Accessibility links

Fuad Əhmədli: Demokratiya uğrunda mübarizəmi davam etdirəcəm


Fuad Əhmədli

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Fuad Əhmədlinin Amerikanın Səsinə müsahibəsi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Fuad Əhmədli 4 illik həbs müddəti bitdikdən sonra avqustun 18-də 16 saylı Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxılıb.

Fuad Əhmədli 2016-cı ilin avqustunda “Əməliyyat- axtarış fəaliyyəti haqqında” qanunun pozulması və “Azerfon” mobil telefon istifadəçilərinin şəxsi məlumatlarının yayılması ittihamı ilə həbs edilib. Bundan əlavə, o, vəzifə səlahiyyətini aşmaqda ittiham olunub.

2017-ci il iyunun 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il azadlıqdan məhrum edilib. Sonradan Apellyasiya Məhkəməsi və Ali Məhkəmə hökmü qüvvədə saxlayıb.

Fuad Əhmədli: Demokratiya uğrunda mübarizəmi davam etdirəcəm
please wait

No media source currently available

0:00 0:12:00 0:00

Hüquq müdafiəçiləri Fuad Əhmədlini siyasi məhbus, Amnesty İnternational vicdan məhbusu kimi tanıyıb.

Yerli məhkəmələr Fuad Əhmədlini iki dəfə vaxtından əvvəl şərti azadlığa buraxmaqdan imtina edib.

Fuad Əhmədli Amerikanın Səsinə müsahibəsində bildirib ki, insanın həyatında ən böyük faktor azadlıqdır.

“İnsanın azadlığı varsa hər şeyi var, azadlığı yoxdursa heç nəyi yoxdur.”

O, AXCP sıralarında siyasi mübarizəsini davam etdirəcəyini deyib.

Qollarında qandal olan, sadəcə olaraq hansısa məlumatı etiraf etməli olduğu və yaxud etmədiyi bir hərəkəti boynuna götürməli olduğu tələbi ilə insanlar döyülürdü, işgəncəyə məruz qalırdı. Bir çox hallarda döymə ilə kifayətləməyəndə müəssisənin rəhbər heyəti məhbusu iki yaruslu çarpayıda birinci və ya ikinci mərtəbələrə bağlamaqla da eyni işgəncələr müşayiət olunurdu.
Fuad Əhmədli, həbsdən buraxılan AXCP fəalı

“Harada dayanmışdımsa siyasi fəaliyyətimi bu gün oradan davam etdirəcəm. Hansı ideyaları, hansı cümhuriyyət ideyalarını həbs olunanadək daşıyırdımsa eyni prinsipləri, eyni ideyaları bu gün azadlığa daşımışam. Heç kəsin, heç bir qurumun qarşısında xüsusi öhdəliyim yoxdur. Bu gün də demokratiya və ümumbəşəri prinsiplər, insan haqları uğrunda mübarizəmi davam etdirəcəm.”

O, həbsxana həyatından danışarkən deyib ki, həbsxana qayda-qanunları bu günün reallığından baxanda yalnız siyasi məhbuslara, müəyyən peşə fəaliyyətinə görə həbs edilənlərə və sosial durumu zəif olan insanlara şamil olunduğundan bir qədər ədalətsiz görünür.

“Bugünkü Azərbaycanın cəzaçəkmə müəssisələri özəl bir holdinq, şirkət formasında fəaliyyət göstərir. Maddi vəsait hər şeyi həll etdiyinə görə ədalətsiz görünür. Bu gün Azərbaycan necə idarə olunursa həbsxanalar da onların rəisləri tərəfidnən elə idarə olunur.”

Əhmədli həbsxanalarda işgəncələr və qeyri-insani davranışla bağlı da danışıb.

“Həbsimin ilk dövrlərində karantin deyilən yerdə olarkən bunları görmüşəm. Cərimə təcridxanasının pəncərəsi birbaşa oraya açılır. Gözümün qarşısında rastlaşırdım. Adbaad saymaq olar. Dəyənəklə döyülənlər, həm də heç bir müqavimət göstərmədən. Əksinə, işgəncəni bitirmələri üçün yalvarışlar var idi, qışqırtılar var idi. Penitensiar qaydalarda, daxili nizamnamədə, “Cəzaların İcrası Məcəlləsi”ndə silah işlədilməsi ilə bağlı normalar var. Müəssisə əməkdaşı xüsusi müqavimətlə qarşılarsa silah işlədə bilər. Burada isə qollarında qandal olan, sadəcə olaraq hansısa məlumatı etiraf etməli olduğu və yaxud etmədiyi bir hərəkəti boynuna götürməli olduğu tələbi ilə insanlar döyülürdü, işgəncəyə məruz qalırdı. Bir çox hallarda döymə ilə kifayətləməyəndə müəssisənin rəhbər heyəti məhbusu iki yaruslu çarpayıda birinci və ya ikinci mərtəbələrə bağlamaqla da eyni işgəncələr müşaiyət olunurdu. Şəxsən mənə qarşı bu tip fiziki zorakılıqlar olmasa da kifayət qədər rastlaşmışam.”

Fuad Əhmədli
Fuad Əhmədli

O hesab edir ki, Ombudsman Aparatı və Beynəlxalq Qırmızı Xaç Komitəsi bir sıra hallarda həbsxanalarla bağlı qeyri-obyektiv hesabatları ilə seçilib.

Əhmədli saxlanıldığı 16 saylı Cəzaçəkmə Müəssisəsində koronavirusa yoluxanların olmadığını bildirib. Onun firkincə, cəzaçəkmə müəssisəsində məhbus sıxlığı çoxdur və bu sosial məsafənin qorumasına təminat yaratmır. Məhbus sıxlığından yoxlamar zamanı məhbuslar arasında məsafə 10-15 santimetrdən çox olmur. Eyni hal məhbusların yaşadığı yataqxanalardakı çarpayılar arasında da var.

Cəzaçəkmə müəssisələrində insanlar mövcud qanunvericiliyə əsasən daxili intizam qaydalarına uyğun saxlanılır. İşgəncə və rüşvət faktları ilə bağlı deyilənlər uydurmadır
Penitensiar Xidmətin məsul əməkdaşı

AXCP fəalı cəzaçəkmə müəsissəsində rüşvət halları barədə də danışıb. Onun sözlərinə görə, cəzaçəkmə müəssisəsinin tibb məntəqəsində bir ay qalmaq üçün 250-400 manat rüşvət tələb olunur. Həmçinin ailə ilə telefon danışığı, evdən gələn ərzağın mətbəxdə istifadəsi, əlavə hamam xidmətləri üçün də pul ödəmək lazım gəlir.

Fuad Əhmədli 4 il həbsdə qalsa da ruh yüksəkliyini qoruyub saxlayıb və digər siyasi məhbusların azad olunması üçün onların hüquqları uğrunda mübarizə aparacağını bildirib.

Öz növbəsində, Penitensiar Xidmət işgəncə və rüşvətlə bağlı deyilənləri təkzib edir.

“Cəzaçəkmə müəssisələrində insanlar mövcud qanunvericiliyə əsasən daxili intizam qaydalarına uyğun saxlanılır. İşgəncə və rüşvət faktları ilə bağlı deyilənlər isə uydurmadır. Əgər hansısa belə faktlarla rastlaşıbsa Penitensiar Xidmətə müraciət edə bilər,” Penitensiar Xidmətin məsul əməkdaşı Amerikanın Səsinə deyib.

Bununla yanaşı, Ombudsman Aparatı və Beynəlxalq Qırmızı Xaç Komitəsi barələrində deyilənlərə hələ münasibət bildirməyib.

XS
SM
MD
LG