Ərdəbil sakini olan milli fəal Əli Şahinin təhlükəsizlik qüvvələri tərəfindən həbs edildiyi bildirilir.
İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata görə, Şahi sentiyabrın 3-də sakin olduğu Ərdəbil şəhərində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək naməlum yerə aparılıb.
Yayımlanan məlumata görə, təhlükəsizlik qüvvələri milli fəalı həbs edərkən evində axtarış aparıb bəzi şəxsi əşyalarını o cümlədən mobil telefonunu və komyuterini müsadirə ediblər.
Güneyli milli fəal Əli Şahiyə qarşı irəli sürülən ittihamlar haqqında heç bir məlumat yoxdur. Türk fəalın saxlanılmasından təxminən bir həftə keçsə də, hələ ki, onun sağlamlıq durumu, ittihamları və harada saxlanıldığı barədə məlumat yayılmayıb.
Təhlükəsizlik qüvvələri nəzarət altına aldıqları Əli Şahinin ailəsi ilə telefon əlaqəsi saxlamasına icazə verməyib. İranda təhlükəsizlik qüvvələrinin siyasi fəalları həbs edərək, ailələri ilə əlaqə saxlamalarına əngəl olması İran İslam Respublikasının konstitusiyasına ziddir.
Daha öncə İLNA və Tasnim agentlikləri Ərdəbil vilayətində İslam İnqilabı Qvardiyası tərəfindən bir “separatçı və anti-inqilab” şəxsin həbs edildiyi xəbərini yayımlamışdı. Yayımlanan xəbərlərdə tutulan şəxsin kimliyi açıqlanmamışdı.