Accessibility links

Fuad Qəhrəmanlı: Müxalifətə qarşı cəzalandırma metodundan əl çəkilməlidir


Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı dörd aya yaxın həbsdən sonra azadlığa buraxılıb. O, bu ilin iyulunda Azərbaycanın Ermənistanla sərhədinin Tovuz rayonu istiqamətində döyüşlərdə olan Azərbaycan Ordusuna dəstək aksiyası zamanı yaranmış insident faktı üzrə qaldırılımış cinayət işi ilə bağlı həbs edilib. Qəhrəmanlı həbs həyatından və işgəncələrə məruz qalması barədə danışıb.

Amerikanın Səsi: Həbs həyatınız necə keçdi?

Azərbaycan cəmiyyəti ən kütləvi təzyiqlər, repressiyalar qarşısında da öz həmrəyliyini, öz müqavimətini göstərmək iqtidarındadır.

Fuad Qəhrəmanlı: Təqribən dörd aya yaxın bir müddətdə həbsdə oldum. Həbsdə olduğum müddətdə cəmiyyətdə gedən proseslərdən təfərrüatı ilə informasiya almaq imkanım olmadı. Həbsdən çıxandan sonra öyrəndim ki, biz həbsdə olduğumuz müddətdə böyük bir ictimai dəstək kampaniyası olub. Həm yerli, həm də beynəlxalq səviyyədə “Qarabağ məhbusları”nın azad edilməsi ilə bağlı, eyni ilə də mənə olan təzyiqlərlə bağlı böyük bir həmrəylik, müdafiə kampaniyası olub. Buna görə, fürsətdən istifadə edib, bu prosesdə əməyi olan hər kəsə, istər media mənsubları, istər vətəndaş cəmiyyəti institutları, siyasi partiyalar, o cümlədən Xalq Cəbhəsi Partiyasının rəhbərliyinə, həmçinin beynəlxalq təşkilatlara təşəkkürümüzü çatdırırıq. Bu proses təkcə ayrı-ayrı şəxslərlə bağlı məsələ deyil, bütövlükdə şəmiyyətimizin demokratiya imtahanı idi. Cəmiyyətimiz bu prosesdən çox uğurla çıxdı. Bəlli oldu ki, Azərbaycan cəmiyyəti ən kütləvi təzyiqlər, repressiyalar qarşısında da öz həmrəyliyini, öz müqavimətini göstərmək iqtidarındadır. Məncə, bu baxımdan hakimiyyətə çox gözəl bir mesaj verildi. Həbsdə olanda çalışırdım mümkün qədər informasiyalar əldə edim, amma imkanlar çox məhdud olduğuna görə proseslərlə bağlı demək olar ki, məlumatsız idim.

Amerikanın Səsi: Siz kütləvi aksiyalarda iştirak etməmişdiiniz. Bəs həbsinizin səbəbini nədə axtarırsınız?

Fuad Qəhrəmanlı: İttihamda göstərilir ki, mən təşkilatçıyam. Aksiyada iştirak etməsəm də, kənardan koordinasiya etmişəm. Bu baxımdan təşkilatçı kimi təqdim olunurduq. Ancaq istintaqın gedişində irəli sürülmüş ittihamı sübut edəcək hər hansı dəlil ortaya çıxmadı. Aydın oldu ki, bu, əslində siyasi xarakterli ittihamdır və heç bir hüquqi dəlilə söykənmir. Hər kəs bilirdi ki, hətta hakimiyyətin özünə də məlum idi ki, burada hər hansı günahdan, cinayətdən söhbət getmir. Bu, həm Xalq Cəbhəsinə, həm də dəyişikliklər istəyən Azərbaycan cəmiyyətinə sırf təzyiq xarakteri daşıyır.

Amerikanın Səsi: Siz həbs ediləndən sonra dəhşətli işgəncələrə məruz qalmağınızla bağlı mətbuatda məlumatlar dərc edildi. Bu məlumatlar nə dərəcədə həqiqətə uyğundur?

Cəmiyyətin narahatlıqları tamamilə əsaslı idi. Bu həmrəylik fonunda hakimiyyətin də atdığı addım situasiyaya uyğundur və təqdir edirik.

Fuad Qəhrəmanlı: Bu narahatlıqların heç biri əsasız deyildi. Sadəcə olaraq biz həbsdən çaxandan sonra gördük ki, artıq cəmiyyətdə yeni bir ab-hava var. Yəni Qarabağın xeyli hissəsinin işğaldan azad olunması cəmiyyətdə böyük bir milli həmrəylik formaladırıb. Bu həmrəylik fonunda, bu milli bütövlük fonunda hesab edirəm ki, olanlar artıq keçmişdə qalmış məsələdir. Çünki, bizim çoxlu şəhidlərimiz olub, eyni zamanda böyük qələbələrimiz olub. Ona görə, indiki məqamda neqativə köklənməyi uyğun hesab etmirəm. Bu məsələnin üzərində xüsusi durmağa ehtiyac görmürəm. Sadəcə onu qeyd edim ki, cəmiyyətin narahatlıqları tamamilə əsaslı idi. Bu həmrəylik fonunda hakimiyyətin də atdığı addım situasiyaya uyğundur və təqdir edirik. Yəni, 21 nəfər “Qarabağ məhbusu”nun azadlığa buraxılması və gözlənilir ki, növbəti addımlar da olacaq, içəridə qalan məhbusların da azadlığa çıxacağı gözlənilir. Bu kontekstdə neqativ hadisələri gündəliyə gətirməyi hesab etmirik. Ancaq bütün halda hesab edirəm ki, cəmiyyətdə milli həmrəylik yaranıb, qalibiyyət əhval-ruhiyyəsi formalaşıb, bu, həm siaysətdə, həm ölkə həyatında yeni bir mərhələnin başlanğıcıdır. Bunu hakimiyyət doğru dəyərləndirməlidir, pozitiv istiqamətə yönəltməyə çalışmalıdır. Ənənəvi metodlardan, müxalifətə qarşı qisasçılıq, cəzalandırma metodlarından əl çəkilməlidir. Aydın oldu ki, ümummilli məsələlərdə ölkə üçün, millət üçün vacib olan məsələlərdə biz birləşirik, vahid mövqe nümayiş etdiririk. Məncə vurğunu bu məqama salmaq lazımdır.

Amerikanın Səsi: İstintaqın məhkəmə perspektivini necə görürsünüz?

Fuad Qəhrəmanlı: Bizlərin ev dustaqlığına buraxılması onu göstərir ki, təbii ki, böyük ehtimal edə bilərik ki, proseslər bu istiqamətdə gedərsə və hakimiyyət bu mövqeyini davam etdirərsə, artıq məhkəmə qərarları da yəqin ki, indiki addıma uyğun olacaq. Bunun bir növ məntiqi davamı olacaq. Hesab edirəm ki, ən doğru addım məhz “Qarabağ məhbusları” ilə bağlı cinayət işinə xitam verilməsi olmaldır.

Dünyaya Baxış

Dünyaya Baxış. Volodimir Zelenskinin köməkçisinə qarşı sui qəsd cəhdi edilib
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG