Accessibility links

Günel Mövlud: Məktəb üçün ən vacib şagirdi qorumaqdır


Günel Mövlud: Məktəb üçün ən vacib şagirdi qorumaqdır
please wait

No media source currently available

0:00 0:19:02 0:00

Sosial media şəbəkələrində son günlər #bullinqəson və #Elinaüçüçn susma heşteqi ilə dəstək kampaniyaları aparılır. Bu kampaniya 162 nömrəli məktəbin şagirdi Elina Hacıyevanın intiharından sonra başlayıb. Yeniyetmə qızın intihar etməsi Azərbaycanda yerli mediada və sosial şəbəkələrdə ən çox müzakirə edilən məsələlərdən biri olub. Müşahidəçilərin fikrincə, sosial mediada aparılan müzakirələr intihar halları və buna səbəb olan bullinq ilə bağlı kifayət qədər məlumatlandırmanın olmadığını göstərir. Norveçdə yaşayan yazar Günel Mövlud Amerikanın Səsinin Amerika icmalı proqramında müsahibədə buillinq hallarına qarşı mübarizə, məktəblərin yeniyetmələr arasında intiharların qarşısının alınmasıında rolundan danışıb.

Günel Mövlud inkişaf etmiş ölkələrdə bullinq haqda məlumatlandırmanın məktəblərin tədris proqramının bir hissəsi olduğunu deyib.

“Pedaqoqlar, məktəb rəhbərliyi bilavisitə məsuldur ki, bu hadisələr təhsil müəssisələrində baş verməsin. Bu baş verdikdə də təbii ki, o dəqiqə müdaxilə edilir, məktəb psixoloqları bununla bağlı işə başlayır, vaideynlərlə işlənilir, təbii ki, bullinq edən şagirdlər həddi-buluga çatmadıqları üçün hər hansı cəzaya layiq görülmürlər. Amma onlarla aylarla, bəzən illərlə iş aparılır. Onların valideynləri ilə iş aparılır. Problemin kökünü tapmağa çalışırlar ki, bu uşaq nəyə görə zorakılığa meyllidir, nəyə görə bullinqə meyllidir, kimisə qısnamağa meyllidir? Problemin kökü tapılıb həll edilir.”

Burada ən birinci səbəb cəzasızlıqdır. Onlar əmin idilər ki, onlar cəzasız qalacaqlar.

Günel Mövludun sözlərinə görə, Elina Hacıyevanın intiharı məktəblərdə psixoloqların işinə xüsusi diqqətin yönəlməsinə gətirib çıxardı. “Elinanın intiharı olmasaydı bu məsələ yenə də kölgədə qalan bir məsələ olacaqdı, Mən çox təəssüf edirəm ki, belə bir problemə bizim diqqət yetirməyimiz üçün mütləq bir yeniyetmə intihar etməli idi.”

Günel Mövlud bullinq probleminin həll edilməməsi və faciənin baş verməsinə yol verilməsində məktəb rəhbərliyinin rolu ilə bağlı fikirləri ilə bölüşüb. “Onlar əmin olmasaydılar ki, onlar cəzasız qalacaqlar bu hadisə baş verməzdi. Həmən təcili yardım çağırılardı, təcili yardıma doğru informasiya verilərdi, deyilməzdi ki, o zəhərlənib. Vaxtında ailəsinə xəbər verilərdi. Burada ən birinci səbəb cəzasızlıqdır. Onlar əmin idilər ki, onlar cəzasız qalacaqlar. Çünki yenə deyirəm ki, biz elə bir cəmiyyətdə yaşayırıq ki, orada insanın dəyəri çox azdır. Bir şagirdin ailəsi çox varlı olmayan, vəzifədə olmayan bir insanın onlar üçün heç bir qiyməti yox idi.

Müəllim, pedaqoq, psixoloq düşünməlidir ki, o, birinci növbədə peşəkar olmalıdır. Onun birinci vəzifəsi uşağı o həssas dövründə maksimum qorumaqdır, mentalitetin qayğısına qalmaq yox.

Orada əsas məsələ onlar istəyirdilər ki, o video vasitəsilə valideynlərə dırnaqarası sübutlar göstərib özlərini təmizə çıxarsınlar, özlərini onların qınağından və yaxud polis qorxusundan, yaxud polis təhdidindən qurtarsınlar. İkinci məsələ bundadır ki, biz sonra informasiyaları oxuduqda xəbərdar olduq ki, direktorun əvvəlcədən bu qızla münasibəti yaxşı olmayıb. Hətta onun müəyyən rəfiqələrinin analarına zəng edərək deyib ki, `o, tərbiyəsiz qızdır, əxlaqsız qızdır, onunla qızınızı rəfiqəlik etməyə qoymayın`. Bu, bir pedadoqun nəinki edə biləcəyi, ağlına belə gətirə bilməycəyi bir şeydir.”

Günel Mövlud intihar hallarının qarşısının alınmasında ailələrlə yanaşı, orta məktəblərdə psixoloqların rolunu xüsusi qeyd edib.

“Bu, xırda bir iş deyil, ya da bir nəfərin həll edəcəyi bir iş deyil. Bunun üçün bütöv bir sistem çalışmalıdır. Müəllim, valideyn, psixoloq, cəmiyyət, televiziya, mətbuat – hamısı əlbir olaraq çalışmalıdır...Bəzən psixoloq da, direktor da, müəllim də pedaqoqdan daha çox mentalitet qorucuyucusu kimi çıxış edir. Buna heç cür yol vermək olmaz. Müəllim, pedaqoq, psixoloq düşünməlidir ki, o, birinci növbədə peşəkar olmalıdır. Onun birinci vəzifəsi uşağı o həssas dövründə maksimum qorumaqdır, mentalitetin qayğısına qalmaq yox. O, namusun qorucuyusu deyil. Onu o məktəbə ona görə təyin etməyiblər ki, orada namusu qorusun, milli mentaliteti qorusun. O, uşağı qorumalıdır. Uşağın psixologiyasını qorumalıdır. Uşağın təhlükəsizliyini təmin etməlidir və nəyahət elm almasını təmin etməlidir.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG