Accessibility links

Freedom House "Keçid Dövlətləri 2010" hesabatını açıqladı


Bakıda polis Müsavat fəallarının piketini dağıdır
Bakıda polis Müsavat fəallarının piketini dağıdır

Bütün göstəricilər üzrə son 10 ildə Azərbaycanda vəziyyət pisləşib

Vaşinqtonda qərargahlanan Freedom House təşkilatı 2010-cu il üçün dünyada azadlıqların durumuna dair illik indeksini açıqlayıb. Sabiq kommunist məkanı ölkələrinə həsr edilmiş hesabatda ölkələrin əksəriyyətində, konkret olaraq 29-undan 14-də, demokratik durumun pisləşdiyi vurğulanır. Demokratik göstəricilərə gəldikdə vəziyyət ən çox Rusiyada pisləşib. Bu sırada Azərbaycan da şimal qonşusundan geri qalmır.

Azərbaycan barədə tərtib olunan qrafik nümayiş etdirir ki, 1999-cu ildən bəri ölkədə vəziyyət seçki prosesindən tutumuş müstəqil medianın durumu və korrupsiyayadək bütün göstəricilər üzrə ağırlaşıb. Əgər ilk öncə Azərbaycana müstəqil media sahəsində verilən bal 5.50 idisə, 2010-cu ildə bu rəqəm 6.75 olub. Demokratiya hesabında 1999-cu ilkdə qeydə alınmış 5.58 bal hazırda 6.39-dur.

Hesabatın Azərbaycana dair hissəsinin müqəddiməsində bildirilir ki, 2009-cu il ərzində hökumət xalq üzərində nəzarəti bir qədər də gücləndirmiş və cəzasızlıq mühitində ölkəni idarə etmişdir. Mart ayında keçirilən referendumda konstitutsiyaya 41 dəyişikliklər edildi ki, bunlardan ən mühümü prezidentlik dönəminə qoyulan məhdudiyyətlərin aradan qaldırılması idi. Həmin səsvermədə həqiqi ictimai debat cərəyan etmədi və bu formal möhür-vurma praktikasından başqa bir şey deyildi. Belə ki, Azərbaycanda hakimiyyətin icra qolu bütün başqa dövlət orqanlarına nəzarət edir. Beynəlxalq ictimaiyyətin Azərbaycanda demokratizasiya və islahatlar barədə israrlı çağırışlarına isə məhəl qoyulmayıb.

Azərbaycanda 1995-ci ildə konstitutsiyanın qəbulundan bəri bir dəfə də olsun azad və ədalətli seçki keçirilməyib. Seçki pozuntuları metodları sırasında inzibati slahiyyətlərdən sui-istifadə, hədə-qorxu, müxalifətin təqib edilməsi, və seçki günü baş verən pozuntular geniş yer alıb. Seçki komissiyalarının heç bir səviyyəsində müxalifət partiyaları təmsil olunmur. Müstəqil medianın zəifliyi ölkədə ədalətli seçki prosesinin mövcudluğuna əngəl törədib.

Freedom House vətəndaş azadlıqları baxımından da vəziyyətin pisləşdiyini vurğulayır. Azərbaycanda hökumət rəsmiləri fikir ayrılıqlarını pul gücünə və yaxud dissidentləri həbs atmala susdurmağa cəhd göstərirlər. İl ərzində insan haqları müdafiəçilərinə, müstəqil media orqanlarına və QHT-lərə basqılar qeydə alınıb. Bu xüsusda iki blogerin saxta ittihamlar əsasında həbs edilməsi və Naxçıvanın Bənənyar kəndində polis qüvvələrinin dini mərasimi zorla dağıtması qeyd olunur.

“Azərbaycanda media məkanı plüralist deyil; hakimiyyət yayımda, elektron vasitələrdə və çapda tənqidi səsləri susdurmaq yollarını aramış, media peşəkərları isə özünü-senzuraya üz tutmuşlar,” deyə sənəddə bildirilir. 2008-ci ilin dekabrında qəbul edilən qanun effektiv şəkildə BBC, Azadlıq və Amerikanın Səsi proqramlarının yayımına son qoyub.

Hesabat müəllifləri güman edir ki, 2010-cu ildə Azərbaycanda avtoritarizm artan neft gəlirləri və hüdudsuz səlahiyyətlərin sayəsində dərinləşəcək. Güman ki, hökumət parlament seçkiləri ərəfəsində müxalifəti bir qədər də əzəcək və hakim partiyanın mütləq üstünlüyün təmin edəcək.

XS
SM
MD
LG