Accessibility links

11 gündür aclıq edən jurnalist ABŞ prezidentinə müraciət edəcəyini bildirib


Həbsdə olan xeberman.com və press-az.com saytlarının təsisçisi və baş redaktoru Polad Aslanov 11 gündür aclıq edir.

O, fevralın 10-da həyat yoldaşı ilə telefon əlaqəsi saxlayıb. Jurnalistin həyat yoldaşı Gülmirə Aslanova Amerikanın Səsinə müsahibəsində bildirib ki, Polad Aslanov ədalətsiz və qanunsuz məhkəmə hökmünə etiraz olaraq aclığı davam etdirir.

“Polad səhhəti ilə bağlı problemin olmadığını, yalnız mədəsində bir balaşa ağrıların olduğunu bildirdi. Dedi ki, səhhəti hazırda qənaətbəxşdir. Ona Ombudsman Aparatından baş çəkildiyini dedi. Səbinə xanım Əliyevanın (ombudsman-red) adına tibbi mərkəzə köçürülməsi və həkim nəzarətinə götürülməsi üçün müraciət yazıb. Ombudsman Aparatından həkimlə birgə ona baş çəkiblər. Həkim Polada aclığı dayandırmağı məsləhət bilib. Polad Aslanov aclığı davam etməkdə israrlı olduğunu deyib.”

please wait

No media source currently available

0:00 0:03:55 0:00

Polad Aslanov həbs yerinə aclıq etdiyinə görə hər hansı təzyiqə məruuz qalmadığını bildirib.

“Amma, hələ də təcridxananın həkimi ona baş çəkməyib, təzyiqini belə ölçməyib. Polad dedi ki, jurnalist fəaliyyətinə görə şərlənərək həbs edilib. Sağlamlığı imkan verənədək, sonadək aclığı davam etdirəcək. Hüquqlarını qanun çərçivəsində bərpa edəcəyini bildirdi.”

Polad Aslanov deyib ki, Azərbaycanda müraciət etmədiyi orqan qalmayıb və onun müraciətlərinə cavab verilməyib.

“O bildirdi ki, daha Azərbaycandan yox, Amerikadan kömək gözləyir. Polad dedi ki, Amerika prezidenti Co Baydenə məktub yazacaq, qanusnuzluq üçün, hüquqlarının bərpası üçün ondan kömək istəyəcək. Həmin məktubu növbəti məhkəmə iclasında ictimaiyyətə təqdim edəcək,” Gülmirə Aslanova qeyd edib.

O, Polad Aslanovun aclıq aksiyasına yalnız Ombudsman Aparatının münasibət bildirdiyini deyib.

“Rəsmi qurumlar aclıq aksiyasına münasibət bildirməyib. O qida qəbul edən digər məhbus yoldaşı ilə birlikdə eyni kamerada saxlanılır. Ürək-damar xəstəsidir və qan azlığından əziyyət çəkir. 1 saylı Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov mənə bildirdi ki, birmənalı olaraq Polad Aslanovun aclığ aksiyası protokollaşdırılmayacaq. Baxmayaraq ki, Polad Aslanov aclığa başlaması ilə bağlı təcridxananın rəisinə və Bakı Apellyasiya Mərkəməsinin hakimi, jurnalistin məhkıməsinə sədrlik edən Həsən Əhmədova rəsmi müraciət edib,” Gülmirə Aslanova deyib.

Həyat yoldaşı Polad Aslanovun müdafiəsi ilə bağlı beynəlxalq təşkilatların dəsətk verdiyini deyib.

“Jurnalistlərin Müdafiə təşkilatı, Sərhədsiz Reportyorlar təşkilatı, eləcə də ABŞ Dövlət Departamentinin demokratiya, insan hüquqları və əmək məsələləri bürosu Azərbaycan hökumətindən Polad Aslanovun azad edilməsini istəyib. Nəinki Poladın, bütün jurnalistlərin azad edilməsini Azərbaycan hökumətindən tələb edib.”

Gülmirə Aslanova fevralın 9-da ABŞ-ın Azərbaycandakı Səfirliyinin qarşısında etiraz aksiyası keçirdiklərini bildirib.

“Səfirliyin nümayəndəsi bizim qarşımıza çıxdı, əlimizdəki banerlərdəki şüarları qeyd etdi. Orada jurnalistlərin və bütün siyasi məhbusları azad edilməsi tələbi yazılmışdı. Səfirliyin nümayəndəsi polis əməkdaşlarına tapşırdı ki, biz sivil qaydada aksiya edirik, bizə toxunmasınlar. Nümayəndə səfirliyə daxil olandan sonra polis əməkdaşları bizi kobud şəkildə itələyərək oradan uzaqlaşdırdı.”

Onun dediyinə görə, ABŞ Səfirliyi Polad Aslanovun məsələsini nəzarətə götürüb, daim onun ailəsi ilə əlaqə saxlayırlar.

Ombudsman Aparatının nümayəndələri fevralın 8-də1 saylı Bakı İstintaq Təcridxanasında Polad Aslanov ilə görüşüb.

Ombudsman Aparatının nümayəndəsi Polad Aslanovun aclıq etdiyini təsdiqləyib. Bununla yanaşı, qurumda qeyd ediblər ki, Polad Aslanovun vəziyyəti normaldır, sərbəst hərəkət edir, lakin Bakı Ağır Cinayətlər Məhkəməsinin ədalətsiz hökmündən şikayətçidir.

Ombudsman Aparatının əməkdaşı Amerikanın Səsinə deyib ki, Aslanov adi kamerada qalır və digər məhbuslardan təcrid edilməyib. Eyni zamanda, Ombudsman Aparatının nümayəndəsinin sözlərinə görə, ona tibbi nəzarət var.

Penitensira Xidmətdən hələ Polad Aslaniovla bağlı hər hansı məlumat almaq mümkün olmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Faiq Qəniyevin sədrliyi ilə 2020-ci il noyabrın 16-da Polad Aslanovu 16 il azadlıqdan məhrum edib.

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, Polad Aslanov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

Açıqlamada onun xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə istifadə etməkdən ötrü topladığı məlumatları həmin orqanlara ötürdüyü bildirilir.

Polad Aslanov məhkəmədə ittihamı qəbul etmədiyini və həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirib.

ABŞ Dövlət Departamentinin demokratiya, insan hüquqları və əmək məsələləri bürosunun ötən il noyabrın 2-də yaydığı bəyanatda Azərbaycan hakimiyyəti 2019-cu ilin iyunundan bəri Dövlət Təhlükəsizliyi Xidmətindəki korrupsiyanı ifşa etdikdən sonra tutulan Polad Aslanov da daxil olmaqla, əsas azadlıqlardan istifadə etdiyinə görə həbs edilən bütün jurnalistləri sərbəst buraxmasına çağırılıb.

“Sərhədsiz Reportyorlar” beynəlxalq hüquq müdafiə təşkilatı Azərbaycan hakimiyyətini jurnalist Polad Aslanovla qeyri-insani rəftara son qoymağa, ona tibbi yardım göstərməyə və fevralın 15-də Bakı Apellyasiya Məhkəməsində ədalətli təhqiqatı təmin etməyə çağırıb.

“19 aylıq həbsdən, ədalətli məhkəmə təhqiqatı və ev dustaqlığına keçirilmə tələbi ilə keçirdiyi aclıq aksiyasından sonra Polad Aslanovun səhhəti pisləşib. O həddindən artıq arıqlayıb və böyrəklərindəki ağrılardan şikayət edir, həyat yoldaşı ona həkim nəzarəti olmadığını bildirir,” bəyanatda qeyd edilir.

2021-ci il fevralın 1-də Polad Aslanovun apellyasiya şikayətinə baxış başlayıb.

Jurnalist məhkəmədə prosesin obyektivliyinin təmin edilməsini tələb edərək, aclıq elan edib.

XS
SM
MD
LG