Accessibility links

Güneyli milli fəal Səid Sultani 2 illik həbs cəzasına məhkum edilib 


Səid Sultani
Səid Sultani

İranda Qarabağa dəstək mitinqi ilə bağlı Culfa şəhərində həbs edilən milli fəal Səid Sultani 2 il azadlıqdan məhrum edilib.

İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata əsasən, İran Azərbaycanının Culfa şəhərində yaşayan milli fəal Səid Sultani Təbriz İnqilab Məhkəməsinin 3-cü şöbəsi tərəfindən 2 illik həbs cəzasına məhkum edilib.

Oktyabr ayının 4-də Culfa şəhərində Qarabağa dəstək mitinqi ilə əlaqədar həbs edilən türk fəal İran Cinayət Məcəlləsinin 499-cu maddəsinə görə, "ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qeyri-qanuni qruplara üzv olmaq" ittihamı ilə mühakimə olunub və günahkar tanınıb.

Səid Sultani həbs ediləndən sonra 2 aydan çox digər milli fəal Babək Kiyumərsi ilə birlikdə Təbrizdə İranın Kəşfiyyat Nazirliyinin təcridxanasında dindirilib, daha sonra isə Təbriz Mərkəzi Həbsxanasına köçürüldükdən sonra, keçən ilin dekabr ayının 3-də girov müqabilində müvəqqəti azadlığa buraxılmışdı.

Səid Sultani ilə birlikdə Culfa şəhərində həbs edilən digər milli fəal Babək Kiyumərsi də həmin məhkəmə tərəfindən eyni ittihamla suçlanaraq 2 il həbs cəzasına məhkum edilib.

Milli fəal Səid Sultani indiyədək dəfələrlə apardığı dinc fəaliyyətlərdən dolayı təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

İkinci Qarabağ Müharibəsi əsnasında İran Azərbaycanı və İranda türklərin yaşadığı digər bölgələrdə keçirilən Qarabağa dəstək mitinqləri ilə əlaqədar çox sayda milli fəal və vətəndaş həbs edilib və işgəncələrə məruz qalıb.

XS
SM
MD
LG