Accessibility links

104 gündür aclıq edən jurnalistin həyat yoldaşı: Əfqanın əli-ayağı əsir, rəngi dümağdır


Həbsxanada 104 gündür aclıq edən Azel.TV saytının rəhbəri Əfqan Sadıqovun səhhəti daha da ağırlaşıb.

Bu barədə onun həyat yoldaşı Sevinc Sadıqova bu gün, fevralın 15-də jurnalistlə görüşündən sonra Amerikanın Səsinə müsahibəsində bildirib.

“Bu gün Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində Əfqanla görüşdük. Onu şüşənin arxasından gördüm. Əlil arabasında gətirmişdilər. Özü yeriyə bilmir. Artıq 35 kiloqramadək çəki itirib. Aclığının 104-cü günüdür. Aclığının 80-ci günündə komaya düşdükdən sonra onu süni qidalandırıblar. Amma fevralın 2-dən süni qidalandırma dayandırılıb. Süni qidalandırma zamanı mədənin qapağı açıq qaldığından onu dayandırıblar. Hazırda Əfqanın ölümünün qarşısını sistem vurmaqla alırlar. Həkimin özü də etiraf edir ki, ölümün qarşısını sistem vurmaqla alırlar. Amma sistemlə nə qədər saxlayacaqlar, onu bilmirlər. Mən ondan xahiş etdim ki, yemək yesin, su içsin, bədəni adaptasiya olunsun. Əfqan imtina etdi. Dedi ki, sistemlə nə qədər saxlayacaqlar, saxlasınlar. Ya ədalət bərpa olunmalıdır, ya da aclığı sona qədər davam etdirəcək.”

Sadıqova deyib ki, jurnalistin vəziyyəti çox ağırdır.

“Əfqanın qanı çox aşağıdır. Ona qan vurmaq istəyiblər. Amma imtina edib. Qanı aşağıdır. Əli-ayaqları əsir. Rəngi dümağdır. 35 kiloqrama yaxın çəki itirib. Səhəhəti çox pisdir,” Sadıqova qeyd edib.

Sevinc Sadıqova özünə qarşı təzyiqlərin olduğunu da bildirib.

Yanvarın 25-də Ombudsmanın (İnsan Hüquqları üzrə Müvəkkil) tapşırığı əsasında Sadıqovla görüşən Milli Preventiv Qrupun (MPQ) üzvü Vüqar Heydərov Amerikanın Səsinə bildirib ki, o, koma durumunda deyil, amma çox zəifləmiş durumdadır.

Ombudsman Aparatı rəsmi internet saytında jurnalistin fotosunu yayıb. Sadıqov həbsdən əvvəlki fotoları ilə müqayisədə həddən artıq çəki itirib.

Əfqan Sadıqov 2020-ci il mayın 13-də saxlanılıb və Bakının Binəqədi Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

İstintaqın iddiasına görə, Sadıqov xeberfakt.az nəşrinin redaktoru Sakit Muradovla birlikdə 10,000 manat rüşvət alarkən saxlanılıb. Bu zaman Muradovu həbs etməyiblər.

Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azel.tv saytının redaktorunu hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə günahkar sayaraq yeddi il müddətinə azadlıqdan məhrum edib.

2021-ci il yanvarın 28-də Sumqayıt Apellyasiya Məhkəməsi Əfqan Sadıqov barəsində verilən hökmü qismən dəyişib, 7 il həbs cəzasını 6 ilə endirib.

“Mən məhkəmənin hökmünü ədalətsiz hesab edirəm. Ortada heç bir hədə-qorxu, şantaj xarakterli yazı yoxdur,” jurnalist məhkəmədə deyib.

Əfqan Sadıqov həbsindən öncə “Taxtakörpüdə gizlədilmiş cinayət hadisəsi“ adlı məqalə ilə çıxış edib. Məqalədə Taxtakörpü qəsəbəsində kimsəsiz və köməksiz olan iki qadına qarşı (onlardan biri azyaşlıdır) cinsi zorakılıqdan bəhs edilir. Jurnalist qadınlara qarşı zorakılığın araşdırılmamasından narahatlığını bildirib. O həmin məlumatı YouTube kanalı vasitəsilə də diqqətə çatdırıb.

Sadıqov həmçinin narkotik qaçaqmalçılığında əli olduğunu iddia etdiyi bir qrup şəxs və Sumqayıt şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri barədə də tənqidi məqalələrlə çıxış edib.

“Yüksək vəzifəli bir neçə məmuru kəskin tənqid, ifşa etdiyim üçün sifarişin, tapşırıq, göstərişin haradan gəldiyini yaxşı bilirik,” Sadıqov həbsindən öncə Facebook səhifəsində yazıb.

Bir çox yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, o cümlədən Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hökumətini jurnalistin dərhal azadlığa buraxılmasına çağıran bəyanatlarla çıxış edib.

XS
SM
MD
LG