Accessibility links

Freedom House: Azərbaycan möhkəmlənmiş avtoritar rejimlər siyahısındadır


Bakıda 8 mart qadınlar yürüşü (arxiv)
Bakıda 8 mart qadınlar yürüşü (arxiv)

Mərkəzi ofisi Vaşinqtonda yerləşən "Freedom House" təşkilatı aprelin 28-də Avropa və Avrasiya regionunda demokratiyanın vəziyyətinə dair “Keçid Ölkələri 2021” adlı hesabatını açıqlayıb.

Bu hesabatda Mərkəzi Avropadan Orta Asiyaya qədər 29 ölkədə demokratik idarəçiliyin vəziyyəti dəyərləndirilir.

Hesabatın giriş hissəsində deyilir ki, demokratik institutlara hücumlar Avropa və Avrasiyada hər zamankındən daha sürətli yayılır.

“Avropa və Avrasiyada demokratiyanın geriləməsi dərin narahatlıq yaradır… Avtoritarizm ancaq milli məsələ deyil, bütün regiona, hətta qitələrə yayıla bilər,” qurumun Avropa və Avrasiya üzrə tədqiqat direktoru Zselike Csaki açıqlamasında deyib.

Təşkilat qeyd edir ki, möhkəmlənmiş avtoritar rejimlər qapalı cəmiyyətlərdir, diktatorlar siyasi rəqabətə və plüralizmə mane olur, təməl siyasi, mülki və insan haqlarının irimiqyaslı pozuntuları üçün məsuliyyət daşıyır.

“Bölgədəki bütün ölkələr demokratiyadan üz çevirir və ya geriləmə və qismən canlanma dövründə özlərini tapırlar. 2020-ci il hadisələrini əhatə edən “Keçid Ölkələri 2021” hesabatında ümumilikdə 18 ölkə demokratiya planlarında geriləmə yaşadı; yalnız 6 ölkənin skorları yaxşılaşdı, 5 ölkədə xalis dəyişiklik yaşanmadı”.

Hesabatın Azərbaycana dair hissəsində deyilir ki, Azərbaycan hakimiyyəti ölkədə demokratik islahatlar aparıldığını deyir, təməl hüquqların pozulmasıyla bağlı beynəlxalq qurumların tənqidlərini rədd edir, onları qərəzli mövqedə ittiham edir.

Azərbaycanla bərabər Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistanın adları çəkilir.

"Freedom House" Ermənistanı yarı-möhkəmlənmiş avtoritar rejimlər siyahısına salıb. Vaxtilə demokratiya yönündə böyük irəliləyişi qeyd olunan Ermənistan 2018-ci ilin məxməri inqilabından sonra ilk dəfə geriləyib. 2019-cu ildə Ermənistanın hibrid/tranzit rejimə doğru proqres etdiyi bildirilirdi, ötən ilsə geriləyib.

Gürcüstan tranzit, yaxud hibrid rejimlər sırasında yer alıb.

Bu siyahıda Bosniya Herseqovina, Macarıstan, Kosovo, Monteneqro, Moldova, Şimali Makedoniya, Serbiya və Ukrayna da var.

Gürcüstanın reytinqi 2011-ci ildəki səviyyəyə qayıdıb. Bir il sonra “Gürcü arzusu” hakimiyyətə gəlib və hazırda ölkənin hakim partiyasıdır.

Hesabatda deyilir ki, regionda neqativ xəbərlərin üstünlük təşkil etməsinə baxmayaraq, diqqətçəkən nümunələr də var.

Türkmənistan, Tacikistan və Azərbaycandan olan və mühacirətdə yaşayan jurnalistlər, blogerlər, diaspora fəalları öz ölkələrində baş verənlər haqda məlumatlar yayırlar.

"Jurnalistlər çətin şəraitdə işlərini davam etdirməkdən ötrü innovativ üsullara əl atırlar. Məsələn, Belarusun müstəqil media orqanları hökumətin bloklamasından yayınmaq üçün kütləvi Telegram şəbəkəsinə köçüblər,” hesabatda deyilir.

Ümumiyyətlə isə 17 il ardıcıl olaraq regionda demokratiyanın ümumi gücünün zəiflədiyi vurğulanır. Hesabat ilk dəfə 1995-ci ildə açıqlanandan bəri demokratiya hesab olunan ölkələrin sayı ən aşağı həddə düşüb.

Azərbaycan hakimiyyəti hələlik, bu hesabata münasibət açıqlamayıb. Amma ölkədə insan haqlarının vəziyyətinə dair indiyədək səslənən tənqidlər bir qayda olaraq rədd edilib. Hakimiyyət təmsilçiləri ölkədə bütün təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildirir, beynəlxalq insan haqları təşkilatlarını qərəzli olmaqda suçlayır.

XS
SM
MD
LG