Dövlət Gömrük Komitəsinin əməkdaşı qeyri-qanuni olaraq pul aldığına görə vəzifədən azad edilib. Onun hərəlkətinə hüquqi qiymət verilməsi üçün barəsində toplanmış materiallar prokurorluğa göndərilib.
Dövlət Gömrük Komitəsinin məlumatında deyilir ki, Bakı Baş Gömrük İdarəsi Gömrük Əməliyyatları İdarəsi Gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektoru, gömrük xidməti polkovnik-leytenantı Namiq Əsədovun "Liebherr-Azeri LLC" MMC-nin ünvanına Almaniyadan daxil olan malların gömrük rəsmiləşdirilməsini prosesini qısa müddət ərzində yekunlaşdırmaq müqabilində şirkət nümayəndəsindən qeyri-qanuni olaraq 350 manat tələb etdiyi müəyyən edilib.
Bir neçə gün öncə Dövlət Gömrük Komitəsinin digər əməkdaşı qeyri qanuni olaraq 400 manat aldığına görə vəzifəsindən azad edilib və barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluğa göndərilib.
Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev bu ilin yanvarında kollegiya iclasında bildirib ki, 2018-ci ildə bir neçə gömrük əməkdaşı tutduğu vəzifəyə və daşıdığı rütbəyə hörmətsizlik edib, rüşvət və korrupsiyaya bulaşıb.
“Ancaq onlar bu gün gömrük sistemində yoxdurlar, onlara qarşı cinayət işi açılıb. Düşünürəm ki, bu, digər əməkdaşlara da bir siqnal olmalıdır. Belə əməkdaşlar, öz işinə və peşəsinə hörmət etməyən adamlar bizim sıralarımızdan gedəcək.”
Komitə sədri bildirib ki, gömrük andına xələl gətirən əməkdaşlara qarşı qəti addımlar 2019-cu ildə də davam etdiriləcək.
“Tamahını idarə edə bilməyənlər bizim aramızdan gedəcək, özü də çox pis şəkildə gedəcək. Sahibkarlara müraciət olunub ki, əməkdaşlarımızı korrupsiyaya və rüşvətə cəlb etməsinlər,” Mehdiyev qeyd edib.
Milli Məclisdə 2019-cu ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov bildirib ki, 2018-ci ildə Dövlət Gömrük Komitəsində kadr dəyişikliyindən sonra gömrük yığımı 800 milyon manat artıb.
Vahid Əhmədov həmçinin hüquq mühafizə orqanlarının indiyədək olan korrupsiya halları ilə bağlı araşdırma aparmasının lazımlığını bildirib.