Accessibility links

159 gün aclıq edən jurnalistin həyat yoldaşını baş prokuror qəbul edib


Sevinc Sadıqova aksiya zamanı
Sevinc Sadıqova aksiya zamanı

Aprelin 10-da Azərbaycanın baş prokuroru Kamran Əliyev həbsxanada 159 gündür aclıq etdiyi bildirilən Azel TV xəbər portalının baş redaktoru Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqovanı qəbul edib.

please wait

No media source currently available

0:00 0:11:42 0:00

Sevinc Sadıqova baş prokurorun onu qəbul etməsini müsbət qiymətləndirib.

“Baş prokurora bildirdim ki, ailəmə qarşı təhdidlər var. Mən təqib olunmuşam, təhqirlərə məruz qalmışam. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları hədə-qorxu gəlir, məni uşaqlarımla təhdid edir. Prokurorluğun mənə xəbərdarlıq etməsi isə qanusuzluqdur. Siz məni dinləməlisiniz. Mənə xəbərdarlıq edilməməlidir, əksinə mənə qarşı qanunsuzluq araşdırılmalı və qiymət verilməlidir. Baş prokuror mənə bildirdi ki, heç bir qurum, heç bir şəxs məni və ailəmi təhdid edə bilməz. Biz Baş Prokurorluq olaraq sizin hüquqlarınızı qoruyuruq və əgər istəyirəmsə məni və ailəmi polisin nəzarətinə verə bilər. O söz verdi ki, mənim və uşaqlarımın təhlükəsizliyini qoruyacaq. Heş kim mənə və ailəmə hədə-qorxu gələ bilməz, təhdid edə bilməz,” Sevinc Sadıqova Amerikanın Səsinə müsahibəsində bildirib.

O daha sonra həyat yoldaşının həbsinin səbəblərini və sağlamlıq durumunun ağır olduğunu baş prokurorun diqqətinə çatdırdığını deyib.

“Baş prokuror dedi ki, Əfqan Sadıqovun cinayət əməli olub. Əvvəllər də həbsdə olub. Bu da sonuncu həbsidir. Mən dedim, xeyr. Dedim ki, Əfqanın bütün həbsləri siyasi motivlidir. O, siyasi məhbus kimi tanınır. Hətta sonuncu həbsindən sonra ABŞ Dövlət Departamenti onun azadlığa buraxılmasını tələb edib. Azərbaycanda siyasi məhbuslar var. O qeyd etdi ki, digər dövlətin fikirləri əsas deyil. Mən ona bildirdim ki, elə isə nədən Azərbaycan ABŞ Dövlət Departamentinin ermənilərin Gəncədə insanların ölümünə səbəb olan raket hücumu barədə bəyanatını təqdir edir, amma Əfqan və siyasi məhbuslarla bağlı bəyanatını qəbul etmir? Onu qəbul edirsə, bunu da qəbul etməlidir,” Sadıqova qeyd edib.

O deyib ki, baş prokurora Əfqan Sadıqovla eyni ittihamla günahlandırılan digər şəxsin hansı səbəbdən həbs edilmədiyi barədə sual verib və o, suala cavab verməyib.

“Mən sual etdim ki, nədən Əfqan həbsdə məhkəmənin ədalətsiz qərarına etiraz olaraq ölüm aclığı edir, ölüm ayağındadır, amma onunla eyni cinayətdə suçlanan şəxs bir gün belə həbsə alınmayıb? Çox təəssüf ki, cənab baş prokuror bu suala cavab vermədi. Bu sualın cavabını hələ də axtarıram. Əfqanın işində böyük bir qərəzin olduğunu dedim. Bundan əlavə, Əfqanın suçlanıldığı maddə ilə günahlandırılan yüzlərlə insan ev dustaqlığına buraxılıb. Nədən o insanlardan biri də Əfqan deyil? Hərçəndki Əfqan günahsızdır və onun aclıq etməsinin səbəbi də bəraət istəməsidir. Amma bununla yanaşı nədən o da digərləri kimi ev dustaqlığına buraxlımır. Bu qərəz deyilmi?”

Sadıqova həyat yoldaşının uzun müddət aclıq etdiyini və bu səbəbdən hər an ölə bilmə ehtimalının olduğunu deyib.

“Əfqanın ölməsi bir ailənin başsız qalması, onun iki uşağının yetim qalması deməkdir. Həm də haqsız həbsdə olan jurnalistin ölümü, ölkənin qanunlarının ölümü demək olar,” o qeyd edib.

“Baş prokuror mənim fikirlərimin bir çoxu ilə razılaşmadı və siyasi motiv kimi qəbul etdi. Onun fikrincə, ölkədə siyasi məhbuslar yoxdur, həbsdə olanlar cinayət əməllərinə görə ittiham edilib,” Sevinc Sadıqova əlavə edib.

Baş Prokurorluq hələ jurnalistin həyat yoldaşının görüşü ilə bağlı məlumat yaymayıb. Dövlət Təhlükəsizliyi Xidməti də Sadıqovanın dediklərinə hələ münasibət bildirməyib.

Əfqan Sadıqov 2020-ci il mayın 13-də saxlanılıb və Bakının Binəqədi Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

İstintaqın iddiasına görə, Sadıqov xeberfakt.az nəşrinin redaktoru Sakit Muradovla birlikdə 10,000 manat rüşvət alarkən saxlanılıb. Bu zaman Muradovu həbs etməyiblər.

Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azel.tv saytının redaktorunu hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə günahkar sayaraq yeddi il müddətinə azadlıqdan məhrum edib. Sadıqov 2020-ci il noyabrın 3-dən məhkəmənin qərarına etiraz olaraq aclıq edir və bu gün artıq 159 gündür aclığı davam etdirir.

2021-ci il yanvarın 28-də Sumqayıt Apellyasiya Məhkəməsi Əfqan Sadıqov barəsində verilən hökmü qismən dəyişib, 7 il həbs cəzasını 6 ilə endirib.

“Mən məhkəmənin hökmünü ədalətsiz hesab edirəm. Ortada heç bir hədə-qorxu, şantaj xarakterli yazı yoxdur,” jurnalist məhkəmədə deyib.

Əfqan Sadıqov həbsindən öncə “Taxtakörpüdə gizlədilmiş cinayət hadisəsi“ adlı məqalə ilə çıxış edib. Məqalədə Taxtakörpü qəsəbəsində kimsəsiz və köməksiz olan iki qadına qarşı (onlardan biri azyaşlıdır) cinsi zorakılıqdan bəhs edilir.

Jurnalist qadınlara qarşı zorakılığın araşdırılmamasından narahatlığını bildirib. O həmin məlumatı YouTube kanalı vasitəsilə də diqqətə çatdırıb.

Sadıqov həmçinin narkotik qaçaqmalçılığında əli olduğunu iddia etdiyi bir qrup şəxs və Sumqayıt şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri barədə də tənqidi məqalələrlə çıxış edib.

“Yüksək vəzifəli bir neçə məmuru kəskin tənqid, ifşa etdiyim üçün sifarişin, tapşırıq, göstərişin haradan gəldiyini yaxşı bilirik,” Sadıqov həbsindən öncə Facebook səhifəsində yazıb.

Bir çox yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, o cümlədən Jurnalistləri Müdafiə Komitəsi, ABŞ Dövlət Departamenti, “Sərhədsiz Reportyorlar” təşkilatı Azərbaycan hökumətini jurnalistin dərhal azadlığa buraxılmasına çağıran bəyanatlarla çıxış edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG