Accessibility links

Freedom House Azərbaycanı Leyla və Arif Yunusları dərhal azad etməyə çağırır


Amerikanın insan hüquqlarını müdafiə təşkilatı Freedom House Azərbaycan hökumətini dissidentlər Leyla və Atif Yunuslara qarşı ittihamların qaldırılması və onların dərhal azad edilməsinə çağırıb.

Təşkilat Leyla və Arif Yunusların iyulun 13-ə təyin edilmiş məhkəməsindən öncə bəyanat açıqlayıb. Freedom House təşkilatının Avrasiya proqramlarının direktoru Süzan Korke bəyanatda bildirib: ”Leyla və Arif Yunusların məhkəməsi Azərbaycan hökumətinin birləşmə, toplaşma və ifadə azadlıqlarına qarşı basqılarını göstərir. Freedom House Leyla və Arif Yunusların həbsxanada sağlıq durumu ilə bağlı dərin narahatlığını bildirir. Biz hökuməti onlara qarşı ittihamları qaldırmağa və onları dərhal azad etməyə çağırırıq.”

Leyla və Arif Yunuslar
Leyla və Arif Yunuslar

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və onun həyat yoldaşı, tarixçi-alim Arif Yunusun işi üzrə iyulun 13-nə təyin edilən hazırlıq islası iyulun 15-i saat 10-dək təxirə salınıb.

Məhkəmənin təxirə salınmasının səbəbləri barədə məlumat verilməyib.

Leyla və Arif Yunuslar 2014-cü ilin iyulun sonu-avqustun əvvəllərində həbs olunublar. Onlara qarşı dövlətə xəyanət, dələduzluq, vergidən yayınma və qanunsuz sahibkarlıq ittihamları irəli sürülüb. Dövlətə xəyanət ittihamı yekun ittihamdan çıxarılıb.

Freedom House təşkilatının hər il dünya ölkələrində azadlıq indeksinə dair illik hesabatında bu il Azərbaycan qeyri-azad ölkə kimi səciyyələndirilib. 2015-ci ildə Mətbuat azadlığına dair hesabatda da Azərbaycan qeyri-azad ölkə adlandırılıb. Təşkilatın 2015-ci ildə Keçid dövründə ölkələr adlı hesabatında isə Azərbaycanda demokratiya balı ən pis göstərici 7 olmaqla 1-dən 7-yə qədər şkala üzrə 6,75 olaraq göstərilib.

XS
SM
MD
LG