Accessibility links

110 gündür aclıq edən jurnalisti zondla məcburi qidalandırırlar, Əfqan Sadıqovun həyat yoldaşı deyir


Əfqan Sadıqov Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən qəbul olunub, 25 yanvar 2021

Həbsxanada 110 gündür aclıq edən Azel.TV saytının rəhbəri Əfqan Sadıqovun səhhəti ağır olaraq qalır.

Jurnalistin həyat yoldaşı Sevinc Sadıqova bildirib ki, 13 günlük fasilədən və mədəsini müalicə etdikdən sonra fevralın 15-dən Əfqan Sadıqovu məcburi qidalandırmaq üçün yenidən burnundan mədəsinə zond salıblar.

“Dodağının üstünə keyidici iynə vurulur və zond tərpənməsin deyə dodağının üstünə iynə ilə tikilib. Qısası, cəhənnəm əzabı verirlər. Əfqanın vəziyyəti çox ağırdır. Bütün prosedurlar Əfqanın ölməsinin qarşısını almaq üçündür. Amma onun ömrünü bu durumda nə qədər uzada bilərlər? Başqa bir yol fikirləşin, axtarın tapın. Geri çəkilməyən, sınmayan adamı zorla təslim, məğlub etmək, sındırmaq olmaz!” Sadıqova qeyd edib.

Penitensiar Xidmətdən Əfqan Sadıqovun sağlamlıq durumu ilə bağlı məlumat almaq mümkün olmayıb.

Yanvarın 25-də Ombudsmanın (İnsan Hüquqları üzrə Müvəkkil) tapşırığı əsasında Sadıqovla görüşən Milli Preventiv Qrupun (MPQ) üzvü Vüqar Heydərov Amerikanın Səsinə bildirib ki, jurnalist çox zəifləmiş durumdadır.

Ombudsman Aparatı rəsmi internet saytında jurnalistin fotosunu yayıb. Sadıqov həbsdən əvvəlki fotoları ilə müqayisədə həddən artıq çəki itirib.

Əfqan Sadıqov 2020-ci il mayın 13-də saxlanılıb və Bakının Binəqədi Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

İstintaqın iddiasına görə, Sadıqov xeberfakt.az nəşrinin redaktoru Sakit Muradovla birlikdə 10,000 manat rüşvət alarkən saxlanılıb. Bu zaman Muradovu həbs etməyiblər.

Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azel.tv saytının redaktorunu hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə günahkar sayaraq yeddi il müddətinə azadlıqdan məhrum edib.

2021-ci il yanvarın 28-də Sumqayıt Apellyasiya Məhkəməsi Əfqan Sadıqov barəsində verilən hökmü qismən dəyişib, 7 il həbs cəzasını 6 ilə endirib.

“Mən məhkəmənin hökmünü ədalətsiz hesab edirəm. Ortada heç bir hədə-qorxu, şantaj xarakterli yazı yoxdur,” jurnalist məhkəmədə deyib.

Əfqan Sadıqov həbsindən öncə “Taxtakörpüdə gizlədilmiş cinayət hadisəsi“ adlı məqalə ilə çıxış edib. Məqalədə Taxtakörpü qəsəbəsində kimsəsiz və köməksiz olan iki qadına qarşı (onlardan biri azyaşlıdır) cinsi zorakılıqdan bəhs edilir.

Jurnalist qadınlara qarşı zorakılığın araşdırılmamasından narahatlığını bildirib. O həmin məlumatı YouTube kanalı vasitəsilə də diqqətə çatdırıb.

Sadıqov həmçinin narkotik qaçaqmalçılığında əli olduğunu iddia etdiyi bir qrup şəxs və Sumqayıt şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri barədə də tənqidi məqalələrlə çıxış edib.

“Yüksək vəzifəli bir neçə məmuru kəskin tənqid, ifşa etdiyim üçün sifarişin, tapşırıq, göstərişin haradan gəldiyini yaxşı bilirik,” Sadıqov həbsindən öncə Facebook səhifəsində yazıb.

Bir çox yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, o cümlədən Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hökumətini jurnalistin dərhal azadlığa buraxılmasına çağıran bəyanatlarla çıxış edib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ COVID-19 peyvəndinin gücləndirici dozasını təsdiqləyib
please wait

No media source currently available

0:00 0:11:54 0:00

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG