Accessibility links

Fuad Ağayev: "Damokl qılıncı” vəkillərin başı üzərində qalır


Fuad Ağayev
Fuad Ağayev

Vəkil Fuad Ağayev Amerikanın Səsinə müsahibəsində məhkəmə-hüquq islahatları, vəkillik institutu və hüquq təhsilindən danışıb.

Amerikanın Səsi: Azərbaycan Respublikasının prezidenti çıxışlarında məhkəmə-hüquq islahatlarının davam etdirildiyini bildirib. Siz bu islahatları necə görürsünüz?

Ad dəyişməklə mahiyyət dəyişmir.

Fuad Ağayev: Azərbaycan məhkəmə sistemindəki islahatlardan danışmaq çox çətindir. Çünki biri var real islahatlardan söhbət getsin, biri də var, məsələn, bu yaxınlara kimi iqtisadi mübahisələrə dair işlərə iqtisadi məhkəmələr baxırdı. İnzibati İqtisad Məhkəmənin daxilində inzibati işlərə baxan hakim var idi, iqtisadi mübahisələrə baxan hakim var idi. Eyni ilə yuxarı instansiya, Apellyasiya Məhkəməsində inzibati, iqtisadi kollegiya və orada inzibati işlərə və iqtisadi mübahisələrə baxan hakim var idi. İndi nə baş verdi? Məsələn, Bakıda iki inzibati iqtisad məhkəmə var idi. Bu məhkəmələrin inzibati binalarından birində indi, Bakı İnzibati Məhkəməsi, digərində isə Bakı Kommersiya Məhkəməsi yerləşir. Yəni, prinsipal olaraq burada ele də dəyişiklik yoxdur. Hətta müsbət dəyişikliklərdən ümumiyyətlə danışmaq çətindir. Yalnız bir şeyi, biz, burada görürük ki, iqtisadi mübahisələrə baxan hakimlər oldular Kommersiya Məhkəməsinin hakimləri və yaxud Kommersiya Kollegiyasının hakimləri. Ad dəyişməklə burada mahiyyət dəyişmir. Digər tərəfdən, belə götürsək, keyfiyyət baxımından və yaxud proseslərin aparılma üslubu baxımından, deyə bilərlər ki, bəs, bu iqtisadi mübahisələrlə bağlı, kommersiya işlərilə bağlı iddia ərizələri on-line qaydada verilir, on-line qaydada şikayət edilə bilir və s. Məsələ bundadır ki, həmin məhkəmənin adı inzibati iqtisad gedəndə də iqtisadi mübahisələrə dair iddia ərizələri bu qaydada verilirdi. Mən prinsipal dəyişikliklər görmürəm.

Amerikanın Səsi: Son zamanlar Azərbaycanda bir sıra məhkəmə hakimləri dəyişdi və bəzilərinin barəsində iltizam tədbirləri görüldü. Bunu islahat kimi qəbul etmək olarmı?

Necə olur ki, nə qədər insanlar uzun illər həbsdə saxlanılırlar, amma, onların azadllıqdan məhrum edilməsinə baiskar olan insanlar uzağı töhmət alırlar, ya da heç töhmət də almırlar.

Fuad Ağayev: İslahat, məhkəmələrə münasibətdə deyərdim ki, o zaman ciddi islahatlar baş verir. Hakimlər ki, uzun illər ərzində gözü yumulu qaydada az qala prokurorluğun, ittiham tərəfinin vəsatət və təqdimatlarını təmin edib, insanları əsassız olaraq həbs edir və həmin insanlar həbsdə uzun müddət keçirirlər. Bundan sonra həmin hakimlərin qərarlarının qanunsuzluğunu Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən müəyyən edilir. Son vaxtlar İlqar Məmmədovla bağlı Ali Məhkəmənin Plenumu özü cinayət işi üzrə icraata xitam verdi. Halbuki, həmin cinayət işi üzrə İlqar Məmmədov 6 ilə yaxın həbsdə qaldı. Həmin iş üzrə Tofiq Yaqublu da uzun müddət həbsdə qadı. Bu proseslərdə iştirak etmiş, bu proseslərdə həlledici rol oynamış hakimlər var ki, onlardan biri Rəşid Hüseynov. Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi və digərləri. Həmin hakimlər barəsində niyə ciddi tədbirlər görülmür? Necə olur ki, nə qədər insanlar uzun illər həbsdə saxlanılırlar, amma onların azadllıqdan məhrum edilməsinə baiskar olmuş, həmin qərarları vermiş insanlar uzağı töhmət alırlar, ya da heç o töhməti almırlar. Bəzən vəzifələri də bir az da böyüdülür. Yuxarı məhkəmənin hakimləri olurlar. Əlbəttə ki, burada da islahatlardan danışmaq düzgün olmaz. Ancaq islahat görüntüsünü müşahidə edə bilərik.

Fuad Ağayev : "Damokl qılıncı” vəkillərin başı üzərində qalır
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerikanın Səsi: Bəs vəkillərin hazırki statusu onların müsteqilliyinə təminat verirmı?

Yaxud, Ənnağı Hacıbəyli ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı ola-ola, o, Vəkillər Kollegiyasına indiyədək daxil edilmir.

Fuad Ağayev: Vəkillərin xüsusilə siyasi müxalifətdə olan şəxslərin, ya jurnalistlərin, yaxud hüquq müdafiəçilərinin müdafiəsində fəal iştirak etmiş vəkillərlə bağlı, içi mən qarışıq, xeyli insan intizam tədbirlərinə məruz qaldı. Onların arasında neçəsi Vəkillər Kollegiyasından uzaqlaşdırıldı. Onların fəaliyyəti dayandırıldı. Məhkəməyə onların statusuna xitam verilməsi üçün iddialar verildi. Yalçın İmanovun adını çəkmək olar. Şəhla Hümbətova və başqalarını. Neçəsinin fəaliyyəti dayandırılmışdır. İstər-istəməz, bu, “Damokl qılıncı” vəkillərin başı üzərində qalır. Sözsüz, vəkil, xüsusilə gənc vəkillər baxanda ki, bəs filankəslər təcrübəli vəkillər idi. Elə bir əsas olmadığı yerdə, yəni onların statusuna xitam verilməsi üçün əsas olmadığı halda, onların statusuna xitam verilib. Yaxud, Ənnağı Hacıbəyli ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı ola-ola, o, Vəkillər Kollegiyasına indiyədək daxil edilmir. Belə olduğu təqdirdə mən hansısa ittiham tərəfinin, tutaq ki, prokurorluğun, istintaq orqanının mövqeyinə daban-dabana zidd, amma həqiqətə uyğun mövqe ortalığa qoysam, mənim başıma nə gələ bilər? Sözsüz əlbəttə ki, bu çox vəkillərin müstəqilliyinə təsir edir və etməyə də bilməz. Bu psixoloji ab-hava mövcuddur.

Amerikanın Səsi: Ölkədə hüquq təhsilinin keyfiyyətini necə dəyərləndirərdiniz?

Azərbaycanda hüquq təhsili çox geriyə qalıb.

Fuad Ağayev: Mənim dostlarım bəzən mənə deyəndə ki, onların övladları hüquq fakültəsinə daxil olmaq istəyir, mən soruşuram ki hara?.. Deyəndə k,i Bakı Dövlət Universitetinə, mən deyirəm ki, əgər sizin övladınız istedadlıdırsa, məsləhətdir ki, o başqa sahəyə getsin. O sahəyə ki, həmin sahədə Azərbaycandakı təhsil o dərcədə dağıdıcı faktorlara məruz qalmayıb. Çünki Bakı Dövlət Universitetinin hüquq fakültəsi nə qədər acınacaqlı da olsa, etiraf etməliyik ki, ali təhsillərlə bağlı müqayisədə, Ukrayna, Moldova, Gürcüstan və s. ölkələrlə müqayisədə çox aşağı səviyyəli tədrislə məşğuldur. Azərbaycanda hüquq təhsili çox geriyə qalıb.

Amerikanın Səsi: Ölkədə məhkəmə hüquq islahatlarının həyata keçirilməsi üçün nə edilməlidir?

Müstəqillik odur ki, hakim öz qərarlarını qəbul edərkən hansısa inzibati orqanlardan, icra hakimiyyəti orqanlarından asılı deyil.

Fuad Ağayev: Belə islahatların həyata keçirilməsi üçün siyasi iradə olmalıdır, ədalətli məhkəmə araşdırması hüququ gerçəkləşdirilməlidir. Hakimlər müstəqil olmalıdırlar. Müstəqillik o demək deyil ki, bu gün siyasi tapşırıqları icra etdirdin, sabah isə öz cibinin qayğısına qalasan. Müstəqillik bu demək deyil. Müstəqillik odur ki, hakim öz qərarlarını qəbul edərkən hansısa inzibati orqanlardan, icra hakimiyyəti orqanlarından asılı deyil. Hakim müstəqildi və ancaq qanuna tabe olur. Belə olduğu təqdirdə, bu sahədə real addımlar atılacağı təqdirdə, biz islahatlara, əsl islahatlara nail ola bilərik.

Qeyd: Azərbaycan hökuməti ölkədə məhkəmə-hüquq islahatlarının uğurla davam etdirildyini bildirir. Son zamanlar Ali Məhkəməyə və bir sıra digər məhkəmələrə yeni hakimlər təyin edilib. Hökumət məhkəmə-hüquq islahatlarının bundan sonra da davam etdiriləcəyini bəyan edib. Vəkillik institutu ilə bağlı islahatlara gəlincə, rəsmi şəxslər son illərdə Vəkillər Kollegiyasına yüzlərlə yeni vəkilin qəbul edildiyini, regionlarda yeni vəkil ofislərinin açıldığını bildirir.

XS
SM
MD
LG