Accessibility links

87 gündür aclıq edən jurnalist: Ya aclıqdan öləcəm, ya da azadlığa çıxacam!


Əfqan Sadıqov
Əfqan Sadıqov

Həbsdə olan "Azel TV" saytının rəhbəri Əfqan Sadıqov barəsindəki məhkəmə hökmünə etiraz olaraq 87 gündür aclıq edir.

Jurnalistin həyat yoldaşı Sevinc Sadıqova yanvarın 29-da onunla görüşündən sonra bildirib ki, vəziyyəti olduqca ağırdır.

“Mənə görə əziyyət çəkənlər, müdafiə edən, yazıb-pozanlar haqlarını halal etsinlər. Onların hər birinə təşəkkür edirəm. Zalımlara boyun əyənlər, onların yanında olanlar, onlara yalmananlar məndən 5-10 il çox yaşaya bilərlər, təbii ki, əgər o yaşamaq sayılırsa. Hər dəfə komaya düşəcəyimdə vəziyyətdən çıxa biləcəyim anlamına gəlməsin. Çünki immunitetim tamamilə ölüb, bədənimin gücü sıfra düşüb. Bədənimin bütün vitaminləri çəkilib. Mən 8 aylıq uşaq deyiləm ki, burnumdakı zondla "şpris" vasitəsilə qidalanım, inkişaf edim. Bu, ömrü müvəqqəti, bir müddət uzada bilər. Mən özüm yemirəm və sonuna kimi aclıq aksiyamı davam etdirəcəm. Ya aclıqdan öləcəm, ya da azadlığa çıxacam!” Sevinc Sadıqova jurnalistə istinadən yazıb.

Jurnalist 2020-ci il noyabrın 3-də məhkəmə zalında aclığa başladığını elan edib.

Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova jurnalistin yanvarın 21-də komaya düşdüyünü və onun aparata qoşulduğunu, bədəninə süni yolla qidalandırıcı maddələrin yeridildiyini bildirib.

Yanvarın 25-də Ombudsmanın (İnsan Hüquqları üzrə Müvəkkil) tapşırığı əsasında Sadıqovla görüşən Milli Preventiv Qrupun (MPQ) üzvü Vüqar Heydərov Amerikanın Səsinə bildirib ki, o, koma durumunda deyil, amma çox zəifləmiş durumdadır və Sadıqov aclıq aksiyasını davam etdirir.

Ombudsman Aparatı rəsmi intenet saytında jurnalistin fotosunu yayıb. Sadıqov həbsdən əvvəlki fotoları ilə müqayisədə həddən artıq çəki itirib. Həyat yoldaşının dediyinə görə, o, 30 kiloqramdan çox çəki itirib.

Əfqan Sadıqov 2020-ci il mayın 13-də saxlanılıb və Bakının Binəqədi Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

İstintaqın iddiasına görə, Sadıqov xeberfakt.az nəşrinin redaktoru Sakit Muradovla birlikdə 10,000 manat rüşvət alarkən saxlanılıb. Bu zaman Muradovu həbs etməyiblər.

Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azel.tv saytının redaktorunu hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə günahkar sayaraq yeddi il müddətinə azadlıqdan məhrum edib.

2021-ci il yanvarın 28-də Sumqayıt Apellyasiya Məhkəməsi Əfqan Sadıqov barəsində verilən hökmü qismən dəyişib, 7 il həbs cəzasını 6 ilə endirib.

“Mən məhkəmənin hökmünü ədalətsiz hesab edirəm. Ortada heç bir hədə-qorxu, şantaj xarakterli yazı yoxdur,” jurnalist məhkəmədə deyib.

Əfqan Sadıqov həbsindən öncə “Taxtakörpüdə gizlədilmiş cinayət hadisəsi“ adlı məqalə ilə çıxış edib. Məqalədə Taxtakörpü qəsəbəsində kimsəsiz və köməksiz olan iki qadına qarşı (onlardan biri azyaşlıdır) cinsi zorakılıqdan bəhs edilir. Jurnalist qadınlara qarşı zorakılığın araşdırılmamasından narahatlığını bildirib. O həmin məlumatı YouTube kanalı vasitəsilə də diqqətə çatdırıb.

Sadıqov həmçinin narkotik qaçaqmalçılığında əli olduğunu iddia etdiyi bir qrup şəxs və Sumqayıt şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri barədə də tənqidi məqalələrlə çıxış edib.

“Yüksək vəzifəli bir neçə məmuru kəskin tənqid, ifşa etdiyim üçün sifarişin, tapşırıq, göstərişin haradan gəldiyini yaxşı bilirik,” Sadıqov həbsindən öncə Facebook səhifəsində yazıb.

Bir çox yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, o cümlədən Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hökumətini jurnalistin dərhal azadlığa buraxılmasına çağıran bəyanatlarla çıxış edib.

XS
SM
MD
LG