Accessibility links

Güneyli fəal Əlirza Fərşi Tehranın Fəşafuyə həbsxanasının ikinci bölməsinə köçürülüb


Əlirza Fərşi
Əlirza Fərşi

Sentyabrın 8-də İranın paytaxtı Tehran şəhərindəki Evin həbsxanasının 8-ci korpusundan Fəşafuyə həbsxanasının karantin bölməsinə köçürülən türk dili haqları fəalı Əlirza Fərşi daha sonra Fəşafuyə həbsxanasının ikinci bölməsinin 12-ci otağına köçürülüb.

Əlirza Fərşi ailəsi ilə telefon vasitəsi ilə əlaqə saxladığında bu haqda məlumat verib.

Fərşinin köçürüldüyü Fəşafuyə həbsxanasında məhbusları cinayət növünə görə ayırma prinsipinə əməl edilmir və həbsxanada yaşayış üçün lazımi standartlar mövcud deyil.

Avqustun 10-da Evin həbsxanasının 27 siyasi məhbusu məhbuslar arasında koronavirus hallarının yayılması səbəbilə həbsxananın həyətində oturaq aksiya keçirmişdi.

Bu aksiyanın ardından avqustun 12-də İran televiziyasında yayımlanan verilişdə Evin həbsxanasının 8-ci korpusunda vəziyyətin normal olduğuna və orada koronavirusun yayılmadığına dair reportaj da həbsxanadakı siyasi məhbusların etirazına səbəb olmuşdu.

Avqustun 13-də 8-ci korpusda saxlanılan 3 güneyli fəal həmin korpusdakı digər 12 siyasi məhbusla birlikdə bəyanat yayaraq İran dövlət televiziyasının Evin həbsxanasının vəziyyəti ilə bağlı yayımladığı reportajının “yalan və gülünc” olduğunu bildirmişdilər.

Bu etirazlardan dərhal sonra 3 türk dil haqları fəalları Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafi Nadarlı həbsxananın şəraitinə etiraz etdikləri üçün ayrı korpuslara köçürülmüşdülər.

Və bundan sonra Evin həbsxanasının rəsmiləri sentyabrın 8-də iyulun 21-dən bəri orada saxlanılan Əlirza Fərşini Fəşafuyə həbsxanasının 1-ci korpusunun karantin bölümünə köçürdülər.

Əlirza Fərşi 2014-cü ilin iyul ayının 21-də Tehran şəhərində beynəlxalq ana dili günü mərasimində iştirak etdiyi üçün digər milli fəallarla birlikdə İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınıb, bir neçə gün saxlanıldıqdan sonra müvəqqəti olaraq məhkəmə iclasına qədər sərbəst buraxılmışdı.

Fərşi 2016-cı ildə, Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən "İranın milli təhlükəsizliyini pozmaq qəsdi ilə qruplaşmada iştirak etmək" ittihamı ilə 15 il həbs və İranın güneyində yerləşən Xuzistan vilayətində iki il sürgün həyatı keçirmə cəzasına məhkum edilmişdi. Bu cəza, daha sonra Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsinin sədri olan hakim Babayi tərəfindən 2 il həbs və 2 il sürgünə endirilib.

XS
SM
MD
LG