Accessibility links

Gülnoza Said: Blogerlik Azərbaycanda ən təhlükəli işlərdən biridir


Gülnoza Said: Blogerlik Azərbaycanda ən təhlükəli işlərdən biridir
please wait

No media source currently available

0:00 0:08:33 0:00

Jurnalistləri Müdafiə Komitəsinin Avropa və Mərkəzi Asiya regionu üzrə nümayəndəsi Gülnoza Said Amerikanın Səsinə müsahibədə təşkilatın Fransa hakimiyyətinə azərbaycanlı bloger Məhəmməd Mirzəlinin bıçaqlanması ilə bağlı insidentini araşdırmağa çağırışı, bloger Mehman Hüseynovun polis tərəfindən saxlanılması və jurnalist Əfqan Muxtarlının Gürcüstan hökumətindən onun ölkəyə daxil olmasına imkan verilməməsi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətindən danışıb.

Amerikanın Səsi: Bu həftə tanınmış bloger Mehman Hüseynov dövlət məmuru tərəfindən mənimsəmə ilə bağlı araşdırma apararkən polis tərəfindən saxlanılıb və sorğu-sual edilib. O, bir neçə saatdan sonra sərbəst buraxılıb, onun dronu rəsmilər tərəfindən alınıb. Amerikanın Səsinə müsahibədə Mehman Hüseynov saxlanılmasını qeyri-qanuni adlandırıb. Sizin bununla bağlı məlumatınız varmı və Jurnalistləri Müdafiə Komitəsinin reaksiyası nədən ibarətdir?

Gülnoza Said: Bəli, biz bu barədə eşitmişik. Mən Mehman Hüseynovun qarşılaşdığı bütün çətinliklərə baxmayaraq, Azərbaycana qayıtmasına görə sevinirəm. O, blogerlik, jurnalist kimi fəaliyyəti ilə əlaqədar olaraq, həbs cəzası çəkib, sonra Avropaya getməli olub, lakin indi o qayıdıb və verilən məlumatlara əsasən mən belə başa düşürəm ki, o, rəsmilər arasında korrupsiya da daxil olmaqla öz araşdırmalarını davam etdirmək istəyir. Bu da Azərbaycanda ən təhlükəli işlərdən biridir. Məhz bu fəaliyyətinə görə o, bir neçə il bundan əvvəl həbsxanaya salınmışdı. Biz aydındır ki, onun saxlandığını eşitdikdə çox narahat olduq, amma bu, onun artıq sərbəst buraxılmasından sonra baş vermişdi. Mən özüm də Azərbaycan qanunvericiliyinə baxıram ki, burada rəsmilərin jurnalistlərin dronunu saxlamasına imkan verən bir şey varmı, ya da ümumiyyətlə, rəsmilərin hərəkətləri üçün qanuni bir əsas varmı? Lakin bu sualın cavabı nə olursa olsun, Mehman Azərbaycan ictimaiyyəti üçün çox vacib bir mövzu, Azərbaycanda az sayda jurnalistin edə bildiyi araşdırmaya cəhd edib və onunla baş verən hadisə, o, qısa müddətə saxlansa da, bu, çox narahatlıq doğuran bir vəziyyətdir və biz bunun bir daha təkrar olunmayacağına ümid edirik. Amma təəssüf ki, Azərbaycanda jurnalistlərlə baş verən bütün digər hadisələri nəzərə alaraq mən çox nikbin deyiləm.

Amerikanın Səsi: Jurnalistləri Müdafiə Komitəsi Fransa hakimiyyətini mühacirətdə olan azərbaycanlı video bloger Məhəmməd Mirzəliyə qarşı bıçaq hücumunu araşdırmağa, günahkarları taparaq, məsuliyyətə cəlb etməyə çağırıb. Komitə həmçinin şərh üçün Azərbaycan rəsmilərinə də müraciət edib. Fransa və ya Azərbaycan rəsmiləri tərəfindən hansısa bir cavab verilibmi?

Gülnoza Said: Xeyr, hələ yox. Azərbaycan rəsmiləri adətən, Azərbaycanda baş verən hadisələrlə bağlı heç bir müraciətə cavab vermir. Lakin Fransa rəsmiləri ilə əvvəllər də oxşar təcrübə olub. Onlar əvvəlcə işi araşdırırlar və sonra bəzi kiçik detallarla cavab verirlər. Buna görə də biz əslində, bunu gözləmirdik. Biz təsdiq almaq istəyirdik. Hücumun hədəfinin Mirzəlinin olduğu haqda təsdiqi ala bilmədik, lakin daha sonra Fransanın başqa bir informasiya agentliyi təsdiq aldı və bu, bizim Mirzəli haqqında söylədiklərimizin hamısını sübut etdi. Bu, təbii ki, çox dəhşətli bir hücumdur. Bəzi məlumatlarda hücum edən şəxslərin Azərbaycan dilində danışdığı bildirilir. Bu da çox böyük narahatlıq doğurur. Çünki əgər bu doğrudursa, mən onu nəzərdə tuturam ki, bu, ilk dəfə deyil ki, Azərbaycan söz azadlığını Azərbaycandan kənarda başqa bir yerdə senzuraya məruz qoymağa cəhd edir və əgər onların bunda əli varsa, azərbaycanlıların prezident İlham Əliyev də daxil olmaqla, Azərbaycan rəsmilərini tənqid edən hər kəsi təqib etmək üçün hansı tədbirlərə əl ata biləcəyi çox böyük narahatlıq doğurur.

Amerikanın Səsi: Keçən həftə hazırda Almaniyada yaşayan jurnalist Əfqan Muxtarlı Gürcüstan hökumətindən onun ölkəyə daxil olmasına imkan verilməməsi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib. Sizin onun işi ilə bağlı məlumatınız varmı?

Gülnoza Said: Əfqan Muxtarlının işi şəxsən mənə çox yaxındır. Mən Əfqanı tanıyıram və təxminən bir il əvvəl o, sərbəst buraxıldıqda və nəhayət Almaniyada sığınacaq tapanda mən onunla müsahibə aparmışam. Ona Azərbaycan tərəfindən təhlükənin olmadığı üçün rahatlıq hiss etdim. O, Azərbaycan hakimiyyəti tərəfindən əziyyət görüb, bir müddət Azərbaycanda həbsxanada qalıb və bundan öncə isə Gürcüstanda qaçırılıb. Lakin təəssüf ki, Gürcüstan rəsmilərinə onun qaçırılmasını araşdırmaq, istər təhlükəsizlik xidməti olsun, istərsə də başqa bir agentlik, Gürcüstan hökumət orqanlarının onun oğurlanmasında iştirak edib-etmədiyini araşdırmaqla bağlı çağırışlara, bu müraciətlərə indiyə qədər cavab verilməyib və bu məsələ hələ də həll olmayıb. Əfqan Muxtarlının Gürcüstanda başına nə gəlib və bir neçə il əvvəl onu Gürcüstandan qaçıraraq Azərbaycana gətirən şəxslər bunu necə edə biliblər? Bu gün Franslərada baş verənlər və Gürcüstanda Əfqan Muxtarlının başına gələnlər arasında paralellər var. Söhbət yenə də azərbaycanlıların hökumətin tənqidçilərini təqib etməkdə nə qədər uzağa gedə biləcəyindən gedir. Təəssüf ki, Azərbaycan vətəndaşları çox vaxt öz ölkələrində ədalətini tapa bilmir və onlar Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməli olur. Mən ümid edirəm ki, bu işə Əfqan Muxtarlının maraqları nəzərə alınaraq baxılacaq.

Amerikanın Səsi: Beynəlxalq ictimaiyyət Azərbaycan jurnalistlərinin müdafiəsində hansı rol oynaya bilər? Beynəlxalq ictimaiyyət tərəfindən hansı addımlar atılmalıdır?

Gülnoza Said: Bu, çox aktual bir sualdır. Təəssüf ki, əvvəllər də dediyim kimi, mən İlham Əliyevin hakimiyyətdə olduğu müddətdə Azərbaycan rəsmilərinin özlərinin jurnalistlər və hökumətin digər tənqidçilərinə münasibətlərini necə dəyişə biləcəyini görmürəm. Buna görə indi yeganə ümid budur ki, beynəlxalq ictimaiyyət fəaliyyət göstərəcək və təkcə ölkədən xaricdə olan və hücumlar və ya digər dəhşətli hərəkətlərə məruz qalan azərbaycanlılar deyil, həm də Azərbaycanın özündə olanları müdafiə edəcək. Mən ümid edirəm ki, Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı artan məlumatlılıq nəticədə beynəlxalq ictimaiyyətin müxtəlif aktyorları tərəfindən konkret hərəkətlərə gətirib çıxaracaq. Fransa Azərbaycan hakimiyyətinin bu konkret işdə iştirakı məsələsini nəzərdən keçirə bilər. Biz hər hansı bir beynəlxalq təşkilatla, ATƏT və ya başqa qurumlarla görüşlərdə Azərbaycanda mətbuat azadlığı və insan haqlarının pozulması məsələlərini qaldırmışıq. Mən ümid edirəm ki, nəticədə bu məlumatlılıq və eyni zamanda bu çox sayda çağırışlar beynəlxalq ictimaiyyət tərəfindən konkret fəaliyyətə gətirib çıxaracaq.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG