Accessibility links

Güneyli siyasi fəal Lətif Həsəni 8 ildən sonra azadlığa buraxılıb


Lətif Həsəni
Lətif Həsəni

İran Azərbaycanın Xalxal şəhərindən olan siyasi fəal, Yeni Güney Azərbaycan Milli Oyanış Hərəkatı (Yeni GAMOH) təşkilatının başqanı Lətif Həsəni 8 ilə yaxın həbsdə saxlandıqdan sonra, yanvarın 13-də Rəcayişəhr həbsxanasından azadlığa buraxılıb.

Dr. Lətif Həsəninin vəkili Cəfər Əfşarniya yanvarın 10-da Şərqi Azərbaycan vilayətinin Apellyasiya məhkəməsinin 6-cı şöbəsi tərəfindən ona göndərilən bildirişi sosial mediada paylaşıb. Həmin məhkəmə bildirişinə görə, Lətif Həsəninin “qanunsuz qruplaşma təşkil etmək” və “İran İslam Respublikasına qarşı təbliğat aparmaq” ittihamlarından aldığı cəmi 9 illik həbs cəzası, yeni qərara əsasən 6 il 8 aya endirilib və İran məhkəmə sisteminin "cəzaların birləşdirilməsi qanunu"na dayanaraq bu hökmün ən ağır cəzası yəni 6 ili tətbiq edilə bilər.

Yeni GAMOH təşkilatının rəhbəri, Lətif Həsəni, 2013-cü ildə təşkilatın digər üzvləri, o cümlədən Ayət Mehrəlibəyli, Mahmud Fəzli, Behbud Quluzadə və Şəhram Radmehr ilə birgə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək, məhkəmə tərəfindən "milli təhlükəsizliyi pozmaq məqsədilə qanunsuz qruplaşmada iştirak etmək" ittihamı ilə 8 il və "İran İslam Respublikasına qarşı təbliğat aparmaq " ittihamı ilə 1 il həbs cəzasına məhkum edilmişdi. Təşkilatın digər üzvləri də bənzər ittihamlarla suçlanaraq həbs edilmişdi.

Təqribən 8 ay əvvəl İran İslam Cəza Qanununda aparılan islahata əsasən, siyasi fəalın dosyesi yenidən dəyərləndirilib və onun "milli təhlükəsizliyi pozmaq məqsədilə qanunsuz qruplaşmada iştirak etmək" ittihamı ilə əlaqədar həbs hökmü 6 ilə, "İran İslam Respublikasına qarşı təbliğat aparmaq" ittihamı ilə əlaqədar cəza hökmü isə 8 aya dəyişdirilib və nəhayət cəzanın ən ağır qismi olan yəni 6 il həbs cəzası tətbiq edilib.

Daha əvvəl Həsəni, 2010-cu ilin may ayının 24-də İranın Kərəc şəhərində atası evində təhlükəsizlik qüvvələri tərəfindən həbs olunaraq bənzər ittihamlarla 18 ay həbs cəzasına məhkum edilmişdi.

Dr. Lətif Həsəni həbsdə olduğu müddətdə dəfələrlə İranda Azərbaycan türklərinin və digər dini azlıqların hüquqları pozuntusuna qarşı aclıq aksiyaları keçirib. O, həmçinin həbsdə ikən fərqli mövzularlə bağlı Azərbaycan türklərinə, İranın liderinə, prezidentinə və bir neçə digər yerə açıq məktub yazaraq müraciət edib.

O, 2014-cü ilin may ayının 18-də siyasi məhbusların hüquqlarının pozulmasına, həbsxanalardakı məhbusların cinayətlər əsasında fərqli korpuslara ayrışdırılmamasına və Təbriz Mərkəzi Həbsxanasında siyasi məhbusların ailələrinə qarşı zorakılıqlara etiraz olaraq 52 gün müddətinə aclıq aksiyası keçirmişdi. Həmin aclıq aksiyasından sonra, o, Tehranın Evin həbsxanasına, daha sonra isə Rəcayişəhr həbsxanasına köçürülmüşdü.

1970-ci ildə İran Azərbaycanın Ərdəbil vilayətinin Xalxal şəhərində anadan olan Lətif Həsəni Bakı Dövlət Universitetində beynəlxalq hüquq ixtisasında doktorluq dərəcəsi alıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG