Accessibility links

68 gündür aclıq edən jurnalistin həyat yoldaşı aksiya keçirib


Əfqan Sadıqovun həyat yoldaşı aksiya keçirir
Əfqan Sadıqovun həyat yoldaşı aksiya keçirir

Həbsxanada aclıq edən Azel.tv saytının rəhbəri Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova bu gün, yanvarın 11-də Bakının əsas magistrallarından olan, Heydər Əliyev prospektində avtomobillərin sürətlə hərərkət edən hissəsinə çıxaraq etiraz edib. O, “Əfqan Sadıqov ölür!” yazılmış şüar qaldırıb.

Polislər Sadıqovanı yolun hərəkət hissəsindən çıxarıb və avtomobillərinə mindirərək aparıb.

Sadıqova bildirib ki, həyat yoldaşı artıq 68-ci gündür aclır edir.

“Mən buradan bir daha ölkənin rəhbərlərinə müraciət edirəm. Jurnalist Əfqan Sadıqov ölür. Məhkəmə baxışı yanvarın 21-nə təyin edilib. Ona qədər Əfqan sağ qalmayacaq. Onun vəziyyəti kritikdir. Ayaq üstə dura bilmir, tez-tez huşunu itirir, ciyərlərində və böyrəklərində probelem yaranıb. O, 30 kiloqramadək çəki itirib, sanki dəriyə bürünnmüş skeletdir. Əfqan hər an komaya düşə bilər,” o qeyd edib.

Jurnalist Ədliyyə Nazirliyinin Müalicə Müəsissəsinə yerləşdirilib və həkim nəzarətindədir.

Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsindən jurnalsitin səhhəti ilə bağlı məlumat almaq mümkün olmayıb, telefon zənglərinə cavab verilməyib.

Ombudsman Aparatından bir müddət əvvəl bildiriblər ki, Ombudsmanın tapşırığı ilə Əfqan Sadıqovun səhhəti diqqət mərkəzindədir.

"Dekabrın 28-də Penitensiar Xidmətin Müalicə Müəssisəsi ilə əlaqə saxladıq. Bizə dedilər ki, Əfqan Sadıqovun səhhəti tam nəzarətdədir. Əvvəlki kimi qida qəbulundan imtina edir," Ombudsman Aparatından bildiriblər.

Dekabrın 25-də Sumqayıt Apellyasiya Məhkəməsində hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə Sadıqovun şikayətinə ilkin baxış olub. Məhkəmə baxışı yanvarın 21-nə təyin edilib.

Əfqan Sadıqov mayın 13-də saxlanılıb və Bakının Binəqədi Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

İstintaqın iddiasına görə, Sadıqov xeberfakt.az nəşrinin redaktoru Sakit Muradovla birlikdə 10,000 manat rüşvət alarkən saxlanılıb. Bu zaman Muradovu həbs etməyiblər.

Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azel.tv saytının redaktorunu hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə günahkar sayaraq, yeddi il müddətinə azadlıqdan məhrum edib.

“Mən məhkəmənin hökmünü ədalətsiz hesab edirəm. Ortada heç bir hədə-qorxu, şantaj xarakterli yazı yoxdur. Bu səbəbdən aclığa başlayıram. Ədalət bərpa edilməsə aclığın 20-ci günündən sonra quru aclığa keçəcəm,” jurnalist məhkəmədə deyib.

O həmin vaxtdan saxlanıldığı 1 saylı İstintaq Təcridxanasında aclığa başlayıb.

Əfqan Sadıqov həbsindən öncə “Taxtakörpüdə gizlədilmiş cinayət hadisəsi“ adlı məqalə ilə çıxış edib. Məqalədə Taxtakörpü qəsəbəsində kimsəsiz və köməksiz olan iki qadına qarşı (onlardan biri azyaşlıdır) cinsi zorakılıqdan bəhs edilir. Jurnalist qadınlara qarşı zorakılığın araşdırılmamasından narahatlığını bildirib. O həmin məlumatı YouTube kanalı vasitəsilə də diqqətə çatdırıb.

Sadıqov həmçinin narkotik qaçaqmalçılığında əli olduğunu iddia etdiyi bir qrup şəxs və Sumqayıt şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri barədə də tənqidi məqalələrlə çıxış edib.

“Yüksək vəzifəli bir neçə məmuru kəskin tənqid, ifşa etdiyim üçün sifarişin, tapşırıq, göstərişin haradan gəldiyini yaxşı bilirik,” Sadıqov həbsindən öncə Facebook səhifəsində yazıb.

Bir çox yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, o cümlədən Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hökumətini jurnalistin dərhal azadlığa buraxılmasına çağıran bəyanatlarla çıxış edib.

XS
SM
MD
LG