərinə görə azad edildikləri bildirilib.

İsrail baş nazirinin ofisi bazar ertəsi axşam saatlarında bildirib ki, Lifşitz və onun 83 yaşlı həyat yoldaşı Oded İsrailin cənubunda, Qəzza ilə sərhəd yaxınlığındakı Nir Oz kibutzundakı evlərindən qaçırılıb. Odedin hələ də əsir olduğu qeyd edilib.

"Onlar insan haqları fəalları, bütün həyatları boyu sülh fəallarıdır," Daniel Lifşitz nənəsinin azad edildiyi təsdiqlənməmişdən əvvəl Təl-Əvivdə Reuters xəbər agentliyinə deyib.

"On ildən artıqdır ki, onlar hər həftə Qəzza zolağından, İordan çayının qərb sahilindən deyil, Qəzza zolağından, Erez sərhədindən xəstələri xərçəng, hər hansı xəstəliyin müalicəsi üçün İsraildəki xəstəxanalara çatdırıb" - deyə, o əlavə edib.

HƏMAS Telegram səhifəsində Lifşitzin Beynəlxalq Qızıl Xaç Komitəsinin işçilərinə təhvil verildiyini göstərən video yayımlayıb. Komitə onların Qəzzadan çıxarılmasına yardım etdiyini bildirib.

Videoda əlində silah və HƏMAS bayrağı olan, güllə keçirməyən gödəkçə geyinmiş bir nəfərin Lifşitsi ağ mikroavtobusa apardığı göstərilir. Mikroavtobusa minməzdən əvvəl o, əlini həmin şəxsə uzadaraq, ona "salam" deyir. Ərəbcə bu, sülh deməkdir.

Ailə dostu tərəfindən Reuters agentliyinə təqdim edilən mesajda Lifşitzin Londondakı qızı Şeron bunları yazıb: "Onun təhlükəsiz olduğuna dair rahatlığı sözlərlə ifadə edə bilməsəm də diqqətimi atamın və orada onların hamısının - təxminən 200 nəfərin, Qəzzada girovda qalan günahsız insanların azad edilməsinə yönəldəcəyəm."

Bu iki qadın azad edilən üçüncü və dördüncü girovlar idi. HƏMAS bir amerikalı qadını və qızını keçən cümə günü azad edib.

HƏMAS-ın idarə etdiyi Qəzzada Səhiyyə Nazirliyinin bildirdiyinə görə, iki həftə ərzində İsrailin hücumları zamanı 2055-i uşaq olmaqla, azı 5087 fələstinli həlak olub.

Forum

XS
SM
MD
LG