Accessibility links

Güneyli fəal Siyamək Seyfi iki il həbsə məhkum edilib


Ərdəbil vilayətinin Meşkinşəhr şəhərinin sakini olan milli fəal Siyamək Seyfi Meşkinşəhrin İnqilab Məhkəməsi tərəfindən iki həbs cəzasına məhkum edilib.

Bölgədə fəaliyyət göstərən insan hüquqları müdafiəçilərinin yaydığı məlumata görə, Siyamək Seyfi “milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq” ittihamı ilə 2 il azadlıqdan məhrum edilib.

Keçən ilin oktyabr ayının 18-də Aydın Zakiri və Siyamək Seyfi Meşginşəhr şəhərində İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana dəstək mitinqi ilə əlaqədar İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdilər.

Hər iki milli fəala qarşı "ictimai asayişin pozulmasında iştirak etmək" və "ictimai asayişi pozmaq məqsədilə sui-qəsd planlaşdırmaq" ittihamları irəli sürülmüşdü.

Siyamək Seyfiyə göndərilən məhkəmə vərəqəsində hakim polisin hesabatına və fəalın Telegram və İnstagram hesablarında olan məlumata istinad edərək 2 il azadlıqdan məhrum edilmə hökmü çıxarılıb.

Milli fəalın ilkin məhkəmənin qərarından sonra 20 gün müddət ərzində apelyasiya məhkəməsinə şikayət etmə haqqının olduğu bildirilib.

Keçən il İkinci Qarabağ Müharibəsinin başlanmasından sonra sentyabr ayının son günlərindən etibarən bir neçə həftə müddətində İran Azərbaycanı və digər türkdilli şəhərlərdə bir çox milli fəal və vətəndaş həbs edilib.

HRA xəbər agentliyinin verdiyi hesabata görə, Azərbaycan Respublikasına dəstək məqsədilə keçirilən dinc mitinqlərlə bağlı Təbriz, Ərdəbil Tehran, Urmiyə, Meşkinşəhr, Rəşt, Parsabad, Culfa, Kəleybər və Zəncan kimi şəhərlərdə milli fəallar ağır şəkildə döyülərək həbs edilib.

XS
SM
MD
LG