Accessibility links

Göyçay rayonunda AXCP fəalı saxlanılıb


Qaçay Qafarov
Qaçay Qafarov

Son günlərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üç fəalı saxlanılıb. Hər üç fəal partiyanın rayon şöbələrinin üzvləridir.

AXCP-nin məlumatında deyilir ki, bu gün, iyulun 4-də bu partiyanın Göyçay rayon şöbəsinin fəalı Qaçay Qafarov, iyunun 27-də İsmayıllı şöbəsinin fəalı Faiq Rəşidov (10 sutka inzibati həbsə məhkum edilib) və iyulun 4-də Masallı şöbəsinin fəalı Əlixan Rəcəbli saxlanılıb.

“Diqqət! Repressiyanın yeni dalğası! Bu dəfə hədəfləri region cəbhəçiləridir. Evinə qapadılmış millət bunlardan yemək pulu istəyir, bunlar da cəbhəçilərin həbsinin yeni dalğasına başlayıblar. Ancaq xeyri yoxdur. Bununla öz bacarıqsızlıqlarını, anti-xalq siyasətlərini ört-basdır edə, cəbhəçiləri qorxuda bilməyəcəklər,” AXCP sədri Əli Kərimlinin Facebook səhifəsində admin heyəti ona istinadən yazıb.

Öz növbəsində, Qaçay Qafarovun atası Alışan Qafarov oğlunun saxlanıldığını təsdiq edib.

“Oğlum Qaçay iyulun 4-də Yalman kəndində otlaq sahəsində qoyun otararkən 4 nəfər mülki geyimli şəxs tərəfindən saxlanılıb. Otardığı qoyunlar da otlaq sahəsində sahibsiz qalıb. Oğlumun həbsini mənə kəndimizin sakinləri dedi. Sonradan öyrəndim ki, rayon polis şöbəsindədir. Polis şöbəsində növbətçi dedi ki, facebook statusuna görə saxlayıblar, iyulun 6-da məhkəmə qarşısına çıxaracaqlar,” ata Amerikanın Səsinə bildirib.

AXCP partiyanın dünən saxlanılan digər fəalı, Masallı rayon təşkilatının üzvü Əlixan Rəcəblinin Daxili İşlər Nazirliynin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirildiyini bildirib.

"Onun barəsində hələ hər hansı məlumat öyrənə bilməmişik," AXCP-dən Amerikanın Səsinə deyiblər.

Hüquq mühafizə orqanları AXCP fəallarının saxlanılması ilə bağlı hələ məlumat yaymayıb.

AXCP COVİD-19 pandemiası ilə əlaqədar tətbiq edilmiş karantin dövründə 30-dan çox fəalının inzibati qaydada, 3 fəalının isə cinayət təqibi ilə həbs edildiyini bildirir.

Rəsmi qurumlar isə ölkədə insanların siyasi iradəsinə görə təqib edilmədiyini, bütün vətəndaşların qanunvericilik qarşısında bərabər olduğunu bəyan edir.

XS
SM
MD
LG