Accessibility links

Gülmirə Aslanova: Polad Aslanov aclıq aksiyasını dayandırıb


Xeberman.com saytının baş redaktoru Polad Aslanov aclıq aksiyasını dayandırıb.

Bu barədə jurnalistin həyat yoldaşı Gülmirə Aslanova Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsinin qarşısında Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, Polad Aslanov aclıq aksiyasının 30-cu günündə dayandırıb.

Gülmirə Aslanova həyat yoldaşının aclıq aksiyasının dayandırılmasının səbəbini öyrənə bilməyib.

“Onun özü zəng vurub anasına məlumat verib. Amma mən danışıq istədim 5 dəqiqə ki, onunla danışım məlumat alım aclığının dayandırılması ilə bağlı nə mənə danışıq, nə də görüş verdilər. Başa düşürəm ki, ayda 1 dəfə görüşdür. Ciddi rejimdir. Amma ən azından onun özündən məlumat ala bilərdim. Aclığının dayandırılmasının səbəbini öyrənmək istəyirdim. Sadəcə gətirdiyim ərzaq var idi ki, onu götürdülər" - deyə, həyat yoldaşı bildirib.

Gülmirə Aslanova deyir ki, Ombudsmanla əlaqə saxlayıb və aclıq aksiyasının dayandırlmasını təsdiq ediblər.

Hələlik Ombudsman aparatı ilə əlaqə saxlamaq mümkün olmayıb.

Polad Aslanovun həyat yoldaşı onun səhhətindən narahat olduğunu bildirib.

Polad Aslanov fevralın 24-də 1 saylı Cəzaçəkmə Müəssisəsinin sanitar-tibb hissəsinə köçürülüb. O, ayrı otaqda saxlanılır, həkim nəzarətindədir.

Penitensiar Xidmətdən onun sağlamlıq durumu ilə bağlı məlumat almaq mümkün olmayıb.

Fevralın 8-də Ombudsman Aparatının nümayəndələri Bakı İstintaq Təcridxanasında xeberman.com saytının təsisçisivə baş redaktoru Polad Aslanov ilə görüşüblər. Ombudsman Aparatı nümayəndəsi Polad Aslanovun aclıq etdiyini təsdiqləyib. Bununla yanaşı, qurumda qeyd ediblər ki, P.Aslanovun vəziyyəti normaldır, sərbəst hərəkət edir, lakin Bakı Ağır Cinayətlər Məhkəməsinin ədalətsiz hökmündən şikayətçidir.

2019-cu il noyabrın 16-da xeberman.com saytının təsisçisi Polad Aslanov məhkəmə tərəfindən İranın xeyrinə casusluqda təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib. O, 12 iyun 2019-cu ildə həbs edilib və Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham olunub. İstintaq iddia edir ki, Aslanov jurnalist həmkarlarını cəlb edərək onları İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa sövq edib.

Jurnalist ittihamı qəbul etmir və jurnalist fəaliyyətinin məhdudlaşıdırılmasına yönəldiyini bildirir.

ABŞ Dövlət Departamentinin demokratiya, insan hüquqları və əmək məsələləri bürosunun ötən il noyabrın 2-də yaydığı bəyanatda Azərbaycan hakimiyyəti 2019-cu ilin iyunundan bəri Dövlət Təhlükəsizliyi Xidmətindəki korrupsiyanı ifşa etdikdən sonra tutulan Polad Aslanov da daxil olmaqla, əsas azadlıqlardan istifadə etdiyinə görə həbs edilən bütün jurnalistləri sərbəst buraxmasına çağırılıb.

Sərhədsiz Reportyorlar, Jurnalistləri Müdafiə Komitəsi kimi beynəlxalq hüquq-müdafiə təşkilatları Azərbaycan hakimiyyətini jurnalist Polad Aslanovla bağlı ədalətli məhkəmə təhqiqatını təmin etməyə çağırıb.

2021-ci il fevralın 1-də Polad Aslanovun apellyasiya şikayətinə baxış zamanı jurnalist məhkəmədə prosesin obyektivliyinin təmin edilməsini tələb edərək, aclıq elan edib.

Fevralın 15-də Bakı Apellyasiya Məhkəməsi hakim Həsən Əhmədovun sədrliyi ilə Polad Aslanovun apellyasiya şikayətini təmin etməyib.

XS
SM
MD
LG