Accessibility links

Güneyli siyasi məhbus Behnam Şeyxi məzuniyyətə buraxılıb


Həmid Mənafi Nadarlı və Behnam Şeyxi
Həmid Mənafi Nadarlı və Behnam Şeyxi

İranın Tehran şəhərindəki Evin həbsxanasında saxlanılan güneyli siyasi məhbus Behnam Şeyxi məzuniyyətə buraxılıb.

İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin məlumatına görə, fevral ayının 16-da Güneyli siyasi məhbus Behnam Şeyxi Tehranın Baharistan məhkəmə icraatı tərəfindən girov qarşılığında 3 günlük məzuniyyətə buraxılıb.

Behnam Şeyxi, Əlirza Fərşi və Həmid Mənafi Nadarlı ilə eyni gündə iyul ayının 21-də Tehrandakı iş yerində təhlükəsizlik qüvvələri tərəfindən tutulub və iki illik həbs cəzasının tətbiq edilməsi məqsədilə Tehranın Evin həbsxanasına köçürülüb.

Siyasi fəal Behnam Şeyxi bir neçə digər milli fəal ilə birlikdə 2014-cü ilin Fevral ayında Beynəlxalq Ana Dili Gününü qeyd etmək məqsədilə qurulan bir mərasimdə iştirak etdikləri üçün Tehranın Nəsimşəhr şəhərində həbs edilib və bir müddət nəzarət altına alındıqdan sonra məhkəmənin son qərarına qədər müvəqqəti olaraq girov müqabilində sərbəst buraxılmışdılar.

Şeyxi 2016-cı ildə Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən "ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qeyri qanuni qrup formalaşmasında iştirak etmək" ittihamı ilə 10 il həbs cəzası və Xuzistan əyalətinə iki il sürgün cəzasına məhkum edilib. Bu cəza Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsi tərəfindən 2 il həbs və 2 il sürgünə endirilib.

Əlirza Fərşi, Həmid Mənafi Nadarlı, Tohid Əmir Əmini ilə Kiyanuş Əslani Beynəlxalq Ana Dili Gününü qeyd etmək üçün İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən tutulub və bu ölkənin məhkəmələri tərəfindən günahlandırılaraq həbsxanalarda sıxlanılan güneyli siyasi fəallardır.

XS
SM
MD
LG