Accessibility links

45 gündür aclıq edən jurnalistin səhhəti ağırlaşıb


Azel TV saytının həbsdə olan rəhbəri Əfqan Sadıqov 45 gündür aclıq edir.

Bu gün, dekabrın 18-də həyat yoldaşı Sevinc Sadıqova jurnalistin saxlanıldığı Ədliyyə Nazirliyinin Müalicə Müəssisəinin baş həkimi və baş həkimin müavini ilə görüşündən sonra Amerikanın Səsinə deyib ki, həkim Əfqan Sadıqov aclığı dayandırmasa hər bir hadisənin baş verə biləcəyini bildirib.

“Onun vəziyyəti çox ağırdır. Beyninin qanla qidalanmasında problem yaranıb, nəfəsalması çətinləşib, orqanizmin oksigenlə təminatı azalıb. Artıq tez-tez huşunu itirir. Bu da komaya düşmə qabağı vəziyyətdir. O hər an həyatını itirə və ya komaya düşə bilər. Baş həkim dedi ki, maye qəbul etmədiyinə görə bağırsaqlarında problem yarana bilər. Həm də sağ qalsa belə xəstəlikləri ola bilər,” o qeyd edib.

Sadıqovanın sözlərinə görə, dekabrın 25-də saat 10:30-da Sumqayıt Apellyasiya Məhkəmsində jurnalistin apellyasiya şikayətinə ilkin baxış başlayacaq.

“Əfqanın vəziyyəti çox ağırdır. Onun dekabrın 25-dək yaşayıb-yaşamayacağı məlum deyil. Ölkə prezidentinə, onun yaxşı işi ilə tanınan köməkçisi Hikmət Hacıyevə müraciət edirəm. Prezidentə çatdırın ki, günahsız bir vətəndaş, heç bir cinayətdə, korrupsiya faktında əli olmayan, heç bir vəzifə daşımayan jurnalist Əfqan Sadıqov müalicə müəssisəsində ölür. Adam hər an həyatını itirə bilər. Əfqan Sadıqov həyatını itirsə nə dövlət, nə hakimiyyət, nə də bu, dırnaqarası məmurlar heç bir xeyir əldə etməyəcək,“ jurnalistin həyat yoldaşı Amerikanın Səsinə deyib.

Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azel.tv saytının redaktorunu hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə günahkar sayaraq, yeddi il müddətinə azadlıqdan məhrum edib.

“Mən məhkəmənin hökmünü ədalətsiz hesab edirəm. Ortada heç bir hədə-qorxu, şantaj xarakterli yazı yoxdur. Bu səbəbdən aclığa başlayıram. Ədalət bərpa edilməsə aclığın 20-ci günündən sonra quru aclığa keçəcəm,” jurnalist məhkəmədə deyib.

Dekabrın 4-də Bakı Apellyasiya Məhkəməsində jurnalistin apellyasiya şikayətinə baxış başlayıb və məhkəmə şikayətə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərib.

Əfqan Sadıqov mayın 13-də saxlanılıb və Binəqədi Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

İstintaqın iddiasına görə, Sadıqov xeberfakt.az nəşrinin redaktoru Sakit Muradovla birlikdə 10,000 manat rüşvət alarkən saxlanılıb. Bu zaman Muradovu həbs etməyiblər.

Əfqan Sadıqov həbsindən öncə “Taxtakörpüdə gizlədilmiş cinayət hadisəsi“ adlı məqalə ilə çıxış edib. Məqalədə Taxtakörpü qəsəbəsində kimsəsiz və köməksiz olan iki qadına qarşı (onlardan biri azyaşlıdır) cinsi zorakılıqdan bəhs edilir. Jurnalist qadınlara qarşı zorakılığın araşdırılmamasından narahatlığını bildirib. O həmin məlumatı YouTube kanalı vasitəsilə də diqqətə çatdırıb.

Sadıqov həmçinin narkotik qaçaqmalçılığında əli olduğunu iddia etdiyi bir qrup şəxs və Sumqayıt şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri barədə də tənqidi məqalələrlə çıxış edib.

“Yüksək vəzifəli bir neçə məmuru kəskin tənqid, ifşa etdiyim üçün sifarişin, tapşırıq, göstərişin haradan gəldiyini yaxşı bilirik,” Sadıqov həbsindən öncə Facebook səhifəsində yazıb.

Bir çox yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, o cümlədən Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hökumətini jurnalistin dərhal azadlığa buraxılmasına çağıran bəyanatlarla çıxış edib.

XS
SM
MD
LG