Accessibility links

Fuad Qəhrəmanlı: İctimai Palata 2 aprel mitinqini uğurla keçirəcək


Fuad Qəhrəmanlı: İctimai Palata 2 aprel mitinqini uğurla keçirəcək
Fuad Qəhrəmanlı: İctimai Palata 2 aprel mitinqini uğurla keçirəcək

İctimai Palata aprelin 2-də keçiriləcək mitinqə hazırlıq işlərini başa çatdırıb. AXCP sədrinin müavinin fikrincə, Azərbaycan cəmiyyəti ölkədə dəyişiklikləri vacib sayır.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, İctimai Palatanın Mitinq Komitəsinin üzvü Fuad Qəhrəmanlı Amerikanın Səsi radiosuna müsahibəsində İctimai Palatanın aprelin 2-də Fəvvarələr meydanında mitinq keçirəcəyini bildirib. Onun sözlərinə görə, iqtidar sərbəst toplaşmaq azadlığını pozur, insanlara hüquqlarını gerçəkləşdirmək üçün icazə vermir.

Sual: Bakı şəhər İcra Hakimiyyətinin İctimai Palatanın aprelin 2-də Nərimanov kinoteatrının qarşısındakı meydanda mitinq keçirməsinə icazə verməməsinin səbəbi nədir?

Cavab: Meriya bildirir ki, burada mitinq keçirilməsi nəqliyyatın intensivliyinə və insanların istirahətinə mane ola bilər. Meriya aksiyanın Bibiheybət stadionunda keçirilməsini məsləhət bilib. Hesab edirik ki, bu cavab “Sərbəst toplaşmaq haqqında” qanunun kobud şəkildə pozulmasıdır. Bu, həm də ölkədə siyasi azadlıqların məhdudlaşdırılmasının növbəti təsdiqidir.

İctimai Palata cavabla razılaşmır və əvvəlcədən bəyan edildiyi kimi, Nərimanov kinoteatrının qarşısında mitinq keçirilməsinə razılıq verilmədiyi halda aksiya şəhərin mərkəzində Fəvvarələr meydanında keçiriləcək.

Aksiyaya hazırlıq işləri tamamilə yekunlaşıb. Biz, aprelin 2-də saat 14-də Fəvvarələr meydanında aksiyanı keçirəcəyik.

Hakimiyyətin müxalifətin aksiyasının keçirilməsinə icazə verməməsi göstərir ki, iqtidar siyasi proseslərin hüquq və demokratik prinsiplər çərçivəsində inkişafında maraqlı deyil. Öz hərəkətləri ilə prosesləri qarşıdurma müstəvisinə çəkir. Bu şəraitdə baş verə biləcək istənilən gərginliyin, təhlükənin, xoşagəlməz hadisənin məsuliyyəti hakimiyyətin üzərinə düşür. Hakimiyyətin aksiyanı dağıtmaq cəhdi isə prosesləri daha da gərginləşdirəcək.

Sual: Mitinqdə iştirakı gözlənilən fəalların saxlanması da davam edir. Hazırda neçə nəfər saxlanıb?

Cavab: Ondan çox fəal saxlanıb. Hazırda üzvlərimizin çoxu konspraktiv fəaliyyətə keçib. Çünki, onların həbsi aksiyanın təşkilində problem yarada bilər. Həbslər cəmiyyətin gözünü qorxutmağa hesablanıb. Aksiyaya çoxsaylı insanlar cəlb edilib və onların hamısını saxlamaq praktik cəhətdən mümkün deyil. Həbslərə baxmayaraq aksiyanı uğurla keçirəcəyik.

Cavab: Əsas tələbləriniz nədir?

Cavab: Həm sosial, həm də siyasi tələblər irəli sürülüb. Sosial tələblər sırasında, - ölkədə bahalaşmaya, işsizliyə, korrupsiyaya son qoyulmasını gündəmə gətirəcəyik. Eyni zamanda, siyasi azadlıqların təmin edilməsi, parlamentin buraxılması, yeni parlament seçkilərinin keçirilməsi, yeni “Seçki Məcəlləsi”nin qəbul edilməsi, siyasi məhbusların azadlığa buraxılması, mediaya qarşı təzyiqlərə son qoyulması və başqa tələblər irəli sürüləcək.

Sual: Rəsmi və iqtidaryönümlü qəzetlərdə mitinqin təşkilatçıları, əsasən də AXCP sədri Əli Kərimlinin əleyhinə çoxsaylı məqalələr dərc edilib. Hətta mitinqçilər radikal islamçılar və terrorçularla müqayisə edilir. Bu baxışlara münasibətiniz necədir?

Cavab: Tamamilə cəfəng və əsassız fikirlərdir. AXCP olaraq biz dinc mübarizənin tərəfdarıyıq, hər hansı radikal dini qrupla təmasımız yoxdur. Eyni zamanda, AXCP dindar insanların ölkədə demokratik azadlıqların genişləndirilməsi uğrunda mübarizədə iştirakını tam dəstəkləyir. Çünki, insan hüquqları qorunmadan, demokratik azadlıqlar təmin olunmadan dini etiqad azadlığının təmin edilməsi də mümkün deyil. Hökumət dini qurumların ölkədə demokratik azadlıqlar uğrunda mübarizədə iştirakından narahatdır. Bu, həm də mübarizə aparanların sayının artması, sosial bazasının genişlənməsidir. Bu dini qurumlar dövlət qeydiyyatından keçib, qanun çərçivəsində azadlıqları uğrunda mübarizə aparır.

Nəhayət, Azərbaycan cəmiyyəti ölkədə dəyişiklikləri vacib sayır. Ölkə dəyişməsə cəmiyyətin bütün zümrələri hakimiyyətin qanunsuzluqlarından, özbaşınalıqlarından ziyan çəkəcək. Ona görə də İctimai Palata cəmiyyətin geniş dəstəyini alacaq və ölkədə dəyişikliklərə nail olacaq.

XS
SM
MD
LG