Accessibility links

84 gündür aclıq edən jurnalistin anası və qardaşı Azərbaycan rəhbərliyinə müraciət edib


Əfqan Sadıqov
Əfqan Sadıqov

Həbsxanada aclıq edən "Azel TV" saytının rəhbəri Əfqan Sadıqovun anası Hürnisə Sadıqova və qardaşı Azər Sadıqov Azərbaycan Prezidenti İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya yenidən video müraciət edib.

Jurnalistin qardaşı Azər Sadıqov Əfqan Sadıqovun 90 günə yaxındır ki, ədalətsiz cəzanın ləğv edilməsini tələb edərək aclıq aksiyası keçirdiyini söyləyib.

Onun sözlərinə görə, yanvarın 21-də Sumqayıt Apellyasiya Məhkəməsi şikayətə baxılmasını bir daha təxirə salıb.

Azər Sadıqov deyib ki, elə həmin gün, yanvarın 21-də Əfqan Sadıqov komaya düşüb, bundan sonra jurnalist reanimasiya şöbəsinə yerləşdirilib, burnundan şlanq yeridərək vitaminlər köçürülüb, sistemlər qoşulub.

Azər Sadıqovun sözlərinə görə, bundan sonra Əfqan Sadıqov özünə gəlib.

Qardaşı hesab edir ki, jurnalistin vəziyyəti ağır olaraq qalır və buna baxmayaraq Əfqan aclığı ölənədək davam etdirmək niyyətindədir.

"Bu dəfə də məhkəmə təxirə salınsa, deməli, Əfqanın ölümünü istəyirlər. Əgər Əfqan ölsə, bu, dünyada yeganə və ilk dəfə olan bir hadisədir ki, aclıq aksiyası keçirən jurnalist ölür. Bu da Azərbaycanda baş verəcək," o qeyd edib.

Jurnalistin anası video müraciətində ölkə rəhbərliyini oğlunun taleyinə biganə qalmamağa və şikayətə məhkəmədə ədalətli baxılmasına və uydurma ittihamların götürülməsinə səsləyib.

Jurnalistin anası qeyd edib ki, oğlunun vəziyyəti ağırdır və o oğlu ilə görüşəndə onun burnuna şlangin tikildiyini görüb.

O, oğlu ilə bağlı ölkə rəhbərliyinə əvvəlki müraciətinin dinlənilməməsindən təəssüfləndiyini bildirib.

Jurnalist məhkəmənin hökmünə etiraz olaraq 2020-ci il noyabrın 3-də məhkəmə zalında aclıağa başaldığını elan edib. O, artıq 84 gündür aclıq edir.

Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova jurnalistin yanvarın 21-də komaya düşdüyünü və onun aparata qoşulduğunu, bədəninə süni yolla qidalandırıcı maddələrin yeridildiyini bildirib.

Yanvarın 25-də Ombudsmanın (İnsan Hüquqları üzrə Müvəkkil) tapşırığı əsasında Sadıqovla görüşən Milli Preventiv Qrupun (MPQ) üzvü Vüqar Heydərov Amerikanın Səsinə bildirib ki, o, koma durumunda deyil, amma çox zəifləmiş durumdadır və Sadıqov aclıq aksiyasını davam etdirir.

Əfqan Sadıqov Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən qəbul olunub, 25 yanvar 2021
Əfqan Sadıqov Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən qəbul olunub, 25 yanvar 2021

Ombudsman Aparatı rəsmi intenet saytında jurnalistin fotosunu yayıb. Sadıqov həbsdən əvvəlki fotoları ilə müqayisədə həddən artıq çəki itirib. Həyat yoldaşının dediyinə görə, o, 30 kiloqramdan çox çəki itirib.

Əfqan Sadıqov 2020-ci il mayın 13-də saxlanılıb və Bakının Binəqədi Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

İstintaqın iddiasına görə, Sadıqov xeberfakt.az nəşrinin redaktoru Sakit Muradovla birlikdə 10,000 manat rüşvət alarkən saxlanılıb. Bu zaman Muradovu həbs etməyiblər.

Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azel.tv saytının redaktorunu hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə günahkar sayaraq yeddi il müddətinə azadlıqdan məhrum edib.

“Mən məhkəmənin hökmünü ədalətsiz hesab edirəm. Ortada heç bir hədə-qorxu, şantaj xarakterli yazı yoxdur. Bu səbəbdən aclığa başlayıram. Ədalət bərpa edilməsə aclığın 20-ci günündən sonra quru aclığa keçəcəm,” jurnalist məhkəmədə deyib.

Əfqan Sadıqov həbsindən öncə “Taxtakörpüdə gizlədilmiş cinayət hadisəsi“ adlı məqalə ilə çıxış edib. Məqalədə Taxtakörpü qəsəbəsində kimsəsiz və köməksiz olan iki qadına qarşı (onlardan biri azyaşlıdır) cinsi zorakılıqdan bəhs edilir. Jurnalist qadınlara qarşı zorakılığın araşdırılmamasından narahatlığını bildirib. O həmin məlumatı YouTube kanalı vasitəsilə də diqqətə çatdırıb.

Sadıqov həmçinin narkotik qaçaqmalçılığında əli olduğunu iddia etdiyi bir qrup şəxs və Sumqayıt şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri barədə də tənqidi məqalələrlə çıxış edib.

“Yüksək vəzifəli bir neçə məmuru kəskin tənqid, ifşa etdiyim üçün sifarişin, tapşırıq, göstərişin haradan gəldiyini yaxşı bilirik,” Sadıqov həbsindən öncə Facebook səhifəsində yazıb.

Bir çox yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, o cümlədən Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hökumətini jurnalistin dərhal azadlığa buraxılmasına çağıran bəyanatlarla çıxış edib.

Sadıqovun apellyasiya şikayətinə baxış 2020-ci ilin dekabrında başlayıb və məhkəmə iclası dəfələrlə təxirə salınıb. Bu il yanvarın 21-də Sumqayıt Apellyasiya Məhkəməsindən jurnalistin şikayətinə yanvarın 28-də baxılacağını bildiriblər.

XS
SM
MD
LG