Accessibility links

114 gündür aclıq edən jurnalist artıq hərəkət edə bilmir


Həbsxanada 114 gündür aclıq edən Azel.TV saytının rəhbəri Əfqan Sadıqovun səhhəti daha da ağırlaşıb. O artıq hərəkət edə bilmir.

"Əfqan Sadıqovu 34 gündür Ədliyyə Nazirliynin Müalicə Müəssisəsinin reanimasiya şöbəsində sistem və suni qidalandırma ilə saxlayırlar. Müalicə Müəssəsinin həkimləri deyir ki, ölməyə qoymayacaqlar, amma başqa heç bir şeyə zəmanət verə bilməzlər. Əfqan əlil olacaq. Hazırda vəziyyəti çox ağırdır. Hər an həyatını itirə bilər. Qan çatışmamazlığı var, əli-ayağı əsir, hərərkət edə bilmir, artıq əlil arabasından dura bilmir.”

Bu barədə Amerikanın Səsinə jurnalistin həyat yoldaşı Sevinc Sadıqova bildirib.

Sadıqova mart ayında gözlənilən əvf zamanı həyat yoldaşı Əfqan Sadıqiovun da əfv edilməsini istəyir.

Penitensiar Xidmətdən Əfqan Sadıqovun sağlamlıq durumu ilə bağlı məlumat almaq mümkün olmayıb.

Yanvarın 25-də Ombudsmanın (İnsan Hüquqları üzrə Müvəkkil) tapşırığı əsasında Sadıqovla görüşən Milli Preventiv Qrupun (MPQ) üzvü Vüqar Heydərov Amerikanın Səsinə bildirib ki, jurnalist çox zəifləmiş durumdadır.

Ombudsman Aparatı rəsmi internet saytında jurnalistin fotosunu yayıb. Sadıqov həbsdən əvvəlki fotoları ilə müqayisədə həddən artıq çəki itirib.

Əfqan Sadıqov 2020-ci il mayın 13-də saxlanılıb və Bakının Binəqədi Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

İstintaqın iddiasına görə, Sadıqov xeberfakt.az nəşrinin redaktoru Sakit Muradovla birlikdə 10,000 manat rüşvət alarkən saxlanılıb. Bu zaman Muradovu həbs etməyiblər.

Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azel.tv saytının redaktorunu hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə günahkar sayaraq yeddi il müddətinə azadlıqdan məhrum edib.

2021-ci il yanvarın 28-də Sumqayıt Apellyasiya Məhkəməsi Əfqan Sadıqov barəsində verilən hökmü qismən dəyişib, 7 il həbs cəzasını 6 ilə endirib.

“Mən məhkəmənin hökmünü ədalətsiz hesab edirəm. Ortada heç bir hədə-qorxu, şantaj xarakterli yazı yoxdur,” jurnalist məhkəmədə deyib.

Əfqan Sadıqov həbsindən öncə “Taxtakörpüdə gizlədilmiş cinayət hadisəsi“ adlı məqalə ilə çıxış edib. Məqalədə Taxtakörpü qəsəbəsində kimsəsiz və köməksiz olan iki qadına qarşı (onlardan biri azyaşlıdır) cinsi zorakılıqdan bəhs edilir.

Jurnalist qadınlara qarşı zorakılığın araşdırılmamasından narahatlığını bildirib. O həmin məlumatı YouTube kanalı vasitəsilə də diqqətə çatdırıb.

Sadıqov həmçinin narkotik qaçaqmalçılığında əli olduğunu iddia etdiyi bir qrup şəxs və Sumqayıt şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri barədə də tənqidi məqalələrlə çıxış edib.

“Yüksək vəzifəli bir neçə məmuru kəskin tənqid, ifşa etdiyim üçün sifarişin, tapşırıq, göstərişin haradan gəldiyini yaxşı bilirik,” Sadıqov həbsindən öncə Facebook səhifəsində yazıb.

Bir çox yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, o cümlədən Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hökumətini jurnalistin dərhal azadlığa buraxılmasına çağıran bəyanatlarla çıxış edib.

XS
SM
MD
LG