Həbsdə 18 gündür aclıq edən xeberman.com saytının baş redaktoru Polad Aslanov bu gün, fevralın 17-də 1 saylı Bakı istintaq Təcridxanasından 1 saylı Cəzaçəkmə Müəssisəsinə etap edilib. O, 14 gün karantində saxlanılacaq.
Bu barədə jurnalistin həyat yoldaşı Gülmirə Aslanova Amerikanın Səsinə bildirib.
O, həyat yoldaşının taleyindən narahatdır.
“Karantində olduğu dövrdə onunla əlaqə sxlamaq mümkün olmayacaq. Hazırda səhhəti ilə bağlı məlumat ala bilmirəm. Onu bilirəm ki, aclıq aksiyasını dünən davam etdirib. Aclıq edən zaman onun cəzaçəkmə müəssisəsinə köçürülməsi qanunsuzdur və hüquqlarının pozulmasıdır. Poladla bağlı Ombudsman Aparatına zəng edib məlumat vermişəm. Onlar dedi ki, Poladın sanitar-tibbi hissəyə yerləşdirlməsini və həkim nəzarətinə verilməsini təklif ediblər,” Gülmirə Aslanova Amerikanln Səsinə deyib.
Aslanova jurnalistin aclıq aksiyasını davam etdirməkdə israrlı olduğunu bildirib.
“Poladda dünən güclü baş ağrıları və ürək bulanmaları var idi,” o deyib.
Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Faiq Qəniyevin sədrliyi ilə 2020-ci il noyabrın 16-da Polad Aslanovu 16 il azadlıqdan məhrum edib.
Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, Polad Aslanov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.
Açıqlamada onun xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə istifadə etməkdən ötrü topladığı məlumatları həmin orqanlara ötürdüyü bildirilir.
Polad Aslanov məhkəmədə ittihamı qəbul etmədiyini və həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirib.
ABŞ Dövlət Departamentinin demokratiya, insan hüquqları və əmək məsələləri bürosunun ötən il noyabrın 2-də yaydığı bəyanatda Azərbaycan hakimiyyəti 2019-cu ilin iyunundan bəri Dövlət Təhlükəsizliyi Xidmətindəki korrupsiyanı ifşa etdikdən sonra tutulan Polad Aslanov da daxil olmaqla, əsas azadlıqlardan istifadə etdiyinə görə həbs edilən bütün jurnalistləri sərbəst buraxmasına çağırılıb.
“Sərhədsiz Reportyorlar” beynəlxalq hüquq müdafiə təşkilatı Azərbaycan hakimiyyətini jurnalist Polad Aslanovla qeyri-insani rəftara son qoymağa, ona tibbi yardım göstərməyə və Bakı Apellyasiya Məhkəməsində ədalətli təhqiqatı təmin etməyə çağırıb.
2021-ci il fevralın 1-də Polad Aslanovun apellyasiya şikayətinə baxış zamanı jurnalist məhkəmədə prosesin obyektivliyinin təmin edilməsini tələb edərək, aclıq elan edib.
Fevralın 15-də Bakı Apellyasiya Məhkəməsi hakim Həsən Əhmədovun sədrliyi ilə Polad Aslanovun apellyasiya şikayətini təmin etməyib.