Accessibility links

78 gündür aclıq edən jurnalistin məhkəməsi yenə təxirə salınıb


Aclıq edən jurnalistin məhkəməsi təxirə salınıb
please wait

No media source currently available

0:00 0:02:27 0:00

"Azel TV" saytının rəhbəri Əfqan Sadıqov həbsxanada 78 gündür aclıq edir. Bu gün, yanvarın 21-də Sumqayıt Apellyasiya Məhkəməsində jurnalistin şikayətinə baxış yenidən təxirə salınıb.

Jurnalistin həyat yoldaşı Sevinc Sadıqova hesab edir ki, məhkəmə Əfqan Sadıqovun ölümünü yaxınlaşdırmaq üçün təxirə salınır.

“Həyat yoldaşım 78 gündür aclıq edir. Həyatı təhlükədədir. Hər an komaya düşüb ölə bilər. Bunlar artıq ikinci dəfədir məhkəməni təxirə salır. Səbəb isə odur ki, Əfqan komaya düşsün, məhkəmədə danışıb bunların sirlərini aça bilməsin,” o qeyd edib.

Sumqayıt Apellyasiya Məhkəməsindən bildiriblər ki, məhkəmə iclası COVİD-19-la bağlı Ali Məhkəmənin qərarına əsasən yanvarın 25-dən sonraya təxirə salınıb.

“Yanvarın 25-dən sonra məhkəmə iclası dördüncü günə (yanvarın 28-nə) təyin ediləcək,” məhkəmənin rəsmisi bildirib.

Əfqan Sadıqov 2020-ci il mayın 13-də saxlanılıb və Bakının Binəqədi Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

İstintaqın iddiasına görə, Sadıqov xeberfakt.az nəşrinin redaktoru Sakit Muradovla birlikdə 10,000 manat rüşvət alarkən saxlanılıb. Bu zaman Muradovu həbs etməyiblər.

Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azel.tv saytının redaktorunu hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə günahkar sayaraq yeddi il müddətinə azadlıqdan məhrum edib.

“Mən məhkəmənin hökmünü ədalətsiz hesab edirəm. Ortada heç bir hədə-qorxu, şantaj xarakterli yazı yoxdur. Bu səbəbdən aclığa başlayıram. Ədalət bərpa edilməsə aclığın 20-ci günündən sonra quru aclığa keçəcəm,” jurnalist məhkəmədə deyib.

O həmin vaxtdan saxlanıldığı 1 saylı İstintaq Təcridxanasında aclığa başlayıb. Hazırda jutrnalist Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində həkim nəzarətindədir.

Həyat yoldaşının dediyinə görə, Sadıqov hazırda yeriyə bilmir, 30 kiloqramadək çəki itirib, böyrəklərində problemlər yaranıb, beyninin qanla qidalanmasında çətinliklər var.

Əfqan Sadıqov həbsindən öncə “Taxtakörpüdə gizlədilmiş cinayət hadisəsi“ adlı məqalə ilə çıxış edib. Məqalədə Taxtakörpü qəsəbəsində kimsəsiz və köməksiz olan iki qadına qarşı (onlardan biri azyaşlıdır) cinsi zorakılıqdan bəhs edilir. Jurnalist qadınlara qarşı zorakılığın araşdırılmamasından narahatlığını bildirib. O həmin məlumatı YouTube kanalı vasitəsilə də diqqətə çatdırıb.

Sadıqov həmçinin narkotik qaçaqmalçılığında əli olduğunu iddia etdiyi bir qrup şəxs və Sumqayıt şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri barədə də tənqidi məqalələrlə çıxış edib.

“Yüksək vəzifəli bir neçə məmuru kəskin tənqid, ifşa etdiyim üçün sifarişin, tapşırıq, göstərişin haradan gəldiyini yaxşı bilirik,” Sadıqov həbsindən öncə Facebook səhifəsində yazıb.

Bir çox yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, o cümlədən Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hökumətini jurnalistin dərhal azadlığa buraxılmasına çağıran bəyanatlarla çıxış edib.

XS
SM
MD
LG