Accessibility links

Gülnoza Said: Polad Aslanov və Əfqan Sadıqovun durumunu diqqətlə izləyirik


Gülnoza Said: Polad Aslanov və Əfqan Sadıqovun durumunu diqqətlə izləyirik
please wait

No media source currently available

0:00 0:08:39 0:00

Qərargahı Nyu-Yorkda yerləşən media müdafiə təşkilatı olan Jurnalistləri Müdafiə Komitəsinin Avropa və Mərkəzi Asiya regionu üzrə nümayəndəsi Gülnoza Said Amerikanın Səsinə müsahibədə jurnalistlər Polad Aslanov və Əfqan Sadıqovun aclıq aksiyasını davam etdirməsi, Azərbaycanda jurnalistlərlə qarşı təqiblər və ölkədə media azadlığının durumundan danışıb.

Amerikanın Səsi: Azərbaycanlı jurnalistlər Polad Aslanov və Əfqan Sadıqov onlara verilən hökmə etiraz olaraq hazırda aclıq aksiyası keçirir. İnsan haqları qrupları jurnalistlərin sağlamlıq durumu ilə bağlı narahatlıqlarını ifadə edir. Həyat yoldaşının bildirdiyinə görə, 114 gündür aclıq aksiyası keçirən Əfqan Sadıqovun vəziyyəti ağırdır. Siz onların işini izləyirsinizmi? Onların durumu ilə bağlı hansı məlumatınız var?

Gülnoza Said: Bəli, mən jurnalistlərin həbs edilməsi və mühakimə olunmasından başlayaraq, aclıq aksiyası keçirmək məcburiyyətində qaldıqları ana qədər hər iki işi əvvəldən çox yaxından izləyirəm. Mən hər iki jurnalistin həyat yoldaşı ilə demək olar ki, hər gün əlaqə saxlayıram. Onlar mənə ərlərinin vəziyyəti barədə məlumat göndərirlər. Polad Aslanovun vəziyyəti deməliyəm ki, çox narahatedicidir. İlk növbədə, ən çox narahatlıq doğuran məqam Azərbaycan rəsmilərinin heç bir tədbir görməməsidir. Bu düzgün tədbirlər jurnalistlərin dərhal azad edilməsi və onlara lazımi tibbi yardım göstərilməsi olardı. Bununla yanaşı, eyni zamanda, həbsdə olan jurnalistlərin öz vəziyyətlərinə diqqət çəkmək üçün aclıq aksiyası keçirmək və aclıq aksiyasını bu qədər müddətdə davam etdirməkdən başqa yollarının olmaması da narahatlıq doğurur. Sizin də qeyd etdiyiniz kimi, Sadıqov yüz gündən çoxdur ki, aclıq aksiyası keçirir. Onun həyat yoldaşının mənə verdiyi məlumatlar dərin narahatlıq doğurur. O demək olar ki, hər gün göz yaşları içində mənə onun ölüm yatağında olduğunu deyir. O biri günə çıxmaya bilər. Lakin Azərbaycan rəsmiləri bu çox təhlükəli vəziyyəti dayandırmaq üçün heç bir şey etmir.

Amerikanın Səsi: Beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanda müstəqil jurnalistlərin müdafiəsi məqsədilə daha hansı işlər görülməlidir?

Gülnoza Said: Bu çox yaxşı sualdır, çünki təəssüf ki, Azərbaycan beynəlxalq ictimaiyyət, xarici hökumətlər, hökumətlərarası qurumlar tərəfindən xarici təzyiq olmasa, rəsmilərin insan hüquqlarını müdafiə etmək üçün heç bir şey etmədiyi ölkələrdən biridir. Biz Jurnalistləri Müdafiə Komitəsi olaraq mətbuat azadlığının pozulması və xüsusilə də Polad Aslanov və Əfqan Sadıqovun işini xarici hökumətlər, ABŞ Dövlət Departamenti, Avropa İttifaqının qurumları, Azərbaycanın da üzv olduğu Avropa Şurası ilə görüşlərdə müzakirə etmişik. Avropa Şurasının jurnalistlərin təhlükəsizliyi ilə bağlı xüsusi bir platforması var. Təəssüf ki, Azərbaycan Avropa Şurasının üzvü olan və Türkiyə və Rusiya ilə birlikdə jurnalistlərin təhlükəsizliyi üçün platformanın verdiyi qanunlara və ya açıqlamalara cavab verməyən çox az ölkələrdən biridir. Biz Azərbaycanda jurnalistlərin və müstəqil medianın, xüsusilə Aslanov və Sadıqov da daxil olmaqla, həbsdə olan jurnalistlərin vəziyyətinə daha çox diqqət yetirilməsini istərdik. Təəssüf ki, mən kifayət qədər diqqət olduğunu deyə bilmərəm. Bizim Jurnalistləri Müdafiə Komitəsində gördüyümüz işlərdən biri diqqət çəkmək və Azərbaycan hakimiyyəti ilə kontaktları olan xarici hökumətləri hər hansı bir məsələni müzakirə edərkən mətbuat azadlığı məsələsini gündəmdə saxlamağa inandırmaq üçün yollar tapmaqddan ibarətdir. Bildiyiniz kimi, realpolitik deyilən bir şey var və bəzən mətbuat azadlığı buraya daxil edilir, amma çox vaxt bu, beynəlxalq və ya ikitərəfli görüşlərdə müzakirə olunan bir nömrəli mövzu deyil. Lakin biz hər hansı bir görüş zamanı bunun həmişə gündəmdə olmasını çox istəyirik.

Amerikanın Səsi: Azərbaycanda mətbuat azadlığı ilə bağlı ən çox narahatlıq doğuran hansı məsələləri göstərmək mümkündür?

Gülnoza Said: Mən Jurnalistləri Müdafiə Komitəsində 50-dən çox ölkənin yerləşdiyi nəhəng bir bölgə olan Avropa və Mərkəzi Asiya ilə məşğul oluram və insan haqlarının müntəzəm olaraq pozulduğu ölkələrdə belə mətbuat azadlığı ilə bağlı vəziyyətin bəzən dəyişdiyini görürük. Lakin bu, Azərbaycana aid deyil, çünki Azərbaycan bütün bu regionda hər hansı bir müxalif, tənqidi fikrin çox sərt bir şəkildə boğulduğu çox az sayda ölkələrdən biridir və həbslər jurnalistləri susdurmaq üçün əsas vasitələrdən biridir. Məsələn, Rusiya kimi ölkələrdə həbsxanalarda çox sayda jurnalistin olduğunu, lakin eyni zamanda başqa vasitələrdən də istifadə olunduğu görürük. Azərbaycan bu məsələdə olduğu kimi qalır. Digər vasitələr dedikdə, məsələn, qanunvericilikdə jurnalistlərin tənqidi materiallara görə müxtəlif yollarla cəzalandırılmasını asanlaşdıran dəyişikliklər edilir. Lakin Azərbaycan hələ də tənqidçiləri susdurmaq üçün köhnə və çox klassik avtokratik metodlardan istifadə edir və bunlardan biri də həbsdir.

Amerikanın Səsi: Jurnalistlərə qarşı təzyiqlərə son qoyulması üçün daha hansı addımların atılmasına ehtiyac var?

Gülnoza Said: Mən adətən bu suala cavab verəndə deyirəm ki, vətəndaşların öz hüquqları ilə bağlı daha çox tələbkar olması lazımdır. Amma mən bunun Azərbaycanda nə qədər çətin olduğunu başa düşürəm. Mən kütləvi etirazlardan belə danışmıram, ancaq rəmilərdən məsuliyyət tələbi bir insanın həbsxanaya düşməsi ilə nəticələnə bilər. Təəssüf ki, etiraf etməliyəm ki, Azərbaycanla bağlı vəkillik kifayət qədər çətindir. Nəticə əldə etmək çox çətindir, amma mümkündür, çünki biz əvvəllər Azərbaycanın beynəlxalq imici məsələsinə həssas olduğunu görmüşük. Həm ABŞ-da, həm də Avropa İttifaqında müxtəlif rəsmilərlə əlaqə saxlayaraq, PR şirkətləri tutaraq, imicini yaxşılaşdırmaq üçün böyük maliyyə sərf edir. Bu vəziyyətdə yaxşı tərəf budur ki, bütün bu səylərə baxmayaraq, bu rəsmilər Azərbaycanda insan hüquqları və mətbuat azadlığı ilə bağlı vəziyyətin nə qədər pis olduğunu bilirlər. Çünki istər ABŞ-da, istərsə də Avropa ölkələrində hökumət rəsmiləri ilə nə vaxt danışsaq, məlumatlılıq var. Yenə də dediyim ki, `realpolitik` var. Azərbaycanla müəyyən işgüzar əlaqələr mövcuddur. Bu, çox zəngin resursları olan ölkədir və Azərbaycan rəsmiləri bilir ki, `suyun üzərində qalmaq` üçün müəyyən imkanları var. Təəssüf ki, dediyim kimi, insan haqları və mətbuat azadlığı beynəlxalq görüşlərdə müzakirələr zamanı mütləq bir nömrəli məsələ olmur.

Ancaq biz Azərbaycanla bağlı işimizi davam etdiririk. Mən PR kampaniyalarına külli miqdarda dollarların sərf edildiyni qeyd etdim. Azərbaycan hakimiyyəti bunu anlamalıdır. Azərbaycan üçün ən yaxşı PR insan haqları və mətbuat azadlığı ilə bağlı vəziyyətin yaxşılaşdırılması, jurnalistlərin qeyd-şərtsiz, dərhal azad edilməsi olacaq. Bu, Azərbaycanın beynəlxalq imicinə böyük impuls verəcək. Bu, həm də pulsuz olacaq. Eyni zamanda, bu, Azərbaycanda insanlar arasında hakimiyyətin imicini yaxşılaşdıracaq. Çünki azərbaycanlılar arasında hakimiyyət haqqında çox tənqidi fikirlər, kəskin tənqidi fikirlər var.

Mən belə deyə bilərəmsə, Azərbaycan üçün uğurlu müharibədən sonra Azərbaycanın daxilində hakimiyyətin imicinin bir az da olsa yaxşılaşdığını gördüm, çünki Azərbaycanın bir hissəsi olan Dağlıq Qarabağ Azərbaycana qaytarıldı. Bu, müsbət qarşılandı və mən adətən Azərbaycanda hakimiyyəti tənqid edən bəzi insanlar arasında da sevinc və bəlkə də müəyyən dərəcədə eyforiya gördüm. Ancaq əvvəl-axır bu, qayıdacaq, çünki insanlar öz həyatlarını davam etdirir və onlar etiraz etmək və ya rəsmi binalarda piket keçirmək bir tərəfə, müstəqil olaraq bir şey söyləməyin nə qədər çətin olduğunu bilir. Buna görə düşünürəm ki, Azərbaycan hökuməti onun üçün ən yaxşı strategiyanın nə olduğunu başa düşmür. Ən yaxşı strategiya insan hüquqları və mətbuat azadlığı sahəsində vəziyyəti yaxşılaşdırmaqdır.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG