Bu gün, dekabrın 25-də Sumqayıt Apellyasiya Məhkəməsində hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə jurnalist Əfqan Sadıqovun şikayətinə ilkin baxış olub.
Vəkil Elçin Sadıqov bildirib ki, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatətini məhkəmə təmin etməyib.
“Biz vəsatət qaldırdıq ki, Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov şahid qismində dindirilsin. Bu vəsatətimiz də təmin olunmadı,” o qeyd edib.
Vəkilin sözlərinə görə, səhhəti ilə bağlı jurnalist məhkəmə prosesində iştirak edə bilməyib. İnternet əlaqəsi olmadığından Əfqan Sadıqov məhkəməyə on-layn formatında da qoşula bilməyib.
Məhkəmə baxışı yanvarın 21-nə təyin edilib.
Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova bildirib ki, jurnalist 52-ci gündür aclıq edir.
“Vəziyyəti çox ağırdır. Ölüm ayağındadır.“
Əfqan Sadıqov mayın 13-də saxlanılıb və Bakının Binəqədi Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.
İstintaqın iddiasına görə, Sadıqov xeberfakt.az nəşrinin redaktoru Sakit Muradovla birlikdə 10,000 manat rüşvət alarkən saxlanılıb. Bu zaman Muradovu həbs etməyiblər.
Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azel.tv saytının redaktorunu hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə günahkar sayaraq, yeddi il müddətinə azadlıqdan məhrum edib.
“Mən məhkəmənin hökmünü ədalətsiz hesab edirəm. Ortada heç bir hədə-qorxu, şantaj xarakterli yazı yoxdur. Bu səbəbdən aclığa başlayıram. Ədalət bərpa edilməsə aclığın 20-ci günündən sonra quru aclığa keçəcəm,” jurnalist məhkəmədə deyib.
O həmin vaxtdan saxlanıldığı 1 saylı İstintaq Təcridxanasında aclığa başlayıb. Hazırda jutrnalist Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində həkim nəzarətindədir.
Həyat yoldaşının dediyinə görə, Sadıqov hazırda yeriyə bilmir, 20 kiloqramadək çəki itirib, böyrəklərində problemlər yaranıb, beyninin qanla qidalanmasında çətinliklər var.
“O, tez-tez huşunu itirir. Həkimlər Əfqanın hər an komaya düşə biləcəyini deyir. Əfqana nə qədər xahiş etsəm də inadından dönmür. Deyir ki, ya məhkəmədə ədalət bərpa ediləcək, ya da ölənədək aclığı davam etdirəcək,” Sevinc Sadıqova Amerikanın Səsinə deyib.
Əfqan Sadıqov həbsindən öncə “Taxtakörpüdə gizlədilmiş cinayət hadisəsi“ adlı məqalə ilə çıxış edib. Məqalədə Taxtakörpü qəsəbəsində kimsəsiz və köməksiz olan iki qadına qarşı (onlardan biri azyaşlıdır) cinsi zorakılıqdan bəhs edilir. Jurnalist qadınlara qarşı zorakılığın araşdırılmamasından narahatlığını bildirib. O həmin məlumatı YouTube kanalı vasitəsilə də diqqətə çatdırıb.
Sadıqov həmçinin narkotik qaçaqmalçılığında əli olduğunu iddia etdiyi bir qrup şəxs və Sumqayıt şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri barədə də tənqidi məqalələrlə çıxış edib.
“Yüksək vəzifəli bir neçə məmuru kəskin tənqid, ifşa etdiyim üçün sifarişin, tapşırıq, göstərişin haradan gəldiyini yaxşı bilirik,” Sadıqov həbsindən öncə Facebook səhifəsində yazıb.