Polisi döyməkdə günahlandırılan Milli Məclisin deputatı Eldəniz Səlimov bu gün, avqustun 1-də Facebook hesabında açıqlama ilə çıxış edib.
Deputat sosial şəbəkələrdə haqqında gedən fikir və açıqlamalardan məlumatlı olduğunu bildirib.
“Açığını deyim, təkcə ona görə susmadım ki, deməyə sözüm yoxdur. Sadəcə, hörmətli həmkarlarımı və məsələyə həssas yanaşan şəxsləri çıxılmaz vəziyyətdə qoymamaq üçün, aparılan araşdırmaların gedişatına mane olmamaq və açıqlamalarımın təsir, təzyiq kimi qarşılanmaması üçün bu neçə gündə susdum. Etdiyim hərəkətin yanlış olduğunun fərqində olmam da susmağımın səbəblərindən biridir. Bu səhvimə görə ilk növbədə Möhtərəm Prezident Cənab İlham Əliyevdən, mənə etimad göstərmiş YAP təmsilçilərindən, hörmətli həmkarlarımdan, seçicilərimdən və bütövlükdə xalqımızdan üzr istəyirəm. Üstündə dayanmayacağam, lakin deməliyəm ki, bu səhvə gətirib çıxaran çoxlu səbəblər, təhdid və təzyiqlər də olub. İnanmaq istəyirəm ki, istintaq onları da obyektiv araşdıracaq, əməlimlə yanaşı, ona gətirib çıxaran səbəb və səbəbkarlara da obyektiv qiymətini verəcək,” o qeyd edib.
Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatına görə, iyulun 29-da Xaçmaz şəhərində (Bakıdan 168 kilometr şimal) yerləşən “Starıy Dvor” restoranında Milli Məclisin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.
Toplanan material üzrə Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərini aşma maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Amerikanın Səsinə bildiriblər ki, insident deputat Eldəniz Səlimovun qohumuna məxsus iaşə obyektində gecə saat 12-dən sonra qeydə alınıb.
“Eldəniz Səlimov karantin rejimi qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşlarına etiraz edərək münaqişə yaradıb. Bu fakt üzrə toplanmış materiallar araşdırılması üçün Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilib,” Mətbuat Xidmətinin əməkdaşı qeyd edib.
Yerli mənbələrin məlumatına görə, deputat sərxoş olub və Xaçmaz Rayon Polis Şöbəsinin polis əməkdaşı Zaur Mirzəyevə xəsarət yetirib.
Artıq Baş prokuror Kamran Əliyev deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi üçün Milli Məclisə təqdimat göndərib.
Milli Məclis avqustun 3-də növbədənkənar sessiyasında polisi döyən deputatın məsələsinə baxacaq.
Milli Məclisin İntizam Komissiyasının sədr müavini Fəzail Ağamalı Amerikanın Səsinə deyib ki, deputatın hərəkəti ilk olaraq Milli Məclisin İntizam Komissiyasında müzakirə ediləcək.
Eldəniz Səlimov Milli Məclisə Seçkilər üzrə 55 saylı Xaçmaz şəhər Seçki Dairəsindən deputat seçilib. O iqtidarda olan Yeni Azərbaycan Partiyasının üzvüdür.