Həbsdə olan xeberman.com saytının baş redaktoru Polad Aslanov 17 gündür aclıq edir. O hüquqlarının müdafiəsi üçün Amerika prezidentindən kömək istəyir.
Jurnalistin həyat yoldaşı Gülmirə Aslanova bildirib ki, dünən və bu gün Polad Aslanovdan qan götürüblər.
“Bu gün onun təzyiqini yoxlayıblar, amma nəticəsi barədə məlumat verilməyib. Bildiriblər ki, 1-2 günə onu təcridxanadan cəzaçəkmə müəssisəsinə etap edəcəklər. Hələ də kamera şəraitində, digər məhbus yoldaşı ilə birlikdə saxlanılır,” o, qeyd edib.
Gülmirə Aslanova, jurnalistin aclıq aksiyasını davam etdirməkdə israrlı olduğunu bildirib.
“Poladda güclü baş ağrıları və ürək bulanmaları var,” o deyib.
Aslanova deyib ki, jurnalist dünən, fevralın 15-də Bakı Apellyasiya Məhkəməsinə gətirilməmişdən öncə onun ABŞ prezidenti Co Baydenə müracətinin və məhkəmədə çıxışının mətni təcridxana rəhbərliyi tərəfindən əlindən alınıb.
“O, prezident Co Baydenə müraciətində bildirir ki, hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan rəsmilərinə 35 müraciət göndərib. Lakin müraciətlərinə indiyədək cavab ala bilməyib. Azərbaycan məhkəmələrində də hüquqlarını müdafiə edə bilmir. Polad Amerikan prezidentindən Azərbaycanda 150-dək siyasi məhbusun, o cümlədən özünün hüquqlarının müdafiəsinə kömək etməsini xahiş edir,” Aslanova Amerikanın Səsinə deyib.
Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Faiq Qəniyevin sədrliyi ilə 2020-ci il noyabrın 16-da Polad Aslanovu 16 il azadlıqdan məhrum edib.
Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, Polad Aslanov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.
Açıqlamada onun xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə istifadə etməkdən ötrü topladığı məlumatları həmin orqanlara ötürdüyü bildirilir.
Polad Aslanov məhkəmədə ittihamı qəbul etmədiyini və həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirib.
ABŞ Dövlət Departamentinin demokratiya, insan hüquqları və əmək məsələləri bürosunun ötən il noyabrın 2-də yaydığı bəyanatda Azərbaycan hakimiyyəti 2019-cu ilin iyunundan bəri Dövlət Təhlükəsizliyi Xidmətindəki korrupsiyanı ifşa etdikdən sonra tutulan Polad Aslanov da daxil olmaqla, əsas azadlıqlardan istifadə etdiyinə görə həbs edilən bütün jurnalistləri sərbəst buraxmasına çağırılıb.
“Sərhədsiz Reportyorlar” beynəlxalq hüquq müdafiə təşkilatı Azərbaycan hakimiyyətini jurnalist Polad Aslanovla qeyri-insani rəftara son qoymağa, ona tibbi yardım göstərməyə və Bakı Apellyasiya Məhkəməsində ədalətli təhqiqatı təmin etməyə çağırıb.
2021-ci il fevralın 1-də Polad Aslanovun apellyasiya şikayətinə baxış zamanı jurnalist məhkəmədə prosesin obyektivliyinin təmin edilməsini tələb edərək, aclıq elan edib.
Fevralın 15-də Bakı Apellyasiya Məhkəməsi hakim Həsən Əhmədovun sədrliyi ilə Polad Aslanovun apellyasiya şikayətini təmin etməyib.