Accessibility links

Fuad Qəhrəmanlı vəkilindən imtina edib


Vəkil Bəhruz Bayramov bu gün, avqustun 6-da 1 saylı Bakı İstintaq Təcridxanasına, müdafiə etdiyi ağır işgəncələrə məruz qaldığı bildirilən Azərbaycan Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlının yanına buraxılıb.

Vəkil Amerikanın Səsinə bildirib ki, görüş bir dəqiqə yarım çəkib. Qəhrəmanlı onun xidmətindən və apellyasiya şikayətindən imtina edib.

“O, mənə təşəkkür etdi və dedi ki, hələlik onun müdafiəsinə ehtiyac yoxdur,” vəkil bildirib.

Eyni zamanda, Fuad Qəhrəmanlı deyib ki, istintaqa heç bir ifadə, o cümlədən etirafedici ifadə verməyib.

Fuad Qəhrəmanlı vəkilindən imtina edib
please wait

No media source currently available

0:00 0:03:10 0:00

Qəhrəmanlının işgəncəyə məruz qalması ilə bağlı şikayət edib-etməməsi barədə sualı vəkil belə cavablandırıb: “Bu barədə heç nə demədi, ancaq onu dedi ki, mənim iştirakıma ehtiyac yoxdur.”

“Fuad Qəhrəmanlı necə görünürdü, vəziyyəti necə idi?” sualına vəkil birmənalı cavab verməkdə çətinlik çəkib: “Mən həkim deyiləm, nəsə demək çətindir. Onun yalnız sifətini görə bildim.”

Fuad Qəhrəmanlı iyulun 14-15-də Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində döyüşlərini dəstəkləmək məqsədi ilə keçirilən nümayiş zamanı yaranan insident faktı üzrə qaldırılmış cinayət işi üzrə iyulun 23-də həbs edilib.

Ona Cinayət Məcəlləsinin 186 (əmlakı qəsdən məhvetmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər təşkil etmə), 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlamağa yönəlik hərəkətlər) maddələri ilə ittiham verilib.

Vəkili onunla avqustun 6-dək görüşə bilməyib. Bununla yanaşı, AXCP funksionerinin hüquqlarını dövlət hesabına ayrılmış vəkilin müdafiə etdiyi bildirilir.

Hüquq müdafiəçiləri bildirib ki, o, AXCP lideri Əli Kərimliyə qarşı ifadə verməsi üçün amansız işgəncələrə məruz qalır.

Hüquq müdafiəçilərinin iddiası Baş Prokurorluq tərəfindən təkzib olunub.

Avqustun 5-də Amnesty International beynəlxalq hüquq müdafiə təşkilatı Azərbaycan hakimiyyətinin `siyasi müxalifəti, ifadə azadlığını, dinc toplaşmaq və birləşmək azadlığı hüququnu amansız şəkildə boğmasını` pisləyən bəyanat yayıb.

“Sonuncu həbs və qorxutma dalğası onsuz da həddindən artıq dağılmış müxalifətin məhvinə gətirib çıxara bilər. 100-dən çox insan, xüsusən müxalifət fəalları və onların tərəfdarları iyulun 14-15-də Bakının mərkəzində keçirilən mitinqdən sonra siyasi motivlərlə həbs edilib,” bəyanatda bildirilir.

Bundan sonra prezident İlham Əliyev açıq şəkildə müxalifəti zorakılıqda ittiham edib, ölkəni “beşinci kolon”dan və “ermənidən daha betər olan düşmənlərdən” təmizləməklə hədələyib.

“Azərbaycan hakimiyyəti siyasi motivli təqiblərə, siyasi rəqiblərini və onların tərəfdarlarını qorxutmağa və onlara qarşı repressiyalara son qoymalıdır. İnsan hüquqlarını həyata keçirdiklərinə görə cinayət işləri və ya inzibati işlər üzrə özbaşına həbs edilmiş bütün şəxslər dərhal və qeyd-şərtsiz azad edilməlidir”- deyə, bəyanatda bildirilir.

Amnesty Logo
Amnesty Logo

14-15 iyul mitinqi zamanı həbs edilmiş 70 nəfərdən başqa Azərbaycan hakimiyyəti çox sayda müxalifət fəalını və liderini saxlayıb. 60-dan çox insan isə ictimai asayişi pozmaqdan polisə müqavimətə qədər ən müxtəlif ittihamlarla həbs edilib. Həbslər konkret olaraq AXCP üzvlərinə, o cümlədən partiyanın 4 rəhbərinə - Asif Yusifli, Bəxtiyar İmanov, Fuad Qəhrəmanlı və Məmməd İbrahimə qarşı yönəlib.

"Onlar hamısı hakimiyyəti zorla ələ keçirməyə cəhd və iğtişaşların təşkili kimi uydurma ittihamlarla uzun müddətə azadlıqdan məhrum edilə bilər. Onların vəkillərlə görüşünə icazə verilmir və qeyri-rəsmi məlumatlara görə, onlar amansız işgəncələrə məruz qalır," Amnesty International-ın bəyanatında bildirilir.

Öz növbəsində, Azərbaycan rəsmiləri beynəlxalq tənqidləri qəbul etmir, qərəzli sayır. Ölkə rəhbərləri insanların siyasi iradəsinə görə təqib edilmədiyini bildirir.

XS
SM
MD
LG