Mayın 4-də Bakının Nəsimi rayon Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP_ sədrinin müavini Fuad Qəhrəmanlının həbs müddətini daha iki ay uzadıb. O, Nardaran qəsəbə sakinlərini hakimiyyətə tabe olmamağa çağırmaq barədə ittihamla həbs olunub.
Vəkil Fəxrəddin Mehdiyev Amerikanın Səsinə bildirib ki, müdafiə tərəfi cinayət tərkibinin olmadığına görə işin dayandırılması barədə vəsatət qaldırıb. Buna baxmayaraq məhkəmə həbsin daha iki ay uzadılması barədə istintaq orqanının təqdimatını təmin edib.
Vəkilin sözlərinə görə, Nəsimi rayon Məhkəməsinin apellyasiya şikayəti veriləcək.
AXCP sədrinin müavini 2015-ci il dekabrın 8-də həbs edilib. F.Qəhrəmanlının həbsinə Facebook-dakı yazıları səbəb olub. Belə ki, o, Nardaran sakinlərinə müraciət edərək onları öz hüquqlarını müdafiə etməyə çağırıb. Hakimiyyət müxalifətçini “hakimiyyətin zorla ələ keçirilməsinə açıq çağırışlar” ittihamı ilə həbs etmək üçün sosial şəbəkədə yayılan bu yazıdan istifadə edib.
Qəhrəmanlı ittihamı qəbul etmir və siyasi sifariş sayır.