Accessibility links

Fuad Qəhrəmanlı: Şahid və zərərçəkmişlərin ifadələri ittihamın qondarma mahiyyətini göstərir


Azərbaycan Ordusuna dəstək aksiyasında sonra həbs edilən fəalların məhkəməsi davam etdirilib
Azərbaycan Ordusuna dəstək aksiyasında sonra həbs edilən fəalların məhkəməsi davam etdirilib

Mayın 5-də Bakı Apellyasiya Məhkəməsinin binasında Səbail rayon Məhkəməsinin sədri Ağamalı Qafarovun sədrliyi ilə Azərbaycan Ordusuna dəstək üçün 2020-ci il iyulun 14-də keçirilən aksiya zamanı yaranmış insident faktı üzrə ittiham edilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi şahid və zərərçəkənlərin ifadələri ilə davam etdirilib.

Məhkəməsi keçirilən qrupa Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalları Məmməd İbrahim, Fuad Qəhrəmanlı, Ayaz Məhərrəmli, Bəxtiyar İmanov, Müsəlman Birliyi Hərəkatının 2 üzvü və digər 6 nəfər daxildir.

AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı bildirib ki, bu günkü prosesdə 8 nəfər şahid, 2 zərəçəkmiş ifadə verib.

“Şahidlərin və zərəçəkmişlərin ifadələri ittihamın saxtalığını bir daha üzə çıxardı. Şahidlərdən biri dedi ki, ona Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində psixoloji təzyiq edilib ki, Fuad Qəhrəmanlı və Asif Yusiflinin əleyhinə ifadə versin. O bunu etməyib. Digər şahidlərin ifadələrindən də aydın oldu ki, əksəriyyəti polis idarəsində saxlanıldığı və ya inzibati həbsdə olduğu zaman ifadələri alınıb. Şahidlərin bir qismi bildirdi ki, aksiyada Asif Yusifli ilə birgə olublar və orada Qarabağa azadlıq, torpaqlarımızın azad edilməsi şüarlarından başqa şüarlar səsləndirilməyib. Onlar aksiyada ittiham aktında yazılan Milli Məclisin tutulması, AZTV-nin tutulması ilə bağlı hər hansı ifadənin səsləndirilmədiyini dedi. Zərərçəkənlər isə bildirdi ki, hər hansı iddiaları yoxdur, itttiham edilən şəxsləri tanımırlar. Şahidlərin və zərərçəkmişlərin ifadələri bir daha prosesin qondarma mahiyyətini, gerçəkliyi əks etdirmədiyini, ittihamın hər hansı dəlilə söykənmədiyini göstərdi,” Qəhrəmanlı qeyd edib.

Məhkəmə prosesində müdafiə tərəfinin və ittiham edilən şəxslərin prosesə əlavə şahidlərin dəvət edilməsi ilə bağlı vəsatətləri qəbul edilib.

Mayın 19-da növbəti məhkəmə iclası keçiriləcək.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 186 (əmlakı qəsdən məhvetmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər təşkil etmə ) və 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələri ilə günahlandırılır.

Bu cinayət işi üzrə 37 nəfər təqsirləndirilən, 22 nəfər zərərçəkən şəxs var. Ötən ilin noyabr-dekabr aylarında həbsdə saxlanılan təqsirləndirilən şəxslərin hamısı polisin nəzarətinə verilməklə sərbəst buraxılıb.

Təqsirləndirilən şəxslərdən 16 nəfəri AXCP-nin, 2 nəfəri Müsəlman Birliyi Hərəkatının, 1 nəfəri Azərbaycan Demokratiya və Rifah Hərəkatının fəalıdır. Təqsirləndirilənlər arasında Naxçıvanın keçmiş daxili işlər naziri Siyavuş Mustafayev də var. Qalanları isə bitərəflərdir.

2020-ci il iyulun 14-də Bakıda minlərlə insanın Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlərə dəstək məqsədilə keçirdiyi yürüş-mitinq iyulun 15-də səhərə yaxın polis tərəfindən dağıdılıb. Aksiyanın dağıdılması zamanı polis su şırnaqlarından, gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.

Belə ki, gecə saatlarında bir qrup aksiya iştirakçısı parlamentin binasına daxil olub, polis avtomobili aşırılıb. Bu zaman polis aksiyaçıları parlamentin binasından çıxarıb və polislə qarşıdurma yaşanıb.

Yaranmış insidentlə bağlı cinayət işi qaldırılıb, çoxsaylı insan həbs edilib.

Rəsmi qurumlar həbs edilənlərin sayı barədə məlumat verməsə də, hüquq müdafiəçiləri onların sayının yüzdən çox olduğunu güman edir. Onların çoxu inzibati qaydada cəzalandırılıb.

AXCP-nin məlumatına görə, Azərbaycan Ordusunu dəstəkləmək məqsədi ilə iyulun 14-də keçirilən aksiya zamanı yaranan insident faktı üzrə qaldırılmış cinayət işi üzrə bu partiyanın 45 nəfər fəalı həbs edilib.

“Onlardan 16 nəfərinə qarşı ağır ittihamlar irəli sürülüb. 15 nəfər inzibati qaydada həbs edilib, 14 nəfər şahid qismində dindirilərək sərbəst buraxılıb,” məlumatda qeyd edilir.

AXCP və digər bir sıra siyasi qurumlar həbsləri "siyasi sifariş" hesab edir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG